“Bu gün əlimizdə dörd İncil var: Matta, Mark, Luka və Yəhya. Əslində, bunların sayı çoxdur, amma bu dörd İncil əsas götürülür. Bu gün bir keşişə yaxınlaşıb desən ki, mənə oxumağa İncil ver. O səndən soruşacaq ki, hansını? Adamda sual yaranır ki, necə olur, Allah bir olsun, amma dörd kitab göndərsin? Bu onu göstərir ki, din İsadan sonra təhrif olundu. Bunun da tarixi var. Tövratı və İncili yandırdılar. Amma Quran haqda “hansı” sözü yoxdur”.
İlahiyyatçı Rövşən Xəlilovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Niyə o dövrdə Azərbaycan ərazilərində yaşayan xalqlara İslamı daha asan qəbul etdirdilər, bunun səbəbi nə idi? Bölgədə yaşayan digər xristian xalqlar isə buna yaxın durmadılar.
- Məhəmməd peyğəmbər vəfat etdikdən sonra – xəliflər dövründə fəthlər başladı. Bu işğal deyildi. İşğalla fəth arasında fərq var. İşğalçılar heç bir şərt qoymadan zəbt edirdilər. Ərəblər isə əvvəlcə təkallahlı dinə dəvət edirdilər, qəbul olunmayanda da fəthlər başlayırdı. Məsələn, bu zaman göstəriş verirdilər ki, uşaqlar, qocalar öldürülməsin, əkin sahələri yandırılmasın və s.
O dövrdə sərkərdə Hüzeybənin başçılığı ilə Azərbaycana qoşun gəldi. Həmin şəraitdən danışarkən belə bir deyim işlənir: “qılıncdan dönmə müsəlman”. Düşünürlər ki, qılıncın altından keçməyənlərin hamısını “La ilahə illallah” deyib öldürüblər. Əslində bu, yanlış fikirdir. Tarixçilər də bildirirlər ki, ərəblərin Azərbaycana gəldiyi dövrdə təxminən 30-40-a yaxın vergi növü vardı. Əhali əvvəlcə müqavimət göstərdi, yeni dini qəbul etmək istəmədi. Amma şərtləri biləndən sonra təslim oldular, İslamı qəbul etdilər. Çünki ərəblərdə iki vergi növü vardı: cizyə və xərac. Buna görə də, əhalidə kütləvi şəkildə İslamı qəbul etməyə meyl yarandı.
Bütün bölgənin islamlaşmamasının səbəbinə gəldikdə, həmin dövrdə Azərbaycan ərazilərində yaşayan əhali kitab əhli deyildi, insanlar zərdüştlüyə etiqad etmişdilər. Ərəblər buna görə, yeni dini qəbul etdirə bildilər. Azərbaycanda, eləcə də bundan kənarda yaşayan kitab əhli olan xalqlar vardı, onlara müqavimət olmadı. Məsələn, gürcülər kitab əhli idi, buna görə onlara müqavimət göstərilmədi.
Burada bir məsələ də var ki, ərəblər dağlıq ərazilərdə çox da mübarizə aparmırdılar. Daha çox düzənliyə üz tutmuşdular. Dağlıq ərazilərdə mübarizə aparmaq çox çətin idi, dəfələrlə müqavimət göstərmişdilər, amma baş tutmamışdı. Həm də həmin ərazilərdə yaşayanlar kitab əhli olduqları üçün toxunmadılar.
- Niyə dinlər yer üzünə sülh gətirmədi? Halbuki bu dinləri yaymağa çalışanda sülhü əllərində bayraq etmişdilər.
- Allah da deyir ki, insanı xəlq eləyəndə məlkələrə ərz etdik ki, biz yer üzünün xəlifəsini yaratdıq. Məlkələr onda Allaha dedilər ki, siz qan, fəsad törədən insanmı yaradırsınız? Buradan çox sual yaranır. Məsələn, mələklər haradan bilirdilər ki, insan qan, fəsad törədəcək? Çünki Allah insanı yaradandı onda nəfsin olacağını demişdi. Əgər nəfs varsa, orada qan, mübarizə, ehtiras, şəhvət var. Bunlar insan fitrətində, təbiətində olan şeylərdir. Mərhəmət isə dinin əsasını təşkil edir. Peyğəmbərin bir hədisində deyilir: yerdəkilərə rəhm edin ki, göydəkilər də sizə rəhm etsin.
“Salam” sözü, “sülh və “əmin-amanlıq” deməkdir. Ən böyük nemətlərdən biri insanların bir-biri ilə salamlaşmasıdır. Bu, “məndən sənə zərər gəlməz” deməkdir. Yəni din sülhün tərəfdarıdır. Mən İslam dinindən danışıram. Deyirlər ki, terrorçunun dini olmaz. Təbii ki, bu kimi qırğınlar, müharibələr hakimiyyət uğrunda mübarizədir. Bu müharibələrdə də məqsədə çatmaq üçün dindən vasitə kimi istifadə ediblər. Böyük imperiyalar həmişə bu vasitəyə əl atıblar.
Cəvahirləl Nehru “Ümumdünya tarixinə nəzər” adlı kitabında dünya tarixini 1917-ci il Bolşevik İnqilabına qədər olan dövrünü şərh edir. Həmin kitabda Məhəmməd peyğəmbərin həyatı və İslamın meydana gəlməsi ilə bağlı fikirləri də yer alıb. Nehru kitabında yazır ki, Məhəmmədin peyğəmbər olmasını sübut edən faktlardan biri də bu idi ki, o, başına tac qoymadı, taxta çıxmadı. Halbuki 630-cu ildə Məkkənin fəthindən sonra teokratik ərəb dövləti yaranırdı, bu dövlətin artıq öz nizami qoşunu da vardı. Yəni o, başına tac qoyub taxta əyləşsəydi, məqsədi dindən istifadə edərək hakimiyyətə gəlmək olacaqdı.
Məhəmməd peyğəmbər əvvəldən vəfat edənədək sadə həyat tərzi yaşadı. Nehru yazır ki, peyğəmbər elə bir nizami ordu qurmuşdu ki, ərəblər ondan sonra yüz il məğlub olmadılar. Bu dövr 632-ci ildən 732-ci ilədək – Puatye döyüşünə qədər olan dönəmi əhatə edir. O, tək-tənha bir insan idi, yəni belə bir güclü ordunu təkbaşına yaratmaq mümkün deyildi. Əlbəttə o, Allahın himayəsinə sığınmışdı, əsas gücünü də oradan almışdı.
Bir sözlə, din sülhün tərəfdarıdır. “Maidə” surəsində deyir ki, bir insanı öldürmək, bütün bəşəriyyəti öldürmək kimidir. Yenə həmin surədə deyilir ki, bir insanı xilas etmək, bütün insanlığı xilas etməkdir.
- İslam alimləri iddia edirlər ki, Allahın yanında qəbul olunan din İslamdır. Səhv etmirəmsə, Quranda da bu məsələ var. Məsələn, bu gün biri yəhudi, biri xristian, biri buddist, biri də digər dinin mənsubu kimi doğulur. Bəs onlar necə olacaq?
- Məsələyə Quranla yanaşsaq, insan fitrətən müsəlman kimi doğulur. Əqidələr sonradan cəmiyyət və ya ənənələr vasitəsilə qazanılır. İslam iki hissəyə bölünür: coğrafi və etiqad. Məsələn, coğrafi baxımdan Çində doğulsaydıq, başqa bir dinə etiqad edəcəkdik. Amma Quranda deyilir ki, biz peyğəmbərləri göndərdik, bütün insanlara bu çağırış çatdırıldı. Yəni qəbul etməli idilər. Deyir ki, əgər qəbul etmirlərsə, biz onların ibadətlərini qəbul etmərik. Qurana baxsaq, sonuncu din İslam idi və qəbul olunmalıydı. Allahın göndərdiyi dinə “xristianlıq”, “iudaizm” və digər adları biz qoymuşuq, yəni insanlar.
Məsələn, yəhudilər deyirlər ki, Musa peyğəmbərin missiyası bəni-israil tayfasını fironun zülmündən qurtarmaq idi. Yaxud İsa peyğəmbər gələndə bütün Yaxın Şərq Romanın zülmü altındaydı. Pompeyin yürüşləri davam edirdi, insanlara zülm verilirdi. Yəhudi xalqı bir səltənət arzusundaydı. Onlar Davud və Süleymanın dövründə bu səltənətin ən yüksək səviyyəsinə qalxmışdılar, indi də belə bir hökmdar arzulayırdılar. Onlar İsa peyğəmbəri dinləyirdilər, amma o, heç bir vəd vermirdi, göylərin səltənətindən danışırdı.
Yəhudilər dedilər ki, biz yer səltənətini istəyirik, o, bizə ilahi səltənətdən bəhs edir. Ona üstündə Roma imperatorunun şəkli olan sikkəni göstərib dedilər ki, ya İsa, romalılar bizdən vergi istəyirlər, biz vergi verək, yoxsa ilahi hökmləri yerinə yetirək? İsa desəydi ki, vergi verməyin, bu dövlətə qarşı çıxmaq demək olacaqdı. Amma İsa onlardan sikkənin üstündəkinin kimin şəkli olduğunu soruşanda, ona “Sezarın” cavabını verdilər. İsa onlara dedi ki, Sezarınkını Sezara, Allahınkını da Allaha verin. Yəni əkdiklərinizin zəkatını Allaha verin, pulu da ona.
Bu gün əlimizdə dörd İncil var: Matta, Mark, Luka və Yəhya. Əslində, bunların sayı çoxdur, amma bu dörd İncil əsas götürülür. Bu gün bir keşişə yaxınlaşıb desən ki, mənə oxumağa İncil ver. O səndən soruşacaq ki, hansını? Adamda sual yaranır ki, necə olur, Allah bir olsun, amma dörd kitab göndərsin? Bu onu göstərir ki, din İsadan sonra təhrif olundu. Bunun da tarixi var. Tövratı və İncili yandırdılar. Amma Quran haqda “hansı” sözü yoxdur.
- Bəs Allah Tövrat və İncili niyə Quran kimi qorumadı?
- Allah Quranın “Bəqərə” surəsinin 207-ci ayəsində buyurur ki, biz bir hökmü ləğv etsək, yaxud onu unutdursaq, onun kimisinə və ondan qüvvətlisini gətirəcəyik. Quranın bir adı da var: “Ümmül-kitab”, yəni “Kitabların anası”. Tövrat və İncilin əsas qanunları vardı. Tövratda 10 maddə vardı: öldürmə, oğurluq etmə, zina etmə və s. Musa peyğəmbərin dediklərinin hamısı onun öz dilindən Quranda öz əksini tapır.
İsa peyğəmbərin gətirdiyi şəriətdə hökmlər çox az idi. Yəni bizim qədər halal və haramın meyarlarından danışılmırdı. Quranda isə İsadan da, Musadan da, İbrahimdən də danışılır. Yəni Quran peyğəmbərlərin gətirdiyi dəyərlərin hamısını özündə cəmləşdirir. Ona görə, biz ona “Ümmül- kitab” deyirik.
- Heç İslam da öz daxilindən sabit din kimi görünmür, onlarla məzhəb və təriqətə bölünüb. İndi bunlardan hansı İslamın əsas prinsiplərini özündə əks etdirir?
- Əgər Allah istəsəydi, bizi bir əqidədə, bir etiqadda yarada bilərdi. Bəzi təriqətlərin meydana gəlməsinin səbəbi tarixi inkişafla bağlıdır. Dində ictihad məsələsi var, yəni fikir müxtəlifiyi. Zaman keçdikcə təriqətlər arasında bəzi məsələlərdə fikir ayrılıqları yaranıb, amma təməl prinsiplərdə o qədər də ziddiyyətlər yoxdur. Məsələn, bütün məzhəb və təriqətlər Quranın təhrif olunmasını rədd edir, hamısı Kəbənin müqəddəsliyini və onu ziyarəti, yaxud ibadətin beş vaxt olmasını qəbul edirlər. Məsələ bəzi ayin və ya ritualların icrasında yaranmış fikir ayrılıqları ilə bağlıdır. Müzakirə budur: savab daha çox hansı əməldə var? Məsələn, sünnilər deyirlər ki, namazı əli bağlı qılmaq daha savabdır. Şiələr isə əli açıq qılmağın daha savab olduğunu deyirlər. Bu kimi məsələrə baxışda fikir ayrılıqları var. Məzhəblərin hansının daha savab olmasını imam Cəfər Sadiqdən soruşurlar. Deyir ki, hansı Qurana, peyğəmbərin sünnəsinə uyğundursa, o haqdır.
Bu gün məzhəblər nə qədər çox olsa da, beşi daha geniş yayılıb: şafi, hənəfi, maliki, hənbəli və cəfəri. Amma bir məsələni də qeyd edək ki, məzhəb və təriqət arasında fərq var. Məsələn, şiə təriqətdir, cəfəri məzhəbdir, sünni təriqətdir, amma şafi, hənbəli, maliki və hənbəli isə məzhəbdir. Təriqət geniş anlamdır, mənası “yol” deməkdir. Təriqətdə fələsfi, tarixi, ibadi və etiqadi kimi məsələlər cəmləşir. Məzhəbdə isə yalnız ibadət məsələsi var.
Sünni və şiə təriqətlərində fələsfi, tarixi və ibadi kimi məsələlərdə müəyyən fərqlər var. Məzhəb isə ibadət məsələsidir. Bu baxımdan, şafi, hənəfi və maliki həm də hüquqi məktəbdir – İslam hüququdur. Cəza və ya şəriət hökmlərin hansı formada tətbiqi kimi məsələlər məzhəblərdə cəmləşir, təriqətdə yoxdur.
- Deyirsiniz ki, Allah istəsəydi, insanları eyni inancda yaradardı. Amma məsələ budur ki, yaratmadı. Bunun əksini edə bilirdisə, niyə insanları ayrı-ayrı inanclarda yaradıb üz-üzə qoydu?
- Yaradılış baxımından bir ali varlıqlar var, onlar mələklərdir. Mələklərdə ağıl var, nəfs yoxdur. Yəni seçim ixtiyarları mövcud deyil, belə desək, icraçı məmurlardır, yalnız Allahın hökmlərinə itaət edirlər və yerinə yetirirlər.
Bir də aşağı qatda olan varlıqlar var, bunlar heyvanatdır, onlarda nəfs var, amma ağıl yoxdur. İnsanda isə həm ağıl, həm də nəfs var, fəsad da bundadır. İslam etiqadına görə, ağıl nəfsə qalib gəlirsə, məlkələrdən üstündür. Bu, Quranın ayələrində əksini tapıb. Məlkələrdə də isə insanda olan xüsusiyyətlər yoxdur.
- Şeytan da mələk idi. Bəs ona nəfs haradan gəldi?
- Quranın təməl ayələrinə baxsaq görərik ki, Şeytan mələk deyildi. Amma Şeytan da mələklər arasındaydı, o, ibadi məsələlərdə önə çıxmışdı. Yəni o qədər ibadət etmişdi ki, mələklərin sırasında ucalmışdı. Hətta insanın özü də ora ucala bilər. Məsələn, meraca ucalan Məhəmməd peyğəmbər var.
Allah buyurdu ki, səcdə edin, amma İblis təkəbbür edənlərdən oldu. Allah ondan soruşdu ki, sənə səcdə etməyə nə mane oldu? Şeytan dedi ki, onu (insanı) torpaqdan, məni isə oddan yaratmısan. Mələklər də oddan yaranmayıb. Quranın ayəsi var: "Biz cinləri tüstülənən oddan yaratdıq". Deməli, İblis cin tayfasından idi. Əgər o, mələk olsaydı, Allahın əmrindən çıxa bilməzdi. Müəyyən qədər olsa da, cinlərin də insan kimi seçim etmək imkanları var. Onlar arasında da müsəlman və kafirlər olur.
Müxtəlifliyə gəldikdə, Allah insana ağıl verib, o, bununla doğru yolu axtarıb tapa bilər. Allah həm də bu ağıla hidayət vermək üçün peyğəmbərlər və kitab göndərdi, yollarını da göstərdi, seçim insanın öz ixtiyarındadır.
- Bəzən din adamları deyirlər ki, Allahın heç nəyə ehtiyacı yoxdur. Əgər ehtiyacı yox idisə, niyə bizi yaratdı?
- Bəzi suallar var ki, bunların axtarışı bizi sonsuzluğa aparır. Məsələn, soruşa bilərik ki, hər şey hərəkətdədirsə, ilk təkan verən kim olub? Nyuton qanununa görə, cismə heç bir qüvvə təsir etmədikdə, düzxətli, bərabərsürətli sükunət halını saxlayır. Yəni bir təsir olmalıdır ki, sükunətdən hərəkətə və ya hərəkətdən sükunətə keçsin. Bu gün bütün fiziklərin qabağında bir “Qara ləkə” var. Bəs onda ilk təkan verən qüvvə kim olub? Heç kim ora gedib çıxa bilmir.
Peyğəmbər bir hədisində deyir: şeytan insan qəlbinə sala bilər ki, hər bir şeyi Allah yaratdı, heç nə öz-özünə yarana bilməz, bəs heç nə öz-özünə yaranmamışdısa, bəs Allah necə öz-özünə yarandı? İnsanın dar düşüncəsi ora çata bilmir. O zaman deyir ki, Şeytanın şərindən Allaha sığın. Bir hədisdə də belə deyilir, Allahın zatı, mahiyyəti barədə düşünməyin, onun yaratdıqları və nemət barədə düşünün. Çünki onun kəmiyyət və keyfiyyəti insan idrakının xaricindədir. Siz deyən kimi olsaydı, onda biz gərək əvvəlcə Allahın özünü dərk edək, ondan sonra onun nə üçün yaratdığını tapa bilək.
Hədislərdən birində də deyilir ki, mən bir gizli xəzinə idim, özümü aşkara çıxarmaq üçün insanı yaratdım. Yəni insanı ayrı formada yaratmayıb, deyir ki, mən ona öz ruhumdan üfürdüm. Yəni insanın müqəddəsliyi bundadır ki, onda Allahın ruhu var.
- Bəs hər kəsdə Allahın ruhu varsa, o zaman İslam niyə kişilərə və qadınlara eyni münasibət göstərmir? Məsələn, İslama görə, bir kişi dörd qadınla evlənə bilər. Bunun bir izahı varmı?
- İslamdan əvvəlki dönəmdə də qadına münasibət birmənalı deyildi, ona kölə, söz hüququ olmayan varlıq kimi baxılırdı. Allah Quranda buyurur ki, onun qatında fərq və üstünlük yalnız təqvasına görədir. Təqva, yəni imanına görədir, cinsinə görə deyil. İbadət məsələsində də qadın və kişi arasında fərq yoxdur. Quranın hökmlərinin əmretmə formalarında kişi və qadınlar üçün ayrı müraciət şəkilləri yoxdur. O hökmlərdə insanlara müraciət olunur. Quranda deyilir ki, biz kişiləri və qadınları yaratdıq, amma sizi fəzilət baxımından bəzilərindən üstün etdim. Fəzilət, yəni güc baxımından.
Məsələn, Allah qadınlara mərhəmət hissini daha çox verdi. Allah ailənin qorunması üçün qadınları daha güclü hislərlə yaratdı. Qadın ailəyə daha çox bağlıdır. Yəni hislər və ya duyğular baxımından fərqlər oldu. Əgər həmin hislər kişilərə verilsəydi, onlar evlərindən, uşaqlarının yanından ayrılmazdı. Kişi də fiziki cəhətdən daha çox güc tələb edən işləri görməlidir.
Yaradılış nöqteyi-nəzərindən kişi və qadın arasında da fərqlər var. Qadında varlıq haqda düşüncə daha güclüdür. Görürsünüz ki, qadında madiyyata meyllilik daha çoxdur. Kişidə isə idrak daha öndədir. Məsələn, qadın çətinliyə düşəndə çıxış yolu axtara bilmir, kişidə isə bu durumda çıxış yolu axtarmaq cəhdi çox olur.
Məsələn, riyaziyyatçılar arasında qadınlar sayı çox azdır. Fələsəfədə də bu belədir. Qadınlar incəsənət, yaradıcılığın digər sahələrində daha çox uğur qazanırlar. Bu da hislərlə bağlıdır. İslam isə vərəsəlik bölgüsündə onlara pay verdi, yaxud evlənmək məsələsində qadının rəyi nəzərə alındı. Boşanmaq məsələsində hüququ tanındı.
İndi gender bərabərliyi məsələsi gündəmdədir, qadına da, kişiyə də eyni hüquqlar verilməlidir. Qadınlar uşaq dünyaya gətirirlər. Durub kimsə deyə bilməz ki, kişilər də uşaq dünyaya gətirsinlər, bu, absurddur. Uşaq dünyaya gəlirsə, qadın işdən ayrılmağa, evə bağlı olmağa məcbur olur.
Qadınlar təbiətən belə yaradılıblar, bunu dəyişdirmək mümkün deyil. Amma cəmiyyətdəki hüquqlar baxımından bərabərlik olmalıdır. Din evlənmək, boşanmaq, səs vermək və s. kimi hüquqların ziddinə deyil.