Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun Rusiya Federasiyasından olan yeni həmsədri İqor Xovayevi qəbul edib.
Bu barədə Teleqraf.com Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Nazir Ceyhun Bayramov qarşı tərəfi təyinatı münasibətilə təbrik edib.
İqor Xovayev bu səfərinin tanışlıq xarakteri daşıdığını söyləyib.
Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədəki cari vəziyyət, Azərbaycanın münaqişə sonrası mərhələdə həyata keçirdiyi tədbirlər, işğal faktorunun aradan qaldırılması ilə Ermənistanla beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılmasının mümkünlüyü, habelə qarşı tərəfin sərgilədiyi revanşist mövqeyin heç bir perspektivinin olmaması, tərəflərin yaranmış əməkdaşlıq imkanlarından faydalanmasının vacibliyi barədə məlumat verib.
Tərəflər üçtərəfli bəyanatdan irəli gələn müddəaların həyata keçirilməsi və etimadın qurulması tədbirlərinin reallaşması ətrafında fikir mübadiləsi aparıblar.