Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirk:
- Fəzail müəllim, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla danışıqlara hazır olduğunu bəyan etdi. İndiki reallıqda bu fikirlərə nə dərəcədə inanmaq olar?
- Erməni xislətini, hiyləgərliyini, riyakarlığını unutmaq olmaz. Onların bir xalq olaraq sözləri ilə əməlləri arasında çox böyük uçurum var. Ermənilərin bir çoxunun heç vaxt verdiyi sözə sadiq olmasının şahidi olmamışıq. Onlar bütün fəaliyyətlərini, tarixlərini saxtakarlıq üzərində qurublar. Ona görə də, onların sözlərinə birmənalı yanaşmaq olmaz.
- Ermənilərin bölgədəki dağıdıcı missiyasını necə zərərsizləşdirmək olar?
- Azərbaycan xalqının qətiyyəti, gücü 44 günlük müharibədə özünü göstərdi. Bu mənada ermənilər də hər zaman başı üzərində “demokl qılıncını” hsiss etməlidirlər. Elə etmək lazımdır ki, bir daha ermənilər Azərbaycana qarşı ərazi iddiaları ilə yaşamasınlar. Məhz bu səbədən də bu topluma qarşı olan təzyiq bundan sonra da davam etməlidir. Əgər ermənilər həqiqətən də Azərbaycan və Türkiyə ilə düşmənçiliyə son qoyub normal münasibətlərdə səmimi olsalar, bu, onların özləri üçün də yaxşı olar.
- Paşinyanın “ATƏT-in Minsk qrupundan təklif gözləyirəm” yanaşması yenidən bu təşkilatı proseslərə cəlbetmə istəyi kimi dəyərləndirilə bilərmi?
- Bəli, erməni baş nazir dolayısı ilə ATƏT-in Minsk qrupundan təkliflər gözlədiyini açıqlayır. Minsk Qrupunun bu prosesə qoşulmasına ehtiyac yoxdur. Uzun illərdir siyasətlə məşğul olan, 30 ildir ki, bu proseslərin içində olan, ondan öncə də ermənilərin içərisində işləyib xarakterlərinə bələd olan adam kimi deyirəm ki, bu cür avantüralara getmək olmaz. Azərbaycan və Türkiyə ilə heç bir dövlətin və təşkilatın vasitəçiliyi olmadan danışıqlara başlamaq Ermənistan üçün ən yaxşı variant olar. Cənab Prezident də Ermənistanla sülh sazişi ilə bağlı öz çağırışlarını edib.
- İki dövlətin birbaşa danışıqları hansa halda mümkündür?
- Tarixdə də bu cür hallar var. İki dövlət heç bir qüvvənin təsiri və vasitəçiliyi olmadan masa arxasında məsələləri həll edir. Bunun sadə bir yolu var. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu ölkə Azərbaycan sərhədləri ilə bağlı yanaşmaları qəbul etməlidir. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımırsa, bu, o deməkdir öz ərazi bütövlüyünü də tanımır. Bununla da Azərbaycan üçün şans yaranır ki, öz tarixi torpaqlarını geri qaytarsın.
- Bölgədə daimi sülhün olması üçün hansı addımlar atılmalıdır?
- Ermənistanın baş naziri dediyi fikirlərin arxasında dayansa, Cənubi Qafqazda sülhün təminatı üçün mühüm addımlar atıla bilər. Sözsüz ki, Ermənistan başqalarının təsiri altına düşməsə, bölgədə daimi sülh yarana bilər, Baltikyanı ölkələrin nümunəsi burada da tətbiq olunar. Amma Ermənistanın faciəsi ondan ibarətdir ki, o diasporun təsirindədir. Eyni zamanda ölkədə revanşist qüvvələrin böyük təsiri var. Qərb strateji maraqları naminə Ermənistana təsir edir. Bəzi ölkələr və təşkilatlar öz maraqlarını Ermənistan vasitəsi ilə reallaşdırmaq niyyətindədir. Amma Paşinyan öz xalqı üçün nəsə etmək istəyirsə, o, bu təsirlərdən xilas olmalı, iki qonşu dövlətlə - Azərbaycan və Türkiyə ilə birbaşa danışıqlara getməlidir. Bu, Ermənistan üçün faciə və fəlakətlərdən yeganə çıxış yoludur.