Cənab Prezidentin işğaldan azad olunmuş bölgələrə hətta müəyyən risklərə baxmayaraq tez-tez səfər etməsi ilk növbədə dünyaya bir mesajdır ki, Azərbaycanın Ali Baş Komandanı və Azərbaycan xalqı öz torpağının, ərazisinin, şəhər və kəndinin sahibidir, azad etdiyi əraziləri əbədiyyən qoruyub saxlayacaq.
Bu fikirləri Telerqaf.com-a açıqlamasında Azərbaycanın ATƏT PA-da Nümayəndə Heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev bildirib.
Onun fikrincə, son aylar atışmaların intensivləşməsinə baxmayaraq Prezidentin Ermənistanla sərhəd rayonu olan Laçın və Kəlbəcərə getməsi həm də onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü və milli maraqlarını etibarlı şəkildə qorumaqda qətiyyətlidir: “Azərbaycan heç bir halda Ermənistanın və onun havadarlarının törətdiyi və törətmək istədiyi təxribatlardan çəkinmir. Bu təxribatlara Azərbaycan layiqli formada cavab verməyə hazırdır və buna qadirdir.
44 günlük İkinci Qarabağ savaşında darmadağın edilən Ermənistan ordusunun qalıqları hər hansı bir formada qırmızı xətti keçərsə, Azərbaycan heç bir tərəddüd etmədən onları cəzalandıracaq. Bu fikrin Birinci şəxs, Ali Baş Komandan tərəfindən xalqımız üçün xüsusi məna daşıyan Murovdağdan və Qaragöldən deyilməsi heç şübhəsiz ki, dünyaya verilən başqa bir siqnaldır".
Millət vəkilinə görə, Azərbaycan öz milli maraqlarını və dünya tərəfindən tanınan sərhədlərini bundan sonra da qorumağa davam edəcək, bu məsələdə heç bir güzəştdən söhbət gedə bilməz: “Azad olunmuş torpaqlardan verilən digər mesaj isə Azərbaycan xalqına, əsgərinə, sərhədçisinə ünvanlanmışdı. Biz öz ərazimizdəyik və bu yerləri göz bəbəyimiz kimi qoruyacağıq. Buna görə də işğaldan azad edilmiş ərazilərə tez-tez səfər etməklə Prezident İlham Əliyev Ali Baş Komandan olaraq öz əsgərinin və zabitinin hər zaman yanında olduğunu bir daha nümayiş etdirir ki, bu da öz növbəsində orduda və sərhəd qoşunlarında ruh yüksəkliyini və döyüş əzmini artırır”.
Azay Quliyev hesab edir ki, Prezidentin Laçın və Kəlbəcərə səfəri həmin ərazilərin yenidən qurulması baxımından da çox əhəmiyyətlidir: “Dövlət başçısının tapşırığı ilə Kəlbəcərin və Laçının yenidən qurulması istiqamətində ciddi işlərə start verilib. Laçında aeroportun inşası ilə bağlı hazırlıq işləri həyata keçirilir. Bütün bunlar bölgənin həm təhlükəsizliyi, həm də gələcək inkişafı baxımından Azərbaycanın nə qədər qərarlı olduğunu göstərir.
Bu layihələrin və planların reallaşması üçün ölkəmiz bütün imkanlara malikdir. Ən vacibi isə Azərbaycanda xalq-iqtidar birliyi elə yüksək səviyyədədir ki, ölkəmiz qarşısına qoyduğu bütün vəzifələri yerinə yetirməyə qadirdir. Əminəm ki, Kəlbəcər və Laçın rayonunun sakinləri öz yurdlarına qayıdıb sakit və təhlükəsizlik şəraitdə yaşayacaqları günü böyük səbirsizliklə gözləyirlər və prezidentin bütün səyləri də məhz həmin günü yaxınlaşdırmağa yönəlib”.