Cənab Prezidentin yeni iqtisadi rayonlarının yaradılması ilə bağlı imzaladığı sərəncam tarixi, siyasi və iqtisadi əhəmiyyətə malikdir. Yeni iqtisadi rayonların yaradılması birinci növbədə 44 günlük Vətən müharibəsində yaratdığımız yeni reallığa uyğundur. Çünki Azərbaycan öz torpaqlarını işğaldan azad edib və bu ərazilərin adlandırılması separatçı meyllərdən uzaq olmalı, özündə tarixi əsaslandırmanı əks etdirməli idi.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, məhz sərəncamla yaradılan Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları leksikonumuza rəsmi şəkildə Zəngəzurun adının qayıtmasına, o cümlədən Dağlıq Qarabağ ifadəsinin birdəfəlik tarixin arxivinə göndərilməsinə imkan yaradıb: “Şərqi Zəngəzur iqtisadi rayonu bir termin kimi gündəmə gəlməklə həm də Qərbi Zəngəzur məfhumunu özündə ehtiva edir. Bu da Ermənistana yeni bir mesajdır. Çünki Zəngəzur ərazisi Azərbaycanın tarixi torpaqlarıdır. Şərqi Zəngəzurdayıqsa, Qərbi Zəngəzura qayıtmağımız tarixi prinsipləri özündə ehtiva edəcək”.
Millət vəkili hesab edir ki, keçmiş Dağlıq Qarabağ da daxil olmaqla yeni Qarabağ iqtisadi rayonunun yaradılması ermənilərin məskunlaşdığı torpaqlarda “status” məsələsinə birdəflik nöqtə qoyub: “Çünki özündə separatçı meylləri yaşadan bu ərazi də Azərbaycanın digər rayonları kimi müəyyən olunmuş iqtisadi rayona daxildir. Bu, həm də tarixi adların bərpasına xidmət edir. Həmçinin ermənilərin və havadarlarının iddialarına da birdəflik son qolulur. Ona görə də bu iki yeni iqtisadi rayonun yaradılması Ermənistanı çox narahat edir”.
Azər Badamova görə, bu ərazilərə daxil olan inzibati rayonların iqtisadi potensialı nəzərdə tutularaq cəmləşdirilib: “2004-cü ildən Regionların iqtisadi inkişafı üzrə Dövlət Proqramları icra olunur. Məhz bu proqramların nəticəsi olaraq Azərbaycanın bütün regionları tarazlı şəkildə inkişaf edir. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunun əsas hissəsi işğal altında olduğuna görə bu ərazilər inkişaf proqramlarından kənarda qalıb. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının iqtisadi potensialı isə çox yüksəkdir. Bu baxımdan ölkə iqtisadiyyatında bu iqtisadi rayonlarının payının xüsusi çəkiyə malik olacağı şübhəsizdir. Ümumilikdə isə iqtisadi rayonların yaradılması yeni reallığın zəruri ekvivalenti hesab olunur”.