8 Sentyabr 2021 18:25
1 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri iki ölkə arasındakı əməkdaşlıq müstəvisində həyata keçirilir. Bu təlimlər iki ordu arasındakı əlaqələrin sinxronlaşdırılmasına, silah və texnikalardan birgə istifadə qaydalarının daha da təkmilləşdirilməsinə hesablanıb. Eyni zamanda ordular arasındakı təcrübələrin bölünməsi, mümkün olan yeni hərbi sənaye məhsularının qarşılıqlı sürətdə mənimsənilməsi məsələlərini özündə ehtiva edir. Ona görə də bu hərbi təlimlərin hər hansı bir dövlətə qarşı yönəlməsi və hədəflərinin olması ilə bağlı səslənən fikirlər əsassız hesab olunur.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, iki ölkə arasındakı qarşılıqlı razılaşmaya əsasən keçirilən hərbi təlimlər həm Türkiyə, həm də Azərbaycan ərazisində keçirilir:

“Bu baxımdan Laçın ərazisində keçirilən hərbi təlimlər də məhz nəzərdə tutulan proqrama əsasən reallaşıb. 15 iyun 2021-ci ildə Şuşada imzalanmış Bəyannaməyə əsasən iki ölkə arasında hərtərəfli münasibətlərin qarşılıqlı əməkdaşlıq müstəvisində daha sıx inkişafı həyata keçirilir. Məhz hərbi sahədə son zamanlar atılan addımlar da bu prinsiplərdən qaynaqlanır”.

Millət vəkili hesab edir ki, son zamanlar qarşı tərəfin müəyyən məsələlərlə bağlı müzakirəyə çıxarmaq istədiyi mövzuların heç bir əhəmiyyəti yoxdur:

“Azərbaycan öz ordusunun müharibədən sonra da inkişafına diqqət ayırır. Bu təlimlər ölkəmizin bütün dünya tərəfindən tanınan ərazisi daxilində reallaşdırır. Burada hansısa bir məntiq axtarmaq da yersizdir. Çünki iki ölkənin hərbi təlimləri heç bir halda üçüncü tərəfə yönəlməyib”.

Cavid Osmanova görə, Laçında qardaş Türkiyə ilə birgə hərbi təlimlər bu ərazilərin əsl sahiblərinin açıq ifadəsi idi:

“Ermənistanın bundan böyük narahatlıq keçirməsi təəssüf doğurur. Burada hər hansı bir hücum və hərbi eskalasiyadan söhbət getmir. Dövlətimizin tanınan ərazisi daxilində istədiyi addımı atması, təlimi keçirməsi onun öz suveren hüququdur. Bunu hansısa bir məqsəd üçün yozmaq və şərh etmək tamamilə yersizdir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər