18 Avqust 2021 10:09
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri mühüm əhəmiyyətə malikdir. Bu səfər unudulmaz məqamları ilə tarixə düşdü. Kəlbəcərlilər bu səfəri çoxdan gözləyirdi.

Bunu Teleqraf.com-a Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov deyib.

O bildirib ki, müasir Azərbaycan tarixində Kəlbəcərə ilk səfər edən cənab Prezident oldu:

“Bu məqam həm cənab Prezidentin tərcümeyi-halında, həm də Kəlbəcərin tarixində qızıl hərflərlə yazılacaq. Eyni zamanda ölkə başçısının Kəlbəcərə səfəri bir neçə aspektdən əlamətdar idi”.

Deputatın fikrincə, Kəlbəcər ərazisinə görə Azərbaycanın ən böyük rayonu olmaqla yanaşı, sosial, iqtisadi potensialı, təbii qaynaqları ilə də ölkəmizin gücünə güc qatacaq:

“Cənab Prezidentin bu imkanlarla yerində, əyani şəkildə tanış olması, bölgədə aparılan infrastruktur işlərini sürətləndirəcək. Həmçinin Kəlbəcər yerləşdiyi coğrafi mövqeyinə görə də strateji əhəmiyyətə malikdir. Bu ərazidə ordumuzun yerləşməsi, ən ucqar mövqelərə yol, işıq çəkilməsi ölkəmizin sərhədlərinin qorunması üçün xüsusi önəm kəsb edir”.

Aqil Məmmədov hesab edir ki, son günlər Kəlbəcər istiqamətində atəşkəsin pozulması fonunda Ali Baş Komandanın orada olması Ermənistana və havadarlarına açıq mesaj idi:

“Cənab Prezident Kəlbəcərdəki çıxışında da bu məqamları xüsusi vurğuladı. 10 illərdir yaradılmış güclü erməni ordusu mifi darmadağın edildi. Erməni əsgərinin fərari, qorxaq olduğu bir daha təsdiqləndi”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər