Radikal müxalifətin hakimiyyətdə olduğu vaxtda dövlət müstəqilliyinə vurulan zərbənin fəsadlarının aradan qaldırılması üçün uzun illər lazım oldu. Ümumilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dağılmaq təhlükəsi ilə üzləşən Azərbaycan üçün xilas yolu açıldı. Ulu öndərin müəyyənləşdirdiyi siyasi xəttin uğuru, möhkəm iqtisadiyyata malik və Prezident İlham Əliyevin rəhbərliyi altında qələbəyə imza atan Azərbaycan ərsəyə gətirildi.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, bu illər ərzində bütün dünya Prezident İlham Əliyevin uzaqgörən siyasətini və liderlik bacarığının şahidi oldu:
“Torpaqlarımızın erməni işğalından azad olunması Prezident İlham Əliyevin uğurlu xarici siyasəti və xalqın sonsuz inamı, dəstəyi sayəsində mümkün oldu. Bu gün Azərbaycanda sarsılmaz iqtidar-xalq birliyi mövcuddur. Dövlətimiz öz gücü və tərəfdaşlarının iştirakı ilə azad olunmuş ərazilərdə böyük quruculuq, bərpa işləri icra edir. Ölkəmizin inkişaf tendensiyasi dünyanın aparıcı təşkilatları tərəfindən yüksək dəyərləndirilir. Amma bütün bu uğurların fonunda təəssüf ki, qalib Azərbaycanın əldə etdiyi misilsiz nailiyyətləri gözdən salmağa çalışan qüvvələr də mövcuddur. Bu qara qüvvələr uzun illər eyni sözləri təkrarlayan, eyni məqsədlərə xidmət edən adamlardır. Azərbaycanın uğurlarına və imza atdığı qələbəyə kölgə salmaq erməni dəyirmanına su tökənlər mövcuddur. Bu sırada “Vətəndaş İnkişaf Partiyasının” sədri Əli Əliyevin Yutub kanallarında etdiyi radikal çıxışlarını xüsusi qeyd etmək olar. Atalar misalında deyilir ki, dünyada ən asan iki iş var: başqalarına məsləhət vermək və pulunu saymaq. Ə.Əliyevin dəst xətti bu iki amil üzərində qurulub. Qeyd etməliyik ki, Prezident İlham Əliyevin Ə.Əliyev kimilərin məsləhətinə ehtiyacı yoxdur”.
Deputat qeyd edib ki, Azərbaycanın bu gün dünya səviyyəsində tutduğu mövqeyi və dünyada söz sahibinə çevrilməsi məhz Prezident İlham Əliyevin uzaqgörənliyi, siyasi iradəsi sayəsində mümkün olub:
“Amma hansısa pafoslu çıxışlarla insanlarda özünə qarşı rəğbət oyatmaq qeyri-mümkündür. Çünki Ə.Əliyevin baxışları o mənzərəni yaradır ki, guya dövlət idarəçiliyində uğurlu heç bir sahə yoxdur. Bu dərəcədə düşüncələri bəsit və gülünc bir adama cəmiyyətdən hansısa bir dəstəyin olması mümkün deyil. Amma 90-cı illərin əvvəlində radikal müxalifətin kreslo davası nəticəsində ölkə vətəndaş müharibəsi ilə üzləşdiyini və torpaqların 20% işğal altına düşdüyünü heç kim unutmayıb”.
Millət vəkili Ə.Əliyevin əhalinin vaksinləşməsi, Qarabağdakı tarixi qələbə, azad olunmuş ərazilərin yenidən qurulması proseslərinə yanlış yanaşmasına da münasibət bildirib:
“Partiya sədri ixtisasca həkim olsa da, yanlış hesab etdiyi vaksinləşmənin koronavirusa qarşı mübarizədə alternativsiz çıxış yolu olduğunu bütün dünya qəbul edib. Bir çox ölkələr vaksin ala bilmədiyi halda Azərbaycan inkişaf etmiş ölkələrlə eyni vaxtda vaksinləşməyə başlayıb. Görünür ki, Ə.Əliyevin COVID-19-a yoluxaraq ağır vəziyyətə düşənlərin 96% peyvənd olunmayanların olmasından xəbərsizdir. Amma peyvənd olunanların arasında ölüm halları yoxdur. Bu gün dövlət vaksinləşməni insanların sağlamlığını qorumaq üçün həyata keçirir. Partiya sədri isə vaksiləşməyə qarşı çağırış edir. Burada onun məqsədinin nədən ibarət olduğu hər kəsə aydındır. O həmçinin azad olunmuş ərazilərə qaçqın və köçkünlərin qayıtmasına icazə verilməməsinə görə də dövləti günahlandırır. Hər kəsə məlumdur ki, ermənilər işğal etdiyi torpaqlarda 100 minlərlə mina basdırıb. Bunun acı nəticələri olaraq işğaldan azad olunmuş ərazilərə özbaşına səfər edən 150-yə yaxın insan minaya düşüb.Məhz məcburi köçkünlərin öz torpaqlarına geri qayıdışınmı ləngidən amilin başlıca olaraq təhlükəsizlik olması da bəllidir. Bunların fonunda Ə.Əliyevin təbirincə insanları minalı ərazilərə göndərmək onların real ölümlə üz-üzə qoymaq deməkdir. Dövlətimiz bütün qaçqınları öz doğma yurdlarına o ərazilərdə təhlükəsiz həyat-şəraiti təmin edərək qaytarılacaq”.