“İranda prezident seçkisində mühafizəkar namizəd İbrahim Rəisi qələbə çaldı. Əslində İranın siyasi palitrasında mühafizəkar və islahatçı bölgüsü nisbi xarakter daşıyır, dünənin mühafizəkarı islahatçı, islahatçı isə mühafizəkara çevrilə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Həsən Ruhani islahatçı idi, 8 ildə İranda nəyi islah edə bildi ki? Bir də İran Konstitusiyasına görə prezidentin başı üzərində ali dini rəhbəri var, İslam Keşikçiləri Korpusu isə dövlət içinidə dövlətdir, kimsə bu strukturdan nəsə tələb edə bilmir”, - ekspert bildirib.
Elxan Şahinoğlu yeni prezidentin dönəmində İran-Azərbaycan əlaqələrinə də diqqət çəkib:
“İbrahim Rəisinin xarici siyasəti və Azərbaycana yanaşması necə olacaq? Bizim üçün əsas sual budur. Bu məsələdə də söz sahibi başqalarıdır, prezident və xarici işlər naziri ali dini lider və İslam Keşikçiləri Korpusunun cızdığı xəttə sadiq qalmalıdırlar. Misal üçün Azərbaycanla sərhəddə - dağın ətəyində Xomeyninin böyük portretini yerləşdirmək nə bu ölkənin prezidenti, nə də xarici işlər nazirinin ağlına gələrdi, bunun müəllifi onların üzərindəki üst qurumlardır. Azərbaycanla münasibətlərə də həmişəki kimi həmin üst qurumlar yön verəcək”.