Avropa İttifaqı Azərbaycanla münasibətlərinin hazırkı səviyyəsini, rəsmi Bakının əhəmiyyətini və ikitərəfli əlaqələrin inkişaf perspektivini düzgün qiymətləndirir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri, Bakıda səslənən bəyanatlar təsdiqlədi ki, İttifaqla ölkəmiz arasında əlaqələrin inkişafında yeni səhifə açılıb.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O qeyd edib ki, Şarl Mişel münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi barədə danışması əlaqələrin inkişafını bir daha təsdiqləyib: “O da faktdır ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqının 3-də biri, yəni 9 dövlətlə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Tərəflər arasında əməkdaşlığı dərinləşdirmək üçün yaxşı iqtisadi imkanlar mövcuddur. Qarabağ münaqişəsinin həlli isə bu imkanları daha da artırır. Azad edilmiş ərazilərin xarici sərmayədarlar üçün bir çox sahələr üzrə investisiya yatırmaq istəkləri mövcuddur. Həmin ərazilərin bərpaolunan enerji mənbələri, aqrar, turizm də daxil olmaqla cəlbediciliyi artmaqdadır”.
Deputat hesab edir ki, regionda bütün kommunikasiyaların paralel olaraq açılmasının labüdlüyünü əsaslandıran, Ermənistanın özünə də sərfəli olan Zəngəzur dəhlizinin potensialını qeyd etmək kifayətdir: “Avropa İttifaqı da bölgədə dayanıqlı sülhü və regional əməkdaşlığı möhkəmləndirmək üçün bütün səyləri dəstəkləyir. İkinci Qarabağ müharibəsindən sonra ötən il 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar yaranıb. Ən əsas məsələ isə bundan ibarətdir ki, Ermənistanın heç bir halda bu prosesə mane olmaq potensialı qalmayıb”.
Könül Nurullayevaya görə, Mişelin Bakıda keçirdiyi görüşlərdə “Dağlıq Qarabağ”, “status” və s. bu kimi ifadələr işlətməməsi, hətta Ermənistanla Azərbaycan arasında hazırda olan bəzi məsələləri “mübahisə” adlandırması diqqəti çəkdi: “Bu, onu deməyə əsas verir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni reallığı qəbul edir və regionla bağlı siyasətində bu reallığı nəzərə alır. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi “artıq sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır. Azərbaycan buna hazırdır.” Təbii ki, Avropa İttifaqının bu prosesə töhfə vermək üçün imkanları da nəzərdən keçirilməlidir. Avropa İttifaqı Ermənistanı sülh sazişi üzərində danışıqlara başlamağa məcbur etməlidir”.