Avqustun 18-də Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Partiyadan Teleqraf.com-a verilən məlumata görə, gündəlik təsdiqləndikdən sonra Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədr əvəzi Aqşin Bağırov hesabat məruzəsi ilə çıxış edib. O, bildirib ki, Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilən VII Qurultayı partiyamızın həyatında əlamətdar hadisəyə çevrildi. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin proqram xarakterli nitqi qarşıya mühüm vəzifələr qoyub. Bu vəzifələrin icrasında hər bir rayon təşkilatı üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirməlidir.
A.Bağırov qeyd edib ki, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı 71 ərazi ilk partiya təşkilatında 5573 üzvü birləşdirir. Onlardan 1702 nəfəri qadınlar, 1731 nəfəri isə gənclərdir. 2021-ci ilin 7 ayı ərzində partiya sıralarına 118 nəfər üzv qəbul edilib ki, onların 67 nəfərini gənclər təşkil edir.
Sonra Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının Nəzarət Təftiş Qrupunun sədri Kazım Mənsimovun hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, partiyanın Biləsuvar rayon təşkilatı İdarə Heyətinin üzvü, 25 saylı şəhər ərazi ilk partiya təşkilatının sədri Xanımgül Abıyeva, rayon təşkilatının Gənclər Birliyinin sədr əvəzi Sahil Hüseynzadə, 19 saylı şəhər ərazi ilk partiya təşkilatının sədri, Biləsuvar şəhər 4 saylı tam orta məktəbin direktoru Elşən Ağazadə hesabat dövründə görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev ulu öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikrini önə çəkərək bildirib ki, bu tezis bütün dövrlərdə partiyanın fəaliyyətinə işıq salır, yeni-yeni hədəflərin müəyyənləşdirilməsinə və yüksək səviyyədə həyata keçirilməsinə yardımçı olur. YAP aparıcı siyasi qüvvə kimi yarandığı gündən bütün qüvvə və bacarığını dövlətə, xalqa xidmətə yönəldərək, Azərbaycanın qazandığı davamlı uğurlara öz layiqli tövhəsini verib. Ümummilli lider Heydər Əliyevin gələcəyə hesablanmış siyasətinin Prezident İlham Əliyev tərəfindən son 18 ildə uğurla davam etdirilməsi nəticəsində istər ölkəmizin, istərsə də Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələ başlayıb.
Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunan qərarlardan, qarşıya qoyulan vəzifələrdən geniş bəhs edən Ə.Tağıyev YAP Biləsuvar rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Biləsuvar rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.