“Moskva esteblişmentinin daxilində pərdəarxası mübarizə yenilik deyil və həmin mübarizənin də başlıca hədəfi hakimiyyətdir. Son Duma seçkiləri də belə bir mübarizənin konturlarını açıq-aydın göstərdi. Xüsusilə də Kremllə hərbi qanad arasında ziddiyyətlərin dərinləşməsi davam etməkdədir. Belə olduğu halda da Şoyqu və Lavrovdan tutmuş Putinin özünədək hər kəsin kənarlaşdırılması mümkündür, çünki Rusiyada hakimiyyət uğrunda mübarizə hüquq müstəvisində deyil, saray çəkişmələri səviyyəsində gedir”.
Politoloq Ərəstun Oruclunun Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Son günlərdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında intensiv təlimlər keçirilir. Digər yandan, Türkiyə Müdafiə naziri Hulusi Akar çıxışında bildirdi ki, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında gələcəkdə atılacaq addımların başlanğıcıdır. Bu mesajı və təlimləri necə oxumalıyıq?
- İlk növbədə onu qeyd etmək istərdim ki, Şuşa Bəyənnaməsi daha çox deklarativ sənəddir, amma bizə ilk növbədə Azərbaycan-Türkiyə münasibətlərini, o cümlədən də müdafiə və təhlükəsizlik sahələrində müttəfiq münasibətlərini hüquqi müstəvidə möhkəmləndirmək lazımdır. Başqa sözlə, Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin hüquqi bazası yaradılmalıdır və bu, bizim üçün iki ölkə arasındakı münasibətlərdən daha geniş əməkdaşlıq imkanları yaratmış olardı. Mən Azərbaycan-NATO əlaqələrinin perspektivdə inkişafını nəzərdə tuturam. Bunu xüsusilə də indiki geosiyasi dinamika şəraitində yerləşdiyimiz mürəkkəb coğrafiyanın reallıqları tələb edir.
Türkiyənin NATO üzvü olması belə əməkdaşlıq formatında bizi Şimali Atlantika blokuna bir addım da yaxınlaşdıra bilər. Azərbaycan üçün isə bu, ciddi təhlükəsizlik təminatı demək olardı. Şübhəsiz ki, mən riskləri nəzərə almamağı demirəm. Onlar da var, amma NATO ilə əlaqələrimiz sıx olacağı halda əldə edəcəklərimiz itirə biləcəklərimizdən çox olar. Türkiyə isə bu mənada bizim üçün təkcə müttəfiq deyil, həm də Şimali Atlantika alyansına körpüdür.
Yeniliklərə gəlincə, deməliyəm ki, Türkiyə ilə hərbi tərəfdaşlıq bölgədə (Böyük Yaxın Şərqdə) yaranacaq böyük koalisiyada iştirak demək olacaq. Düşünürəm ki, Türkiyənin müdafiə naziri həmin fikirləri söyləyəndə bunu da nəzərdə tutub.
- İranın son zamanlardakı davranışları haqda fikriniz nədir: niyə yenə də müharibədə məğlub olmuş Ermənistanın yanında dayanmaqda davam edir? Üstəgəl, Araz boyu ərazilərdə hərbi təlimlərə başlayaraq öz hədələrini başqa bir müstəviyə daşıyır.
- İranın davranışında yeni heç nə yoxdur və bu gün Tehranda ifrat mühafizəkarların hakimiyyətdə olduğunu nəzərə alsaq, hədələr və təhdidlərin bir qədər də kəskinləşməsi anlaşılandır. Amma bununla yanaşı, bunların yalnız özünəməxsus bir “diplomatik üslub” olduğunu da unutmamalıyıq. İran 40 ildir İsraili “yer üzündən silir”, ABŞ-ı “dağıdır”, digər hansısa ölkələrə nələrisə edir və bunların mütləq əksəriyyəti bir çox hallarda yalnız daxili auditoriya üçün nəzərdə tutulmuş ritorikadan başqa bir şey deyil.
Ermənistana loyallığa gəldikdə, onu deyə bilərəm ki, Tehran üçün İran-Ermənistan münasibətləri hər zaman İran-Azərbaycan münasibətlərindən daha isti olacaq. Bunun da bir çox səbəbləri var. Əsas səbəb şübhəsiz ki, daxilində on milyonlarla azərbaycanlının yaşadığı halda qonşuluğunda müstəqil Azərbaycan dövlətinin mövcud olmasıdır. İran üçün Azərbaycan adlı dövlətin mövcudluğu, yumşaq desək, narahatlıq yaradır. Bu dövlətin dünyəviliyini, İranın sevmədiyi ölkələrlə sıx əlaqələrini, onun son müharibədə hərbi uğur əldə etdiyini, güclü hərbi-siyasi müttəfiqlərinin olmasını da bura əlavə etdikdə, Tehranın narahatlığını başa düşmək olar. Üstəgəl, son hadisələr Azərbaycanla əvvəlki şəkildə davranmağın mümkün olmayacağını da göstərir. Amma dediyim kimi, Tehrandakı radikalların bütün bunlardan nəticə çıxararaq taktikanı dəyişmək istəyi də görünmür.
Hərçənd, İranın daxilində Azərbaycanla münasibətləri yeni müstəviyə keçirməyin zəruri olduğunu söyləyənlər də var, amma görünür, onların səsi hələ eşidilmir. Qaldı təzyiq vasitəsi kimi keçirilən hərbi təlimlərə, indiki mərhələdə bunların effektli olmadığını bir azdan Tehranın özündə də başa düşəcəklər. Bütün daxili problemlərimizə rəğmən, bugünkü Azərbaycan təhdidlə danışılacaq ölkə deyil. Bunu artıq Rusiya da anlamağa başlayıb. Ümid edirəm, zamanla İran da anlayacaq və onda iki ölkə arasında münasibətlər rasional, qarşılıqlı əlverişli formata keçəcək.
- Rusiyanın da Azərbaycana qarşı davranışları kifayət qədər aqressivdir. Rusiya Müdafiə Nazirliyi son açıqlamasında Azərbaycanı Qarabağda atəşkəsi pozmaqda ittiham etdi. Rusiya nədən narahatdır, sizcə, güclənən Türkiyə-Azərbaycan-Pakistan ittifaqı rusların qarşısını ala biləcəkmi? Ümumən Rusiyanın bölgədəki indiki durumunu necə qiymətləndirirsiniz, gələcəkdə onu burada nə gözləyir?
- Rusiyanın aqressivliyinin artacağı gözlənilən idi, çünki Moskvanın 44 günlük müharibədən gözləntiləri və ya planları tam həcmdə reallaşmadı. Burda da onun əsas problemi “böyük qardaş” sindromundan xilas ola bilməməsidir. Rusiya hələ də post-sovet ölkələr üçün artıq metropoliya olmadığı ilə barışa bilmir və bu ölkələrə, o cümlədən də Azərbaycana qarşı daha çox təhdidlərdən istifadə etməklə onları özündən bir qədər də uzaqlaşdırır. Moskvada sanki post-sovet ölkələri ilə bərabərtərəfli münasibətlər qurmağı özlərinə sığışdırmaq istəmirlər. Məhz bunun nəticəsi oldu ki, Moskvada özlərinin yaratmış olduqları Azərbaycan-Ermənistan münaqişəsinə yeni baxış və yanaşma formalaşdıra bilmədilər. Nəticədə Rusiyanın bütün təzyiqlərinə rəğmən bir tərəfdən Azərbaycan özü üçün müttəfiqlər əldə elədi, digər tərəfdən isə Ermənistan Rusiyadan üz döndərdi. Bu isə Rusiya üçün Cənubi Qafqazın itirilməsi deməkdir, amma hətta belə təhlükə reallaşdıqda da Moskva öz yanaşmasına, siyasətinə korrektələr edə bilmir.
Görünür, imperiya ambisiyaları bizim düşündüyümüzdən daha ağır fəsadlar törədib. Azərbaycan-Türkiyə-Pakistan ittifaqının yaranması isə Rusiyanın qarşısında duran aysberqin görünən kiçik bir hissəsidir. Putinin yaxın qonşularına yönəlik xarici siyasəti dərin böhran içərisindədir və bu, Moskvanı təzyiqləri bir qədər də artırmağa sövq edir. Halbuki, dediyim kimi belə yanaşma münasibətlərdəki çatları bir qədər də dərinləşdirir. Rusiyanın Azərbaycanı atəşkəsi pozmaqda ittihamına gəlincə, bunun da öz müsbət tərəfi var. O mənada ki, Rusiya Müdafiə Nazirliyinin bəyanatı Qarabağın dağlıq hissəsində erməni hərbi birləşmələrinin olmasının rəsmi etirafıdır, halbuki onlar orada olmamlıdır və bunu reallaşdırmalı olan tərəf də Rusiya idi. Odur ki, bu gün üçtərəfli bəyanatın şərtlərini pozmaqda ittiham olunmalı tərəf varsa, o da yalnız Rusiyadır.
- Son günlərdə Rusiya mətbuatında Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqunun vəzifələrindən ayrılacağı ilə bağlı iddia dolaşır. Belə bir hal mümkündürmü? Ümumən qarşıdakı dövrdə Putin və komandasını nə gözləyir?
- Moskva esteblişmentinin daxilində pərdəarxası mübarizə yenilik deyil və həmin mübarizənin də başlıca hədəfi hakimiyyətdir. Son Duma seçkiləri də belə bir mübarizənin konturlarını açıq-aydın göstərdi. Xüsusilə də Kremllə hərbi qanad arasında ziddiyyətlərin dərinləşməsi davam etməkdədir. Belə olduğu halda da Şoyqu və Lavrovdan tutmuş Putinin özünədək hər kəsin kənarlaşdırılması mümkündür, çünki Rusiyada hakimiyyət uğrunda mübarizə hüquq müstəvisində deyil, saray çəkişmələri səviyyəsində gedir. Amma bir şey dəqiq bəllidir ki, bu seçkilərin ardınca sonda siyasi sistemdə dəyişikliklərlə nəticələnəcək ciddi proseslər başlanacaq. Daha doğrusu, onlar artıq başlayib. Yəqin ki, yaxın zamanlarda onun təzahürləri və nəticələri özünü daha qabarıq göstərəcək.
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyanın onunla görüşmək istədiyini açıqladı. O dedi ki, Paşinyanla görüşmək üçün şərti var, bunun üçün Ermənistan müsbət addımlar atmalıdır. Sizcə, Paşinyan Rusiyaya qarşı gələrək bu addımı atacaqmı?
- Hər şey, o cümlədən də Paşinyanın Rusiyaya qarşı addım ata biləcəyi də mümkündür. Paşinyan heç indi də Rusiyaya xüsusi ümid bağlamadığını gizlətmir. Burda əsas məsələ siyasi iradədir. Azərbaycan və Türkiyəyə bölgədəki əsas destabilizasiya faktorlarından birinin aradan qaldırılması üçün Ermənistanın Rusiyadan qopması vacibdir. Paşinyanın da Moskvadan uzaqlaşmaq istəyi açıq görünür. Deməli, ən azı bu məsələdə ortaq məxrəcə gəlmək mümkündür. Demirəm ki, bu, asan alınacaq məsələdir, amma mümkün olmayacaq bir dinamika da deyil. Ona görə də indi hər üç ölkəyə həmin ortaq məxrəcdən çıxış etmək vacibdir, amma bunun üçün ilk növbədə az da olsa qarşılıqlı etimad yaranmalıdır. Buna da zaman, istək, siyasi iradə və qətiyyət lazımdır.
Hesab edirəm ki, proses başlamadan şərtlər irəli sürmək məncə, tam rasional yanaşma deyil. Bölgədə sülh, əmin-amanlıq və inkişaf istəyiriksə, ultimatum, şərt və tələblərə istinad etmək sonda uğursuzluğa səbəb ola bilər. Əsas başlamaqdır, şərtlər isə danışıqların gedişində də müəyyənləşdirilə bilər.