Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elşad müəllim, Azərbaycanla Ermənistan sərhədindəki son gərginlik fonunda proseslərin gedişini necə dəyərləndirirsiniz?
- Ermənistanın sərhəd xəttində təxribatlar törədəcəyi gözlənilən idi. Ermənistan dövlətinin və xalqının xislətinə yaxşı bələdik. Regionda münaqişənin yenidən alovlanmasını istəyən maraqlı qüvvələr mövcuddur. Bu qüvvələrin kimlərdən ibarət olduğu məlumdur. Bu istiqamətdə əsas moderatorluğu Fransa həyata keçirməkdədir. Səbəblər isə bəllidir. ATƏT-in Minsk qrupunun digər həmsədrləri münaqişə vəziyyətinin yenidən müzakirə predmetinə çevrilməsində ona görə maraqlıdırlar ki, Cənubi Qafqaz regionunda öz mövcudluqlarını saxlamaq imkanları qalsın. İndiki şəraitə əsasən Rusiyanın vasitəçiliyi ilə birgə bəyanat imzalanıb. Azərbaycan və Rusiyanın üst-üstə düşən mövqeləri ondan ibarətdir ki, birgə bəyanatın şərtlərinə əməl olunmalıdır. Bu şərtlər içərisində də kifayət qədər strateji məqamlar yer alır.
- Təxribatlar birgə bəyanatın mahiyyətinə necə təsir edir?
- Zəngəzur dəhlizinin açılması regionda tamam yeni geosiyasi, geoiqtisadi reallıqlar yaradacaq. Ermənistanın məhz kənar təlimatlar əsasında olan təxribatları ona hesablanıb ki, birgə bəyanat hansısa bir formada əhəmiyyətini itirsin. Bununla da münaqişənin hələ də davam etdiyi təəssüratı yaradılsın. Ardınca da Minsk qrupu fəaliyyətə başlasın, əvvəlki kimi görüntü xarakterli addımlar atsın. Digər başlıca məqsəd isə Rusiyanın bu proseslərdə ciddi rol oynamadığı və yaxud nəticəyə gətirib çıxaran addım ata bilməməsi təəssüratı formalaşdırmaqdır. Yəni bu gün Ermənistan aşkar şəkildə Rusiyaya qarşı çıxmaqdadır. Onun bu təxribatları həm də Rusiyanın özünə yönəlmiş təxribatlardır.
- Birgə bəyanata imza atmış Rusiya razılaşmanı pozuduğuna görə Ermənistana hansı formada reaksiya verməlidir?
- Əslində Ermənistanın bu təxribatları "Rusiyanın vasitəçiliyi bir işə yaramır" görüntüsü yaratmağa hesablanıb. Onlar belə təəssürat formalaşdırmağa çalışırlar ki, münaqişə vəziyyəti hələ də qalmaqdadır. Məqsəd məhz bundan ibarətdir. Rusiya sülhməramlı qismində regionda mövcuddur. Birgə bəyanatın şərtlərinə əməl edilməsi prosesinə də o, birbaşa nəzarət etməlidir. Bu məqsədlə verilən təxribat xarakterli bəyanatlar həmçinin regiona kənar müdaxilələrin olmasını hədəfləyib. Bir müddət öncə Fransa silahlı qüvvələrinin Ermənistanda və ya sərhəd boyunca yerləşdirilməsi ilə bağlı fikirlər gündəmə gətirilib. Rusiyanın isə Kollektiv Təhkükəsizlik Müqaviləsi Təşkilatının proseslərə qoşulmayacağı ilə bağlı aydın mövqe sərgiləməsi əslində Ermənistana tutarlı cavabdır. KTMT-nin baş katibi Stanislav Zas da İrəvanda səfərdə olarkən artmaqda olan gərginlikdən də danışdı. Bu gərginliyi də yaradan təbii ki, Ermənistandır. Bununla bağlı həm KTMT, həm də Rusiyada aydın təsəvvürlər mövcuddur. Sadəcə olaraq Rusiya Ermənistanla ehtiyatlı davranmağa çalışır. Rusiya aydın təsəvvürlərə malikdir ki, Paşinyan çox rahatlıqla ona qarşı əks cinahda yer almağa hazırdır. Onu hakimiyyətə gətirən dairələr də qarşısına belə bir məqsəd qoymuşdular.
- Bu günlərdə Ermənistanın yeni müdafiə naziri orduya Azərbaycana qarşı təxribata hazır olmaqla bağlı orduduna çağırış etdi. Karapetyan 44 günlük müharibədə məğlub olan orduyamı tapşırıq verib?..
- Ermənistan ordusunun formalaşması üçün bundan sonra ən azı 10 il vaxt lazımdır. Bu ölkədə hazırda pərakəndə silahlı qruplar mövcuddur. Ordunun içərində də mərkəzləşmiş idarəetmə sistemi mövcud deyil. Erməni ordusunda keçmiş "Qarabağ klanı"na bağlı şəxslər var. Digər tərəfdən erməni ordusu şəxsi heyət, texniki təchizat baxımından yaxın zamanlarda formalaşa bilməyəcək. Bu səbəbdən də erməni müdafiə nazirinin bəyanatı da gərginliyi artırmağa hesablanmış blef xarakterli mövqedir. Bunun arxasında real heç nə dayanmır. Azərbaycan ordusu qətiyyətlə ermənilərin təxribatlarının qarşısnı alır. Eyni zamanda Ermənisötanın təxribatları çox yaxın gələcəkdə özünə bumeranq effekti ilə zərbə vurmasını şərtləndirəcək. Çünki Azərbaycan bu təxribatların qarşısını almaqla yanaşı siyasi təmkin nümayiş etdirir. Ermənistan isə özünün təcavüzkar obrazını daha da möhkəmləndirir. Bütün bunlar isə ölkəmizə siyasi xal gətirir. Qarşı tərəf Azərbaycanın bu təxribatların qarşısını necə alındığını unutmamalıdır. Bu addımların atılması üçün də əlavə siyasi elementlər formalaşır.