“Azərbaycanın 30 ildən sonra ərazilərini azad etməsi bölgədə yeni geosiyasi nizamın əsasını qoydu. İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan hərbi əlaqələrinin yeni müstəviyə çıxarması Ankaranın Cənubi Qafqazdaki mövqeyini gücləndirdi”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Azərbaycan və Türkiyə arasında intensiv hərbi təlimlərin keçirilməsinə diqqət çəkən ekspertin fikrincə, bu, Azərbaycana qarşı təxribatçı addımlar atmaq istəyənlər üçün ciddi mesajdır:
“Bu, həmçinin 10 noyabr və 11 yanvar razılaşmalarının yerinə yetirilməsi üçün də münbit zəmin yaradır. Bu baxımdan, Azərbaycanın güclənməsi və ərazilərini işğaldan azad etməsi bir sıra ölkələr kimi, qonşu İranı da narahat edir. İran son davranışları ilə indiyədək Azərbaycana qarşı qeyri-səmimi olduğunu aşkar formada sübut etdi.
Tehranın narahatlığının əksinə olaraq, Azərbaycan-Türkiyə və Azərbaycan-Türkiyə-Pakistan hərbi təlimləri İrana qarşı yönəlməyib. Amma Tehran bunu özünə qarşı təhdid hesab edərək, Azərbaycan sərhədləri yaxınlığında hərbi manevrlər edir. İran bu təlimlərdə yenə də İsrail əleyhinə şüarlar səsləndirərək, Təl-Əvivin Azərbaycanla münasibətlərini gündəmə gətirir. Qeyd edim ki, Azərbaycan-İsrail əlaqələri 1997-ci ildən yaranıb. Amma İran 1991-ci ildən Ermənistanla sıx əməkdaşlıq edərək, Qarabağın işğal olunmasında ona dəstək verib və işğalçının yeganə nəfəsliyi olub. Yəni İsrail-Azərbaycan əlaqələrindən narahat olan İran ilk növbədə işğalçıya hansı münasibət göstərdiyinə baxmalıdır”.
Məhəmməd Əsədullazadə hesab edir ki, İranın keçirdiyi hərbi təlimlər Azərbaycan üçün çəkindirici amil ola bilməz:
“İndi Azərbaycanın mövqeyi çox güclüdür. Buna görə də o, bizimlə hədə dilində danışa bilməz. Azərbaycan öz sərhədləri daxilində güclənir və təhlükəsizliyinə təhdid olacaq bütün addımların qarşısını almağa qadir olduğunu göstərir. 44 günlük müharibədən sonra İran Cənubi Qafqazdakı mövqeyini itirdi. Əlaqələri gərginləşdirən də İrandır. İranda hakimiyyətə yeni gələn mühafizakarların Azərbaycan siyasəti təhdid üzərində qurulub.
Cənubi Qafqazda İranın iştirakı olmadan yeni hərbi ittifaq qurulur. İrana təhdid Əfqanıstanla sərhədlərindədir, Azərbaycanla yox. Tehran rejimi ünvanı səhv salıbsa, bu səhv onun üçün ciddi mənfi nəticələrə gətirib çıxara bilər”.