Üç dost, qardaş dövlət Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Mustafa Şentop, Sahibə Qafarova, Əsəd Qayseri arasında Bakıda birinci üçtərəfli görüşün keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu toplantının yekun sənədi olaraq Bakı Bəyannaməsinin imzalanması tarixi strateji mahiyyət kəsb edir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, bu üç ölkə arasındakı tərəfdaşlığımızın tarixi kökləri mövcuddur: “Azərbaycan ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra əlaqələr daha da möhkəmləndi. Bu gün dünyada qardaş Türkiyə ilə Azərbaycan münasibətləri səviyyəsində olan ikinci bir dostluq, qardaşlıq nümunəsinə rast gəlmək mümkün deyil. Bu iki qardaş ölkə bütün sferalarda bir-birinin maraqlarını açıq şəkildə müdafiə edir. İstər beynəlxalq təşkilatlarda, istərsə də regional məsələlərdə iki qardaş ölkənin sərgilədiyi mövqe eyni strategiyaya əsaslanır. Sözsüz ki, bu iki dövləti tarixi ənənələr, milli dəyərlər daha da yaxınlaşdırır. Pakistanla Azərbaycan arasında da dostluq, qardaşlıq münasibətləri mövcuddur. Pakistan məhz Ermənistanın işğalçılıq mövqeyinə görə, bu ölkəni dövlət kimi belə qəbul etmir. Bu isə Azərbaycana, xalqımıza olan münasibətin ən bariz nümunəsidir. Torpaqlarımızın işğal altında olduğu otuz il ərzində Pakistan eynilə Türkiyə kimi açıq mövqe sərgilədi, konkret bəyanatlar verdi”.
Deputat bildirib ki, II Qarabağ müharibəsi dövründə də qardaş dövlətlər Azərbaycanın haqlı mübarizəsinə birmənalı dəstək nümayiş etdirdi: “Məhz bu günlərdə üç qardaş ölkənin parlament sədrləri tərəfindən imzalanan Bakı bəyannaməsi də birgə əməkdaşlığa, qarşıda duran hədəflərə çatmaq üçün mühüm bir strateji yol xəritəsidir”.
Məlahət İbrahimqızı söyləyib ki, “Bakı Bəyannaməsində strateji müttəfiqliyimiz, dostluğumuz öz əksini tapıb: “Eyni zamanda Bakı bəyannaməsi gələcək əməkdaşlığımızın yol xəritəsi olacaq. Bu Bəyannamə dostluğumuzun, qardaşlığımızın sarsılmaz və davamlı olmasında mühüm istinad nöqtəsi olacaq. Bu baxımdan Bakı Bəyannaməsi iki ölkə lideri tərəfindən imzalanan Şuşa Bəyannaməsi qədər strateji əhəmiyyətə malikdir”.