“Avropa Birliyi (AB) Ermənistana 2,6 milyard avro, Azərbaycana isə 160 milyon ayırıb. Bu, əlbəttə, təsadüfi deyil. AB bir ildən çoxdur ki, bizim regionda gedən proseslərdə hansısa yer tutmağa çalışır. Burada Ermənistanın iqtisadiyyatını qaldırmaq, inkişaf etdirmək niyyəti var. Ermənistan bir dövlət kimi dağılıb gedir. Əgər kömək olmasa bu dövlət bir azdan yoxa çıxacaq. Əhalisi İrəvandan qaçır. Bununla paralel olaraq Xankəndində olan ermənilər də qaçır, yaxşı həyat üçün daha cəzbedici yerlər axtarır”.
Bu fikirləri Teleqraf.com-a professor Əli Abbasov AB-nin Cənubi Qafqazda maraqları və iştirakçılığı mövzusunda danışarkən deyib.
Professor hesab edir ki, AB Ermənistanın bir dövlət kimi məhv olmaması, yaşamasında maraqlıdır.
Onun fikrincə, burada məqsəd ilk növbədə Ermənistanın demokratik sahədə irəliyə getməsi ilə bağlıdır: "AB bunu alqışlayır. Ancaq başa düşmür ki, Ermənistanda əgər demokratiya varsa, bu ilk növbədə milli xarakter daşıyır və onun töhfəsi ola bilməz".
Professor qeyd edib ki, ikinci növbədə Avropa faktiki olaraq regionda yoxdurğ: "Heç izi-tozu da görünmür. Fransa özündən çıxdı, çalışdı ki, prosesdə iştirak etsin. Hətta bir ara hərbçilərini bura gətirmək barədə düşündü. AB də burada təmsil olunmaq istəyir. Amma fakt budur ki, onları Minsk Qrupu fonunda az qala regiondan qovublar. Qayıtmaq haqqında düşünürlər. Amma bu işdə ABŞ onlara köməklik etmir. Çünki Amerikanın öz problemləri var. Elə Rusiyanın da öz məsələləri var - Əfqanıstan. Avropa Birliyi isə düşünür ki, Əfqanıstanı tərk edir, heç olmasa bizim regionda mövqeləri güclü olsun. Həm də Avropa düşünür ki, əgər Zəngəzur dəhlizi açılsa, bu, elə onların qısa yollarından biri olacaq. Odur ki, çalışırlar ki, burada olsunlar. AB-nin bura gəlmək məsələsi həm də Rusiya və Çinin planlarına qarşıdır”.