Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın həyat fəlsəfəsinin əsasında vətənə sədaqət, milli dəyərlərə hörmət, humanizm, şəfqət, xeyriyyəçilik, mərhəmətlilik, kübarlıq, alicənablıq kimi yüksək mənəvi keyfiyyətlər dayanır. Onun bütün fəaliyyətinin, həyata keçirdiyi hər bir layihəsinin mühüm şüarı “hər şey insan üçün, xalq üçün, Vətən üçün, bəşəriyyət üçün”dür.
Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycan ailəsinin problemlərini həmişə diqqət mərkəzində saxlayan Mehriban xanım Əliyeva ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir: “Mehriban xanımın təşəbbüsü və rəhbərliyi ilə hər bir vətəndaşın bərabər, əlçatan və keyfiyyətli təhsillə təminatı, əhalinin sağlamlığının qorunması, sosial baxımdan daha həssas əhali qruplarının (şəhid ailələri, qazilər, məcburi köçkünlər, ahıllar, kimsəsizlər, irsi qan xəstəliyindən və digər irsi xəstəliklərdən əziyyət çəkən şəxslər və s.) problemlərinin həlli istiqamətində həyata keçirdiyi layihələr, bütövlükdə ailələrin rifahının daha da yaxşılaşmasına öz müsbət təsirini göstərir”.
Professor söyləyib ki, Mehriban xanım həyatının bütün mənasını xalqına, dövlətinə xidmətdə görür və bu yolda yorulmadan çalışır, ideoloji mübarizə aparır: “2004-cü ildən Onun rəhbərliyi ilə yaradılan ulu öndər Heydər Əliyevin adını daşıyan Fondun vasitəsilə Avropa və dünyada bir sıra ciddi və xüsusi mahiyyət daşıyan mədəni və sosial layihələrə verdiyi dəstəklə diqqəti Azərbaycan yönəltməyi bacardı. Məhz hörmətli Mehriban xanım Əliyevanın Azərbaycanın idman, dostluq, sülh ölkəsi kimi tanınmasında müstəsna xidmətləri var. O, ölkəmizdə və dünyada mədəniyyətə, tarixə, idmana xüsusi qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə, ekologiya sahələrində, o cümlədən, sivilizasiyalar və mədəniyyətlərarası dialoqun reallaşması, tolerantlığın bərqərar olması istiqamətində Respublikada və beynəlxalq miqyasda böyük layihələr həyata keçirən prinsipial və peşəkar bir ictimai xadimdir.
Onun geniş miqyaslı fəaliyyətinin əhəmiyyətini və qlobal aktuallığını əks etdirən ali mükafatlar və təltiflər həyata keçirdiyi humanitar missiyaya verilən yüksək dəyərin təzahürüdür”.
Komitə sədrinə görə, Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Mehriban xanımın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində, Azərbaycanda ictimai sabitliyin təmin olunmasında böyük əməyi var: “Özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmub. Mehriban xanım Əliyeva Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməklə Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır. Pandemiya səbəbindən ölkəmizdə yaşanan böhran zamanı onun peşəkarlığı sayəsində idarəetmədə güc birliyi təmin olunmuş, ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı həyata keçirilib. Həssas və qayğıya ehtiyacı olan insanlara, qazi və şəhid ailələrinə lazımi köməyi göstərir, onların daha rahat yaşayışı üçün bütün imkanları səfərbər edilib. Hər dəfə heç bir rəsmiyyət olmadan, titullar göstərilmədən “Sizin Mehriban” sözləri ilə bitən bir ana, bacı, dost kimi xalqımıza etdiyi müraciətlər, çağırışlar istər ölkə daxilində, istərsə də ölkədən kənarda yaşayan hər bir vətəndaşımızın qarşısında öhdəlik və cavabdehlik, eyni zamanda, insanlarda ruh yüksəkliyi yaradır”.
Hicran Hüseynova vurğulayıb ki, bu gün doğma Qarabağ və Şərqi Zəngəzur torpaqlarında quruculuq işləri aparılır: “30 ildə erməni vandalları tərəfindən dağıdılan evlərimiz, sosial infrastrukturumuz, talan olan ərazilərimiz, meşələrimiz, tarixi-mədəni-dini abidələrimizin yenidən tikilib-qurulmasında da Mehriban xanımın və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun özünəməxsus rolu var. Bu mənada çox hörmətli Mehriban xanım Əliyeva yalnız Prezidentin həyat yoldaşı kimi deyil, həm də gündəlik xeyirxah fəaliyyəti, nəcib əməlləri və göstərdiyi mərhəməti ilə də Azərbaycanın birinci xanımıdır. Özünün şəxsi nümunəsi ilə müasir Azərbaycan qadınını bütün dünyada ləyaqətlə təmsil edir, Azərbaycan ailəsinin yüksək mənəvi dəyərlərə söykəndiyini əyani təcəssüm etdirir. Mehriban xanım tanınmış ictimai-siyasi xadim olmaqla, yanaşı, həm də sədaqətli, etibarlı həyat yoldaşı, qayğıkeş ana, sevimli nənədir. Bir daha Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı ad günü münasibəti ilə ürəkdən təbrik edir, səadət dolu günlər, uzun ömür, can sağlığı, Azərbaycançılıq məfkurəsinin inkişafı, Vətənimizin və dünyamızın rifahı naminə şərəfli fəaliyyətində müvəffəqiyyətlər, tükən-məz xalq sevgisi arzu edirəm”.