“Böyük İpək Yolu Çindən başlayaraq Azərbycandan keçir, Zəngəzur dəhlizi də bura daxildir. Başqa sözlə, Çinin də burada maraqları var. Hər halda Çinin Azərbaycana dost ölkə olması bizim maraqlarımıza daha uyğundur, nəinki dost olmaması. Bu mənada Azərbaycan və Çin dövlət başçılarının telefon müzakirələri təqdirəlayiq haldır və hər iki ölkənin maraqlarına uyğundur”.
Bu sözləri Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
Onun sözlərinə görə, məhz bu iqtisadi yol proyektinə görə, Pekin Azərbaycanla yüksək səviyyədə əlaqələr qurmaqda maraqlıdır:
“Üstəlik dəhliz kommunikasiyasının işə düşməsindən yanadır. Hesab edirəm ki, Azərbaycan və Çin liderlərinin telefon danışığında bu məsələdə müzakirə edilib. Çinin Azərbaycandan keçən kommunikasiyalarda qeyri-adi dərəcədə marağı var”.
Sərdar Cəlaloğlu hesab edir ki, Azərbaycan hökuməti bu amildən istifadə etməlidir:
“Dünyanın bütün ölkələri ilə əlaqə yaratmaq Azərbaycan dövlətinin və xalqının maraqlarına uyğundur. Nə qədər çox dostumuz olsa yaxşıdır. Bu prinsipi əsas götürməli, çalışmalıyıq ki, dostlarımızın və bizimlə əməkdaşlıq edən ölkələrin sayı çox olsun. Təbii ki, bu zaman da dövlət və iqtisadi maraqları siyasi maraqlarla əlaqələndirmək lazımdır. Məncə, biz bunu ciddi şəkildə əlaqələndirməliyik. Başqa sözlə, öz iqtisadi maraqlarımızı siyasi maraqlarla əlaqələndirməliyik. Belə böyük iqtisadi layihələr zamanı bunu etmək mümkündür”.