Politoloq Əli Abbasov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Əli müəllim, Azərbaycan Ordusu 44 günlük müharibədən sonra müttəfiqləri ilə birlikdə daim hərbi təlimlər keçir, döyüş qabiliyyətini artırır. Bu, əsasən nə ilə bağlıdır?
- Öncə nəzərə almaq lazımdır ki, erməni ordusu da hansısa təlimlər keçirir, hərbi qulluqçularını üç aylıq təlim-toplanış mərkəzlərinə çağırırlar. Eləcə də Rusiya ilə birlikdə təlimləri olur. Açıq deyirlər ki, ordumuzu gücləndiririk.
İkincisi, bizim ordumuz da daim təlimlərdədir. Türkiyə və Pakistanla hazırda təlimlər keçiririk. Mənim fikrimcə, bu onu göstərir ki, problemi həll etmək üçün digər imkanlar da var. Əlbəttə, belə təlimlərlə Türkiyə həm də regionda imkanlarını artırır. Sözsüz ki, bu, həm də onu göstərir ki, təhlükələr ola bilər və bəzən olur da. Azərbaycan tərəfi də hazırlıqlarını həyata keçirir.
- Bir neçə gün əvvəl Azərbaycan İran-Ermənistan dövlətlərarası beynəlxalq yolun bizim tərəfimizdən keçən hissəsində post qurdu və oradan keçən avtomobilləri yoxlayır. Sizcə, bu nəyə hesablanır?
- Azərbaycan qanuni fəaliyyət göstərir. Bu, beynəlxalq və milli qanunların tələbidir. Biz orada nəinki avtomobilləri yoxlayırıq, həm də rüsum alırıq. Əlbəttə, biz İranın mövqeyini də görürük. Məsələnin digər tərəfi onunla əlaqəlidir ki, öncədən Azərbaycana məlumat verilməlidir ki, bizim yük nəqliyyat vasitələrimiz Azərbaycan ərazisindən keçməklə Ermənistana daxil olacaq. Amma buna rast gəlinməyib. Azərbaycan da öncədən tərəflərə məlumat verir, bildirir ki, onun ərazisindən tranzit məqsədilə keçən yüklərlə bağlı fəaliyyət göstərəcək, nəzarəti həyata keçirəcək və aydındır ki, buna görə, rüsum da alacaq. Yəni bu, qanuni prosedurdur. O başqa məsələdir ki, İrandan Ermənistana əsasən neft və yanacaq məhsulları gətirilir. Normal halda bunu Azərbaycan da dünya bazarı qiymətinə Ermənistana sata bilər. Burada söhbət yolu kəsməkdən getmir. Bu yüklər Qarabağa da gedib çıxa bilir. Azərbaycanın addımları qanunidir.
- Laçın dəhlizində Azərbaycan gömrükçüləri analoji post qura bilərmi?
- Normal halda bu da olmalıdır. Mənim ehtimalıma görə, bu məsələ Ermənistanla bir sıra problemləri həll etdikdən sonra baş verəcək. Biz görürük ki, Ermənistan ancaq bəyanat verir, amma təşəbbüslə çıxış etmir. Əslində Ermənistan istəyir ki, İrandan Ermənistana, Ermənistandan Abxaziya vasitəsilə Rusiyaya çıxış əldə etdin. Onların son 30 ildə həyata keçirmək istədikləri ən böyük arzuları budur. Fikrimcə, Rusiya buna etiraz etmir, amma istəyir ki, hər iki yol açıq və işlək olsun. Əslində İran da bu yolla Qara dənizə və sonra da Avropaya çıxış əldə edə bilir. Ermənistan isə blokadadan çıxır. Bu ideyaya görə, Abxaziyaya gedən yol Qazax istiqamətinə də çıxır və buradan istifadə etməklə Naxçıvana yol da açılır. Əvvəla, belə bir layihə bizim maraqlarımıza uyğun deyil. Digər tərəfdən də aydındır ki, belə bir yolu çəkmək üçün milyardlar lazımdır. Bizim imkanımız var, eləcə də Rusiyanın. İran və Ermənistanın bunu həyata keçirmək imkanı yoxdur. Ona görə də Ermənistan istəyir ki, buraya Avropa sərmayəsini və ya Çini cəlb etsin.
- Biz müharibədən sonrakı prosesləri müşahidə etdikdə görürük ki, Çinin dövlət başçısı regionda yalnız Azərbaycan Prezidenti İlham Əliyevlə təmas qurub və tərəflərin gündəmində həm də beynəlxalq yollar olub. Bu göstərmirmi ki, Çin bu məsələdə mövqeyini çoxdan seçib?
- Bəli. Çünki indi mərkəzdə olan Azərbaycandır. Sözsüz ki, çox şey Azərbaycandan asılıdır və bunu da kənardan hamı görür. Türkiyə də regionda olmaqla Azərbaycanın imkanları artır. Bunu hamı başa düşür.
- Əslində Qafan-Gorus yolunun Azərbaycandan keçən hissəsi də regional kommunikasiyanın tərkib hissəsidir və hazırda işlək haldadır. Bu baxımdan regionda Zəngəzur dəhlizi daxil olmaqla kommunikasiyaların açılması gözləniləndirmi, yoxsa İrəvan mümkün qədər vaxt uzatmağa cəhd edəcək?
- Bildiyim qədər Naxçıvan tərəfindən iş gedir, yol çəkilir. Komunikasiyaların açılması məsələsi öz həllini tapacaq. Siz də İran və Ermənistanın vəziyyətini bilirsiniz. Hər ikisinin Avropaya çıxışı faktiki blokadadır, Rusiyaya nəqliyyat və yükdaşıma baxımından birləşmək problemi yaşayırlar. Əlbəttə, əgər Gürcüstan İran və Ermənistanın istəyinə müsbət cavab versə, bu halda İran-Ermənistan-Gürcüstan-Abxaziya-Rusiya vasitəsilə yol məsələsi ortaya çıxa bilər. Amma birincisi, bunu çəkmək üçün böyük pullar lazımdır, bu da nə Ermənistanda, nə də İranda var. Ən önəmlisi Gürcüstanın buna razılıq verməsi bir növ Abxaziyanı tanıması deməkdir. Diqqət edəndə gördük ki, Paşinyanın Tiflis səfəri haqqında geniş informasiya olmadı. Ən azından verilən açıqlamalarda bu mövzu barədə danışılmadı. Bu, onu göstərir ki, məsələ açıq qalıb və Gürcüstan bunda maraqlı deyil.
- Ermənistan baş naziri son açıqlamasında Azərbaycanla dövlət sərhədinin müəyyən edilməsini təmin etmək üçün iş apardıqlarını elan etmişdi. Gözləntiniz nədir?
- Azərbaycanda dəfələrlə elan edib ki, dövlət sərhədinin müəyyən edilməsi üçün fəaliyyətə hazırdır. Ermənistan tərəfi də bununla bağlı müsbət açıqlama verdi. Amma tərəflər hazırdırsa, şübhəsiz ki, komissiya yaradılmalı və işlərə başlanılmalıdır. Amma biz görürük ki, komissiya yaradılmır. Ermənistan rəhbərliyi də ancaq bu barədə danışır, amma təşəbbüs göstərmir. Delimitasiya və demarkasiya prosesi asan iş deyil. Biz Gürcüstanla az qala 30 ildir ki, bu işi həyata keçiririk, Rusiya ilə bir neçə il əvvəl başa çatdırmışıq. Əgər Ermənistan buna hazırdırsa, işlərə başlanmalıdır. Çünki bu uzun illər aparılası gözlənilən işdir.