Vətən müharibəsinin nəticələri Ermənistanda çox ciddi proseslərin əsasını qoyub. Heç də təsadüfi deyil ki, bu gün Ermənistan siyasi analitikləri cənab Prezident İlham Əliyevi bu ölkənin daxili siyasətini müəyyənləşdirən bir faktor kimi qiymətləndirirlər. Amma nə Azərbaycanın, nə də cənab Prezidentin Ermənistanın daxili işləri ilə bağlı heç bir hədəfi yoxdur. Ancaq dövlət başçısının apardığı siyasət Ermənistanın iddialı və aqressiv siyasətinin qarşısını alır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, Ermənistan toplumu həmişə digər xalqların torpağına iddia edib: “Ermənilər hər zaman digər xalqların tarixini, mədəniyyətini mənimsəməyə cəhd edib və beynəlxalq hüququ əhəmiyyətli saymayıb. Tarixi Azərbaycan torpaqlarında süni sürətdə Ermənistan dövlətinin yaradılması sonradan isə ona SSRİ rəhbərliyi tərəfindən ciddi dəstək verilməsi bu ölkədə cəzasızlıq əhval-ruhiyyəsi yaratdı. I Qarabağ müharibəsi də bundan irəli gələn məsələlərdən idi. Amma real həyat Ermənistanın üzərinə sanki bir soyuq su tökmüş oldu”.
Millət vəkilinə görə, Ermənistan başa düşməlidir ki, o öz ərazisi daxilində yaşamalıdır: “Ermənistan qonşu dövlətlərlə mehriban qonşuluq siyasəti yürütməlidir. O, bu regionda öz gücünə layiq bir rol oynamalıdır. Bu isə Ermənistanda heç də asanlıqla dərk edilmir. Proses isə nəticədə Ermənistan daxilində çox ciddi problemlərə gətirib çıxarır. Bunun nəticəsidir ki, Ermənistan Azərbaycanın təklif etdiyi çox sərfəli sülh müqaviləsindən imtina edir. Bu ölkə Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Vaxtaşırı sərhədlərdə hərbi təxribatlar törədir. Ancaq bir məsələ var ki, bütün bunların hamısına Azərbaycanın layiqli cavabı var”.
Aydın Mirzəzadə hesab edir ki, Ermənistan heç də belə oyunları Azərbaycanla uzun müddət oynaya bilməyəcək: “Bu ölkə hər bir təxribatçı addımına görə də layiqli cavabını alır. Azərbaycanın sülh müqaviləsi təklifinə nə qədər gec cavab veriləcəksə, Ermənistan tərəfi daha çox itirəcək. Bunun nəticəsində bu ölkə bir çox problemlərlə üzləşəcək. Çünki Azərbaycan öz sərhədlərinə çıxıb və öz sərhədləri daxilində bərpa-quruculuq işləri ilə məşğuldur. Azərbaycanın işğaldan azad edilən torpaqlarda qurduğu infrastruktur, yaşayış məntəqələrinin “ağıllı kənd” modelinə salınması, dünya birliyinə ölkəmizlə bağlı həqiqətlərin uğurla çatdırılması Ermənistan daxilində qıcıqla qarşılanır. Ona görə də Ermənistan bütün bunlardan nəticə çıxarmalıdır. Əks təqdirdə bu ölkə daha ağır günə düşəcək. Çünki Azərbaycanın qarşı tərəfə verdiyi təkliflər hesab edirəm ki, çox yaxşı təkliflərdir. Bu təkliflər həmçinin Ermənistanın da maraqlarına cavab verir. Hər halda həyat nəyin necə olacağını göstərəcək. Ermənistan özü özünü saldığı bu ağır vəziyyətdən çıxış yolunu axtarmaq məcburiyyətində qalacaq”.