Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin noyabrın 9-da imzaladıqları üçtərəfli bəyanata əsasən Dağlıq Qarabağda yerləşdirilən Rusiya Federasiyası sülhməramlı kontingentinə general-mayor Mixail Kosobokovun komandan təyin olunmasına dair xəbərlər ölkəmizdə həssaslıqla izlənilir.
10 min km²-i azad etdik, 3170 km² hələ də azadlığını gözləyir
Teleqraf.com xatırladır ki, bu da səbəbsiz deyil. Belə ki, Azərbaycan Respublikasının 2020-ci ildə 44 günlük Vətən müharibəsi apararaq işğal altındakı torpaqlarının çox böyük hissəsini (10 min kvadrat kilometrdən artıq) azad etməsinə baxmayaraq hələ də Rusiya sülhməramlılarının gəlişini təmin edən üçtərəfli bəyanatın 4-cü bəndi yerinə yetirilməyib. Halbuki, həmin bənddə “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir” sözü açıq-aydın yazılıb.
Necə olur ki, sülhməramlıların bir gecədə 2397 kilometr məsafə qət edərək “perebroska”sı həyata keçirilir, ancaq Qarabağdan erməni silahlıları çıxarılmır?!
Necə olur ki, üçtərəfli bəyanatın 3-cü bəndi (sülhməramlıların yerləşdirilməsi) Rusiya tərəfindən bəyanatın imzalandığı gecə (noyabrın 10-u gecəsi) dərhal icra olunur, sülhməramlıların lazımi təchizat vasitələri ilə birlikdə Ulyanovskdakı “Ulyanovsk-Vostoçnıy” aerodromundan Qarabağadək olan 2397 kilometr məsafəni qət etməsi mümkün olur, ancaq 4-cü bəndin (erməni silahlı qüvvələrinin çıxarılması) yerinə yetirilməsi 10 aydan artıqdır ki, həyata keçirilmir?! Rusiya sülhməramlılarının Mərkəz Hərbi Dairəsindən “perebroskası” dərhal yerinə yetirildiyi kimi Qarabağdakı qanunsuz birləşmələr də tam tərk-silah olunmalı, Azərbaycanın suverenliyi tam bərpa olunmalıdır.
Sosial şəbəkələri izlədikdə də bu gün Azərbaycan xalqının bunu tələb etdiyini, getdikcə narazılığını daha aydın şəkildə dilə gətirdiyini görmək olar. Dağlı Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onların canının, malının-mülkünün qorunmasına da Azərbaycan dövləti cavabdehdir. Azərbaycan multikulturalizm siyasəti yürüdən, ərazisində yaşayan xalqların hüquq bərabərliyinə təminat verən hüquqi dövlətdir. Rusiya sülhməramlıları da qanunsuz erməni silahlı birləşmələrini ərazimizdən çıxarmalı, Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasını təmin edəcək addımların atılmasına köməklik etməlidir. Bu baş vermədikcə Azərbaycanda Rusiya sülhməramlılarına və Rusiyanın özünə mənfi münasibət davam edəcək. Azərbaycan cəmiyyəti rəsmi Moskvadan bu haqlı narazılığın aradan qaldırılması yönündə addımlar atmağı gözləyir.
Rüstəm Muradovdan xüsusi reveranslar görmədik
Hələlik isə sülhməramlılar Azərbaycan ərazisindədir və bu kontingentin ərazimizdə qalma müddəti üçtərəfli bəyanatın 3-cü bəndində göstərildiyi kimi 5 ildir. Girişdə qeyd etdiyimiz kimi Rusiya sülhməramlılarının fəaliyyəti ölkəmizdə böyük həssaslıqla izlənilir. Həmçinin onların yeni komandanının kimliyi ilə bağlı xəbərlər də böyük maraq doğurur. Hərçənd ki, sülhməramlılara komandanlıq edənin şəxsiyyəti bir o qədər önəmli olmalı deyil. Dağıstan doğumlu, tabasaranlı Rüstəm Muradovun fəaliyyətində Azərbaycana yönəlik xüsusi reveranslar görmədik. Milliyyətcə rus olan Kosobokovdan da hansısa gözləntidə olmağa dəyməz.
Bununla belə jurnalist marağından çıxış edərək M.Kosobokovun həyat və fəaliyyəti ilə bağlı bir sıra məqamları oxucularla bölüşmək qərarına gəldik.
Öncə onu qeyd edək ki, yeni komandanla bağlı açıq mənbələrdə məlumat olduqca azdır. Əgər Rüstəm Muradovla bağlı virtual ensiklopediya – “Vikipediya”da səhifə mövcudursa, M.Kosobokovla bağlı bunu demək mümkün deyil.
Məlum olan odur ki, Mixail Yevgenyeviç 1999-cu ildə Ryazan Qvardiya Ali Hava-Desant Komandirləri Məktəbini bitirib. Qeyd edək ki, ordu generalı Vasili Marqelovun adını daşıyan məktəb 1918-ci ildə təsis olunmaqla Rusiyanın ən qocaman hərbi təhsil müəssisələrindən biridir.
M.Kosobokov sülhməramlı kontingentin komandanı kimi ilk görüşünü Ermənistanın müdafiə naziri Arşak Karapetyanla keçirir. İrəvan, 9 sentyabr 2021-ci il
M.Kosobokov daha sonra M.Frunze adına Hərbi Akademiyada ali hərbi təhsil alıb. Bu akademiyanın vəzifəsi ali hərbi təhsilli zabitlər və ali hərbi xüsusi təhsilli zabitlər hazırlamaqdan ibarətdir (qeyd edək ki M.Frunze adına Hərbi Akademiya 1998-ci ildən RF Silahlı Qüvvələrinin Ümumqoşun Akademiyası adlanır).
Mixail Kosobokov əsasən separatçı bölgələrdə xidmət edib
Mixail Kosobokov ali hərbi təhsilini başa vurduqdan sonra təyinatla RF Silahlı Qüvvələrinin 5 hərbi administrativ vahidindən (Qərb, Cənub, Mərkəz, Şərq hərbi dairələri və Şimal donanması) biri olan Cənub Hərbi Dairəsinə göndərilib. Onun demək olar ki, bütün xidmət müddət bu hərbi dairə ilə bağlıdır. Cənub Hərbi Dairəsinin qoşunları və qüvvələri iki federal dairənin (Cənub və Şimali Qafqaz federal dairələri) inzibati sərhədləri daxilində dislokasiya olunub. Bura Adıgey Respublikası, Dağıstan Respublikası, İnquşetiya Respublikası, Kabardin-Balkar Respublikası, Kalmıkiya Respublikası, Qaraçay-Çərkəz Respublikası, Krım Respublikası, Şimali Osetiya Respublikası – Alaniya, Çeçenistan Respublikası, Krasnodar, Stavropol diyarları, Həştərxan, Volqoqrad və Rostov vilayətləri, Sevastopol şəhəri daxildir.
Bundan əlavə, dairənin üç hərbi bazası Rusiyanın hüdudlarından kənarda yerləşir: separatçı Cənubi Osetiyada, Abxaziyada (1 fevral 2009-cu ildə yaradılıb) və Ermənistanda.
2008-ci ilin avqust müharibəsindən (beşgünlük müharibə) sonra Rusiyanın Gürcüstandan qopararaq müstəqil dövlət kimi tanıdığı separatçı Abxaziyada yerləşən baza 7-ci Rusiya hərbi bazasıdır. Bu baza 49-cu ümumqoşun ordusunun tərkibindədir. M.Kosobokov 2014-cü ilin oktyabrında 7-ci bazanın komandiri təyin olunub. “Regnum” agentliyinin saytında M.Kosobokovun 23 oktyabr 2014-cü ildə qondarma Abxaziyanın “prezidenti” Raul Xadjimba tərəfindən təyinatı münasibətilə qəbul olunduğuna dair məlumat mövcuddur.
Raul Xadjimba görüş zamanı “Rusiya hərbi bazasının əvvəllər olduğu kimi Abxaziya Respublikasının Müdafiə Nazirliyi ilə sıx əlaqədə işləyərək vacib missiyanı - ölkələrimizin təhlükəsizliyini təmin edəcəyinə” ümid etdiyini bildirib.
Alay komandiri isə öz növbəsində əmin edib ki, Rusiyanın köməyi və fəaliyyəti Abxaziyanın inkişafını təmin etmək məqsədi daşıyır.
Müxtəlif dövrlərdə 7-ci bazanın komandiri olmuş şəxslər. Soldan sağa: generallar V.Qubkin, A.Dorofeyev, M.Kosobokov və polkovnik A.Yeqorov. Qudauta, Abxaziya, 2018-ci il
Şəxsi heyətinin sayı 4 min nəfər olan bazanın qərargahı Abxaziyanın kurort şəhəri Qudautada yerləşir.
M.Kosobokov 2017-ci ilədək bu bazaya komandirlik edib.
O, general-mayor ali hərbi rütbəsini burada işlədiyi dövrdə – 20 fevral 2016-cı ildə alıb. Ona Rusiya Federasiyası Prezidentinin 73 saylı fərmanı ilə bu rütbə verilib.
M.Kosobokovla bağlı daha bir maraqlı məlumat ekhokavkaza.com saytında mövcuddur. Saytda 19 iyul 2015-ci ildə yerləşdirilmiş məlumatda bildirilir ki, Abxaziyanın “müdafiə naziri” Merab Kşmariyanın əmri ilə Mixail Kosobokov Abxaziya və Rusiya xalqları arasındakı münasibətlərə verdiyi töhfəyə görə “Abxaziya xalqının 1992-1993-cü illər Vətən müharibəsində qələbəsinin 20 illiyi” medalı ilə təltif edilib.
M.Kosobokov 2017-ci ildən sonra Rusiyanın Ukraynadan qopardığı Krımda xidmət etməyə başlayıb. O, burada Qara dəniz donanmasının ordu korpusunun komandir müavini vəzifəsini yerinə yetirib. Məhz burada işlədiyi dövrdə onun adı Ukraynanın müstəqil qeyri-dövlət təşkilatı olan “Mirotvorets” Mərkəzinin saytının “qara siyahısı”na daxil edilib.
Ukraynanın “Mirotvorets” Mərkəzinin saytından screenshot
Onun adı “terrorçulara döyüş sursatlarının verilməsinə və ona həvalə edilmiş Rusiya ordusunun bölmələrinin Ukraynaya istiqamətləndirilməsinə məsuliyyət daşıdığı üçün” siyahıya daxil edilib.
Mixail Kosobokov Krımda 9 may - Faşizm üzərində Qələbə günü münasibətilə paradın əsas məşqi zamanı. 7 may 2017-ci il, Sevastopol
Teleqraf.com-un araşdırması M.Kosobokovun Krımda xidmətini başa vurduqdan sonra keçən ilin noyabr ayına qədər RF Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin tabeliyində olan 58-ci ümumqoşun ordusunun 42-ci motoatıcı diviziyasına rəhbərlik etdiyini üzə çıxarıb.
“Azadlıq” radiosunun erməni xidməti isə Mixail Kosobokovun son təyinatadək 58-ci ümumqoşun ordusunun komandan müavini vəzifəsini tutduğunu yazır. Sayt qərargahı Vladiqafqaz şəhərində yerləşən 58-ci ordunun hərbi hissələrinin Şimali Qafqazda, həmçinin, mübahisəli bölgə olan Cənubi Osetiyada dislokasiya olunduğunu bildirir.