Avqustun 6-da Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının videoformatda XI hesabat konfransı keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Partiyadan Teleqraf.com-a verilən məlumata görə, gündəlik təsdiq edildikdən sonra YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev hesabat məruzəsi ilə çıxış edib. Məruzədə bildirilib ki, Heydər Əliyev dühasının zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək siyasi partiya mövcud deyildir.
Qeyd olunub ki, YAP Göygöl rayon təşkilatı öz fəaliyyətini partiya rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun qurub. Rayon təşkilatı özündə 121 ərazi ilk partiya təşkilatını birləşdirir. Hazırda rayon üzrə partiya üzvlərinin sayı 5445 nəfər təşkil edir ki, onların da 2789 nəfəri qadın, 1967 nəfəri gənclərdir. Hesabat dövrü ərzində rayon təşkilatında partiya sıralarına 380 nəfər qəbul edilib. Onların 164 nəfərini qadınlar, 231 nəfərini isə gənclər təşkil edir.
Sonra YAP Göygöl rayon təşkilatı Nəzarət-Təftiş Qrupunun sədri İftixar Hüseynovun hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, YAP Göygöl rayon təşkilatının Şura üzvü, Göygöl rayon A.Şəmşir adına 7 illik uşaq musiqi məktəbi ərazi ilk partiya təşkilatının sədri Nuranə Quliyeva, rayon təşkilatının Şura üzvü, Yeni Qızılca kənd İƏD-i üzrə nümayəndəliyi ərazi ilk partiya təşkilatının sədri Sahil Babayev, rayon təşkilatının Topalhəsənli kənd tam orta məktəb ərazi ilk partiya təşkilatının üzvü Yeganə İsgəndərova və rayon təşkilatının Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ərazi ilk partiya təşkilatının sədri Mahir Hacıyev çıxış edərək rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildiriblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının ötən illər ərzində böyük inkişaf yolu keçdiyini bildirib. O qeyd edib ki, fəaliyyət göstərdiyi 29 il ərzində partiyamız möhtəşəm uğurlara imza atıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsinə çevrilib.
Onun sözlərinə YAP yeniliklərə böyük önəm verən partiyadır və bu baxımdan partiyanın VII Qurultayında mühüm qərarlar qəbul olunub.
Ə.Tağıyev yeni mərhələdə partiyanın yerli təşkilatlarının üzərinə düşən vəzifələrdən də ətraflı şəkildə bəhs edib, YAP Göygöl rayon təşkilatının fəaliyyətinə uğurlar arzulayıb.
Qeyd edək ki, YAP Göygöl rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.