“Türkiyə hər zaman Azərbaycana dəstək olub. Hesab edirəm ki, bu iki qardaş dövlətin ən ağır və sevincli günlərdə bir-birinin yanında olması düzgün haldır. Azərbaycan Türkiyəni, Türkiyə isə Azərbaycanı dəstəkləməlidir. Bu mənada Türkiyənin bütün platformalarda Azərbaycan məsələsini qaldırmasına qanunauyğunluq kimi baxmaq lazımdır”.
Bu sözləri Teleqraf.com-a sabiq təhsil naziri Firudin Cəlilov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasında çıxışı zamanı Qarabağ məsələsini gündəmə gətirməsini şərh edərkən bildirib.
Professor qeyd edib ki, Türkiyə daima Qarabağ məsələsində Azərbaycanla eyni mövqedən çıxış edib:
“Daha doğrusu, Türkiyə daim Azərbaycanı dəstəkləyib. Bu, siyasətdə də davam edir. Cənab Ərdoğan da sağ olsun, son illərdə özəlliklə Qarabağ məsələsində çox aktiv iştirak etdi. Bizə dəstək verdi. Bundan başqa, dolayısı ilə qardaş Pakistan bu işə qoşuldu. Artıq beynəlxalq dünya siyasəti içərisində Qarabağ gündəmdə olan məsələdir. Biz gözləməməliyik ki, sabah ABŞ-dan hansısa bəyanat verməyəcəklər. Və ya Fransadan. Bu baxımdan Prezident Ərdoğanın BMT tribunasından növbəti dəfə diqqəti Qarabağ məsələsinə yönəltməsi, Azərbaycanın haqlı mövqeyini dilə gətirməsi sözsüz ki, çox müsbət hadisədir. Bütün bunlar bir qardaşın digər qardaşa kömək etməsidir. Hesab edirəm ki, Ərdoğanın BMT tribunasında bu məsələni gündəmə gətirməsi bir daha bizim haqlı mübarizəmizə əlavə dəstəkdir”.