11 Avqust 2021 17:40
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 11-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Gənclər Birliyinin "Davamlı İnkişaf Məktəbi" layihəsi çərçivəsində "Regional inkişaf proqramlarının qeyri-neft sektorunda yaratdığı perspektivlər" mövzusunda seminar keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov mövzu ilə bağlı fikirlərini bölüşüb. Görüşün mövzusunun aktual olduğunu diqqətə çatdıran B.İslamov deyib ki, aparılan müzakirələr gənclərdə bu istiqamətdə yeni fikirlər formalaşdıracaq.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili görüş iştirakçılarını salamlayaraq bildirib ki, ölkəmiz öz müasir inkişafı tarixində keşməkeşli bir dövr yaşayıb. Müstəqilliyin əldə olunduğu ilk illərdə ölkənin iqtisadi potensialının olmaması, işsizliyin yüksək olması, istehsalın dayanması Azərbaycanın iqtisadi cəhətdən zəifləməsinə yol açmışdı. 1994-cü ildə ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu neft strategiyasının nəticəsi olaraq "Əsrin müqaviləsi"nin imzalanması iqtisadi inkişafımızda yeni bir mərhələ yaratdı.

T.Mirkişili qeyd edib ki, həmin dövrdə ölkəmizə investisiya yatıran təşkilatlar və şirkətlər məhz Ulu Öndərin təminatı ilə bu işə qoşulmuşdular. 1996-cı ildən ölkə iqtisadiyyatında mühüm sabitləşmənin başlandığını diqqətə çatdıran komitə sədri 2003-cü ildən artıq qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımların atıldığını deyib. Onun sözlərinə görə, 2003-cü ildə ölkə prezidenti seçilən cənab İlham Əliyevin elan etdiyi ilk Dövlət Proqramı məhz regionların inkişafı ilə bağlı oldu: "Həmin dövrdə ölkəmizin qarşısında regionların inkişafı ilə bağlı mühüm çağırışlar dayanırdı. Belə ki, ölkə üzrə istehlak olunan elektrikin həcmi təxminən 50 faizə qədər idi. Eləcə də, 50 faizə yaxın ərazilərmizdə qazlaşma ilə bağlı problemlər yaşanırdı. Bununla yanaşı, həmin dövrdə məcburi köçkünlərlə bağlı mühüm çətinliklər vardı. Azərbaycan dövləti son 15 il ərzində məcburi köçkünlərin rifahının yüksəldilməsinə 7 milyard manat vəsait xərcləyib. Beləliklə, 2004-cü ildən etibarən "Regionların sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramı qəbul edildi və ötən dövr ərzində bu proqram 4 mərhələdə uğurla icra edilib. Hazırda bu Dövlət Proqramının 4-cü hissəsi icra olunur. Əldə olunan nəticələr isə olduqca yüksəkdir. Məsələn, ötən dövr ərzində iqtisadiyyatımızı 3,4 dəfə artırmışıq. Son 16 il ərzində Azərbaycanda əmək haqqı 11, pensiya təminatı 8, kənd təsərrüfatı istehsalı 2, ölkənin ixrac potensialı isə 8 dəfə artıb. Əgər 2003-cü ildə Azərbaycanda yoxsulluq 49-50 faizə yaxın idisə, pandemiyadan əvvəlki dövrə qədər bu rəqəm 4-5 faizə qədər azalmışdı. 2003-cü ildə 50 faizə yaxın olan işsizlik hazırda 5-6 faizə enib. Bütün bu inkişaf məhz regional inkişafa hesablanan proqramların təsiri və nəticəsində əldə olundu. Bundan başqa, regionlarda yol infrastrukturunun əsaslı şəkildə yenilənməsi, iaşə obyektlərinin istifadəyə verilməsi, yeni məktəblərin tikilişi və əsaslı yenidənqurulması nəticəsində bölgələrimizin siması dəyişdi, müasirləşdi. Ötən dövr ərzində ölkəmizdə 8 hava limanı tikilib. Bu gün Azərbaycan aeroportların səviyyəsinə görə dünyada 11-ci yerdədir".

Komitə sədri bildirib ki, Azərbaycanın əhalisinin təxminən 75 faizi regionlarda yaşayır. Məhz regional xarakterli Dövlət proqramlarının uğurlu icrası regionların iqtisadiyyatdakı payını mühüm dərəcədə artırıb. Bununla yanaşı, son illərdə regionlarda yeni sənaye məhəllələrinin qurulması, kənd təsərrüfatının inkişafı insanların bölgələrə qayıdışında müsbət dinamika yaradıb.

"Artıq regionlarda 10 sənaye məhəlləsi, 32 böyük fermer təsərrüfatı, 43 aqropark yaradılıb ki, bu da kənd təsərrüfatının mühüm inkişafını təmin edib. Ən əsası biz bu inkişafa yeni innovativ texnologiyalara əsaslanaraq nail olmuşuq. Bu gün regional proqramların tətbiqində və icrasında innovativ texnologiyalardan, müasir yeniliklərdən olduqca geniş istifadə olunur. Nəzərə almalıyıq ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən torpaqlarımızda aparılan yenidənqurma və bərpa prosesi də məhz innovativ yeniliklərə əsaslanır. Zəngilanda həyata keçirilən "Ağıllı kənd", "Ağıllı şəhər" layihələri buna misaldır," - deyə T.Mirkişili əlavə edib.

Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər