9 Avqust 2021 13:27
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər sosial şəbəklərdə ən çox müzakirə olunan mövzu Milli Məclis sədrinin İrana səfəridir. Bəzi mənfi düşüncəli qüvvələr çalışırlar ki, Azərbaycan dövlətinin gücünə, siyasətinə müxtəlif yanaşmalarla kölgə salsınlar. Bəzən də Milli Məclisin buraxılacağı və yenidən seçkilərin keçirələcəyi ilə bağlı əsassız məsələləri müzakirə edirlər. Bir çoxları Avropada oturub mövzu axtarışındadırlar ki, hansı mövzunu ortaya atsaq, ölkə ictimaiyyətində daha çox effekt yarada bilər. Ortaya atılan təxribatçı ideyanın ayaq tutub yeriyə bilmədiyini görən həmin ünsürlər indi də Milli Məclisin sədri Sahibə Qafarovanın İran İslam Respublikasına səfəri çərçivəsində geyimini və Prezident Seyid İbrahim Rəisi ilə görüşündə bayrağımızın qoyulmamasını tənqid hədəfinə çeviblər.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarova beynəlxalq siyasi təcrübəyə malik diplomatdır:

“Milli Məclis sədrinin İrana səfərini müzakirəyə çıxaranları 2010-cu ildə deputat seçilən Sahibə xanımın 2013 -cü ildən Avropadakı yüksək fəaliyyətinə diqqət yetirməyə çağırıram. Hörmətli sədr 2013-2015-ci illərdə Avropa Şurası Parlament Assambleyasının Gender bərabərliyi və Rasizm və Ksenofobiyaya qarşı alt komitələrinə rəhbərlik edib. 2015-2017 ci illərdə AŞPA-nın Zorakılıqdan azad qadınlar, parlament şəbəkənin siyasi əlaqələndiricisi, Qadınlara qarşı zorakılıla mübarizə üzrə Baş məruzəçisi, AŞPA Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri, 2018-2020-ci illərdə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, hal-hazırda MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir. Bir sıra dərsliyin, dərs vəsaitinin və monoqrafiyanın, eləcə də 80-dan çox elmi məqalənin müəllifidir. Savadına, biliyinə və dünya görüşünə görə AŞPA-da məsuliyyətli vəzifələri Sahibə xanıma etibar ediblər. Bu gün Milli Məclisin Sədri Sahibə xanımın İrana səfərini müzakirə edənlərin Azərbaycanın dövlətçiliyinə hər hansı bir töhfəsi olubmu? Cavabı birdir. Təbii ki, yox. Ən gülməlisi də odur ki, iki cümləlik yazını düz yaza bilməyənlər və yaxud da iki cümləni doğru-düzgün danışa bilməyənlər Milli Məslisin sədrindən səhvlər tutmağa çalışırlar”.

Millət vəkili hesab edir ki, Sahibə xanım beynəlxalq təcrübəsi olan diplomatdır və hansı ölkəyə, hansı geyimdə getmək lazımdırsa, daha yaxşı bilir:

“İran İslam Respulikasıdır. Bu ölkədə qadınların geyimi ilə bağlı xüsusi qaydalar mövcuddur. Xarici rəsmilər qadın qismində bu ölkəyə səfərə gedəndə bu dövlətin qanunlarına hörmətlə yanaşmalıdırlar. Bu, həm də bir mədəniyyətdir. Hətta xristian ölkələrin qadın rəsmiləri də İrana başı örtüklü səfər edirlər. Azərbaycan müsəlman ölkəsidir və xanım Sədrin səfərindəki geyimi bir müsəlman xanımına xas geyimdir və İranın daxili qanunlarına tam cavab verir. Prezident Seyid İbrahim Rəisi ilə görüşü zamanı bayrağımızın görünməməsi də protokol qaydalarına tam uyğundur. Biz İrana səfər etmiş digər parlament sədrilərinin prezident Rəisi ilə görüşü zamanı da o ölkələrin bayraqlarının qoyulmadığını görürük. O ölkələrdə bu mövzuda tənqidlər yoxdur. Amma bizdə isə bəzi qüvvələr məqsədli şəkildə siyasətçilərimizi hədəfə almaq üçün mövzu axtarışındadırlar”.

Deputatın fikrincə, bəzi qüvvələr Parlament sədrinin Azərbaycan maraqları naminə gördüyü yüksək səviyyəyli işləri görməzdən gəlirlər:

“Milli Məclis sədrinin Vətən müharibəsi dövründə fəaliyyəti, İranda yüksək səviyyəli görüşlərdə Xocalı soyqırımının tanınmasına etmiş olduğu çağırış nədənsə kimlərinsə diqqətindən yayınır. Sözsüz ki, bu cür yanaşmalar Azərbaycan dövlətinin müstəqilliyinin zəiflətməsinə xidmət edir. Ölkəmizin zəiflənməsi kimlərə lazımdır bunu hər kəs bilir. Dövlət rəhbərlərini tənqid edərək insanlar arasında narazılıq yaratmaq istəyən bu qüvvələrin öz havadarlarının sifarişlərini icra etdiklərini də hamımız bilirik. Amma bütün bunlara baxmayaraq Azərbaycan öz gücünü və qüdrətini günü-gündən artırır. Dövlət Hakimiyyətinin qolları müstəqilliyimizin möhkəmlənməsinə və demokratik dövlətimizin daimi olmasına xidmət edir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər