8 İyul 2021 09:05
1 454
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndi Əfqanıstanda vəziyyət olduqca gərgindir. ABŞ ordusu Əfqanıstandan çıxıb. Bunun ardınca Taliban hərəkatı Əfqanıstan rəsmi strukturlarının olduğu ərazilərə hücum edərək regionları sürətlə nəzarətinə keçirib. Təkcə Tacikistana 1600-dan çox Əfqanıstan ordusunun nümayəndəsi keçib.

Bunu Teleqraf.com-a professor Əli Abbasov deyib.

Onun sözlərinə görə, əslində Tacikistana keçən Əfqanıstan ordusunun üzvlərinin sayı daha çoxdur:

“Mən belə başa düşürəm ki, Əfqanıstan ordusu Talibanın qarşısından qaçır. Türkiyə ölkədə fəaliyyət göstərən konsulluqdakı diplomatlarını çıxarıb. Digər tərəfdən də deyirlər ki, Kabildə hava limanını Türk ordusu qoruyacaq. Hələlik proseslərin hansı istiqamətdə getdiyi bəlli deyil. Aydın olan budur ki, Taliban sürətlə Əfqanıstanı nəzarəti altına götürür. İşin ən pis tərəfi odur ki, Taliban heç kimlə danışmaq istəmir. Vəziyyət həqiqətən də ağırdır”.

Əli Abbasov bildirir ki, Əfqanıstanın hüquq-mühafizə və güc strukturları Talibanın qarşısında duruş gətirmək imkanında deyil:

“Əgər iki minə yaxın hərbçi silahını ataraq Tacikistan sərhədlərinə keçibsə, hansı ordudan danışmaq olar? Normal olaraq bu ordu mərkəzdə cəmləşməli və müqavimət təşkil etmək haqqında düşünməlidir. Lakin görünən budur ki, ordu qaçır, Taliban irəliləyir. Bunun sonu yaxşı deyil”.

Müsahibimiz qeyd edib ki, indi ABŞ Tacikistan və Özbəkistanda baza qurmaq istəyir. Bu bazada olmaqla Əfqanıstanla bağlı hansısa əməliyyatları həyata keçirə biləcək. Amma bu inandırıcı deyil. Vaxtilə SSRİ qaçan kimi onlar da qaçacaq. Həm də ən pisi odur ki, gedənlər dağıdıb gedirlər. İngiltərə, Rusiya, Amerika kimi dövlətlər burada qayda-qanun yaratmaq istəyirlər, ancaq alınmır. Sonuncu NATO əsgəri Əfqanıstanı tərk edən kimi məlum olacaq ki, durum daha pisdir”.


Müəllif: Nemət Orucov

Oxşar xəbərlər