“Ermənistanın Tavuş bölgəsinin qubernatorunun təxliyə ilə bağlı hansısa sənəd imzalaması bizim üçün maraqlı deyil. Belə bir sənəd var, yoxdur, kimsə bunu görübmü? Əgər varsa, icra ediləcək, ya yox? Əgər icra ediləcəksə, hansı şəkildə ediləcək? Məncə, buna tələsik böyük siyasi əhəmiyyət verməyə ehtiyac yoxdur”.
Bunu Teleqraf.com-a deputat Rasim Musabəyov deyib.
Millət vəkilinin sözlərinə görə, indi əsas vacib məsələ odur ki, Ermənistan Qazax və Naxçıvan istiqamətində zəbt etdiyi kəndləri boşaltsın:
“Ermənilər bunun üçün camaatı köçürür, köçürmür öz işidir. Cəhənnəmə köçürsün. Azərbaycan Başkəndi nəzarətində saxlayır. Ermənilər deyirlər ki, kim nə tutubsa, onda qalsın və məsələ bitsin. Biz deyirik yox, kəndlərimizi qaytarın. Biz bununla razılaşmırıq”.
Musabəyov həmçinin qeyd edib ki, bizim Qazax istiqamətində və Naxçıvandakı Kərki kəndimiz demək olar ki, Ermənistanla sərhədin strateji hissələrində yerləşir:
“Yəni bu kəndlər imkan verir ki, onların yollarına nəzarət edə bilək. Halbuki, onların Başkəndinin heç bir strateji əhəmiyyəti yoxdur. Mən zənn edirəm ki, danışıqlar gedəcək və bunun nəticəsində ümumən sovet dövrünün sərhədləri tanınmalıdır. Bundan sonra hansısa razılaşmalar olmalıdır”.