Teleqraf.com Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadənin “Xalq qəzeti”nə verdiyi müsahibəsini təqdim edir:
– Çingiz müəllim, ötən ay imzalanmış Şuşa Bəyannaməsi bölgədə sülhün təminatçısı və regionun yeni geosiyasi reallığını rəsmiləşdirən sənəd kimi dəyərləndirilir. Bəyannaməni iki ölkə arasında müttəfiqliyin geostrateji əhəmiyyətinin artması baxımından necə dəyərləndirirsiniz?
– Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış bəyannamə tarixi hadisədir. Bu sənəd ölkələrimiz arasında siyasi, iqtisadi, ideoloji, humanitar sahələrdə davamlı inkişafı təmin edir. Həmçinin sənəddə iki ölkə arasında müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmləri öz əksini tapıb. Dövlətlərarası münasibətlərin ən yüksək forması müttəfiqlik haqqında Bəyannamədir. Məsələ beynəlxalq hüquqla tənzimlənib. İndiyədək dövlətlərarası qarşılıqlı yardım və əməkdaşlıq münasibətləri olsa da, müttəfiqlik haqqında Bəyannamə bunlardan daha üstündür və əməkdaşlığın zirvəsini təşkil edir.
Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edərək, bu istiqamətdə iki qardaş ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar. Bəyannaməyə əsasən, tərəflər xarici siyasət sahəsində əlaqələndirməni və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələri həyata keçirirlər. Bu tarixi sənəd nüfuzlu təşkilatlar tərəfindən qarşılıqlı şəkildə dəsətəklənmişdir. Sənəddə nəzərdə tutulduğu kimi, tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək ikitərəfli əməkdaşlığı daha da dərinləşdirəcəklər.
– Şuşa Bəyannaməsinə qədər də bir sıra sənədlər imzalanmışdı...
– Mən sözümün əvvəlində xatırlatdım ki, imzalanan bütün sənədlər beynəlxalq hüququn norma və prinsiplərinə uyğunlaşdırılıb. 15 iyun Bəyannaməsi 1921- ci il oktyabrın 13- də Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə Böyük Millət Məclisi arasında imzalanmış “Qars müqaviləsi”nin, 9 fevral 1994- cü il tarixli “Azərbaycan və Türkiyə arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilənin, həmçinin “Azərbaycan və Türkiyə arasında əməkdaşlıq, qarşılıqlı yardım haqqında” Protokolun davamıdır. Bunlara 2010 – cu il 16 avqustda imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım” haqqında müqaviləni də əlavə etmək istərdim. Bu sənədlərin hamısı beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Nizamnaməsinə uyğunlaşdırıldığından yüksək səviyyədə dəstəklənmişdir. Xatırladım ki, BMT Nizamnaməsinin VI fəsli “Sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları ilə bağlı tədbirlər”dən bəhs edir. Qeyd etdiyim müqavilələrdə əsas məqsəd BMT Nizamnaməsinin həmin fəsli ilə üst- üstə düşür.
Ermənistan Xarici İşlər Nazirliyi Şuşa Bəyannaməsini təhrif etməyə cəhd göstərsə də baş tutmadı. Ermənilər özlərinin imza atdıqları Qars müqaviləsindən də daim narazılıq ediblər. Əslində, işğalçı ölkə belə yanlış açıqlamaları ilə beynəlxalq hüququn norma və prinsiplərini təhrif edirdi. Beynəlxalq hüququ, o cümlədən dövlətlərin suverenliyi , ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını kobud surətdə pozan, bir milyondan artıq soydaşımızı doğma ata-baba yurdundan didərgin salan işğalçı ölkənin dövlət rəsmləri faşizm ideologiyasına meyilli olduqlarını gizlətmədilər. Otuz il idi işğalçı siyasətdən əl çəkməyən Ermənistanın Şuşa Bəyannaməsinin bu hüquq prinsiplərinə ziddiyyət təşkil edən gülünc və absurd açıqlaması ikrah hissi ilə qarşılandı. Beynəlxalq hüququ tanımayan Ermənistan rəhbərliyi hansı insan hüquqlarının qorunmasından danışa bilər?
Azərbaycan Xarici İşlər Nazirliyinin cavabı çox da gecikmədi. Həmin açıqlamada qeyd edildiyi kimi, respublikamızın ərazilərinin işğaldan azad edilməsi ilə bölgədə yeni reallıq formalaşıb. Bu baxımdan regional əməkdaşlığın həyata keçirilməsi üçün çox əlverişli imkanlar yaranıb. Ermənistan dövləti yaranmış bu vəziyyəti yetərincə qiymətləndirib əməkdaşlıqdan faydalanaraq, infrastruktur layihələrində iştirak edə bilər. Bundan sonrakı vəziyyətin qiymətləndirilməsi Ermənistan rəhbərliyinin üzərinə düşür. Məğlub ölkə rəhbərliyinin yeganə çıxış yolu konsrtuktiv mövqe nümayiş etdirməkdən və sülh sazişi ilə razılaşmasından ibarətdir. Ermənistan işğal siyasətindən əl çəkmədiyinə görə, bütün infrastruktur layihələrdən kənarda qalıb, Türkiyə ilə sərhədləri açılmayıb. Bu da ölkə iqtisadiyyatını getdikcə iflic vəziyyətinə salıb.
Şuşa Bəyannaməsində beynəlxalq hüquqla qorunan hərbi tərəfdaşlıq da öz əksini tapıb. Belə ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılacaq və təhlükənin aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçiriləcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstəriləcək.
– Artıq Ermənistanın tanınmış ictimai- siyasi xadimləri də Dağlıq Qarabağın beynəlxalq hüquq baxımından Azərbaycana məxsus olduğunu etiraf edirlər.
– Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Prezident İlham Əliyevin apardığı xarici siyasətin prioritetini təşkil edib. Fikir verin, 44 günlük müharibə dövründə möhtərəm Prezidentimiz dünyanın 30- dan çox aparıcı kütləvi informasiya vasitələrinə müsahibə verdi. Həm münaqişənin, həm də müharibənin başlanmasının əsas günahkarının Ermənistan olduğunu faktlarla dünya ictimaiyyətinə bəyan etdi. Bununla da Prezident İlham Əliyev diplomatiya və cəbhədə olduğu kimi, informasiya sahəsində də Ermənistanı çökdürdü. Tarixi qələbəmiz isə 30 illik işğal siyasətinə son qoydu. Şuşa Bəyannaməsi ermənilərin bütün ümidlərini alt- üst etdi. Artıq Ermənistanda yerli əhali, xüsusilə tanınmış ictimai- siyasi xadimlər Dağlıq Qarabağın beynəlxalq hüquq baxımından Azərbaycana məxsus olduğunu bildirirlər. Bunu faktlar da təsdiqləyir. Məsələn, Ermənistanda yaşayan və erməni diasporunda təmsil olunan bəzi nüfuzlu şəxslər, o cümlədən sabiq Prezident Levon Ter-Petrosyan, onun sabiq xarici siyasət müşaviri Jirayr Liparidyan Dağlıq Qarabağın beynəlxalq hüquq baxımından Azərbaycana məxsus olduğunu bildirirlər. Bloger İşxan Verdyan, hüquq müdafiəçiləri Vartan Arutyunyan, Georgi Vanyan, Edqar Xaçatryan da bu faktı təsdiqləyərək, yerli əhali arasında qonşularla dinc yanaşı yaşamağın əhəmiyyətindən söhbət açırlar. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan da Azərbaycanla sülh müqaviləsinin imzalanmasına tərəfdardır. Ayrı yolları da yoxdur. Bundan sonra Ermənistanın inkişafı, regionda reallaşdırılan infrastruktur layihələrə qoşulmaları, qonşu dövlətlərlə əməkdaşlığı öz əllərindədir. Bütün bunlara dinc – yanaşı yaşamaqla və sülh sazişinə qoşulmaqla nail olmaq mümkündür.