“İstər Gürcüstanda, istərsə də başqa bir ölkədə olsun, gec-tez danışıqlar davam etdiriləcək. Təbii ki, Gürcüstanın bu təşəbbüsünü yüksək qiymətləndiririk. Onun regionda sülh və sabitliyin yaranmasına xidmət edən addımlarını dəstəkləyirik. Amma söhbət həm də Ermənistanın buna münasibətindən gedir. Yəni bu görüş hazırlanmalıdır və bu görüşün gündəliyində konkret məsələlər yer almalıdır”.
Sabiq diplomat, politoloq Fikrət Sadıqovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Azərbaycan Prezidenti İlham Əliyev Qarabağa qanunsuz yük daşıyan İrana sərt şəkildə etirazını bildirdi. Bundan sonra nə baş verəcək: Azərbaycana qarşı təxribatçı fəaliyyəti faktlarla ifşa edilən İran öz pozucu addımlarını dayandıracaqmı?
- Hər halda biz öz məqsədlərimizə nail ola bildik. Qanunsuz yükdaşımalarına son qoyuldu. Tehran etiraf etdi ki, bu, iki ölkə arasındakı münasibətlərə zidd addımlar idi. Bu işlə məşğul olan şirkətlərə tapşırıq verildi ki, bundan sonra belə hallara yol verməsinlər. Digər yandan, biz sərhədlərimiz yaxınlığında hərbi təlim keçirildiyini görürük. Dövlət başçımız haqlı olaraq belə bir simvolik sual da verdi ki, niyə torpaqlarımız işğal altında olanda bu təlimlər keçirilmədi? O sualı da verdi ki, niyə məhz indi – torpaqlar azad olunandan sonra keçirilir? Bu suallarda dərin məna var.
İranın məqsədi nədir? Əgər biz yaxın qonşuluq siyasəti aparırıqsa, demək, bir-birimizin maraqlarını nəzərə almalıyıq. Ən azı ona görə ki, ortada İslam həmrəyliyi kimi bir məsələ var. Hər halda Tehranda tez-tez bu şüar səsləndirilir. Düşünürəm ki, bu baxımdan, dövlət başçısının açıqlamalarında bir sıra mesajlar var. Şübhə etmirəm ki, Tehranda bu mesajları eşitdilər.
- Bir neçə gündür Azərbaycanla sərhəd bölgələrində hərbi təlimlər keçirən İran bununla nə demək istəyir?
- Burada bir “əzələ nümayişi” var. Görünür, bizim qanunsuz yükdaşımaları ilə bağlı siyasi addımlarımızdan narazıdırlar. Onlar görürlər ki, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra kifayət qədər güclənib. Bu güclənmə Azərbaycanın Türkiyə ilə yaxınlaşmasıyla müşayiət olunur. Yəni Azərbaycan-Türkiyə müttəfiqliyi bu regionda artıq böyük bir gücdür. Görünür, bu, İranda bəzi dairələri qıcıqlandırır, narahat edir.
İran Ermənistanı dəstəkləyir. Qarabağdakı separatçılara yanacaq göndərir, hərbi təlimlər keçirir. Bunlar da Azərbaycanın maraqlarına zidd addımlardır. Buna görə də, dövlət başçısı haqlı olaraq öz iradlarını İrana çatdırdı.
- Gürcüstan Baş naziri İrakli Qaribaşvili dedi ki, Tiflis Bakı və İrəvan arasında yüksək səviyyədə danışıqlar üçün platforma qurmağı planlaşdırır. Sizcə, söhbət nədən gedə bilər, Gürcüstanın tərəflər arasındakı bu vasitəçilik səyləri nədən xəbər verir?
- İstər Gürcüstanda, istərsə də başqa bir ölkədə olsun, gec-tez danışıqlar davam etdiriləcək. Təbii ki, Gürcüstanın bu təşəbbüsünü yüksək qiymətləndiririk. Onun regionda sülh və sabitliyin yaranmasına xidmət edən addımlarını dəstəkləyiri. Amma söhbət həm də Ermənistanın buna münasibətindən gedir. Yəni bu görüş hazırlanmalıdır və bu görüşün gündəliyində konkret məsələlər yer almalıdır.
İlk növbədə Ermənistanın Azərbaycana qarşı əsassız iddiaları və şərtləri aradan qaldırılmalıdır. Bizə müəyyən şərtlər irəli sürülür. Ermənistan indiyədək nə Zəngəzur dəhlizini açıb, nə də mina xəritələrini bizə vermək istəyir. Müharibədən sonra bizim yüz nəfərdən artıq insanımız bu minalar səbəbindən həlak olub.
Hesab edirəm ki, Ermənistan ehtimal olunan bu görüşdən əvvəl müəyyən addımlar atmalıdır. Dövlət başçısı da kifayət ədər aydın şəkildə bildirdi ki, əgər Zəngəzur dəhlizi açılmasa, biz onu buna məcbur edəcəyik. Çünki bölgədəki kommunikasiyaların açılması 10 noyabr bəyanatında yer alır. Demək ki, biz Ermənistandan başqa bir şey istəmirik. Biz bu bəyanatın bəndlərinin yerinə yetirilməsini tələb edirik. Ermənistan da bu bəndləri yerinə yetirməlidir. Buna görə də, Gürcüstanın bu yöndəki təşəbbüslərini dəstəkləyirik.
- Bəs ABŞ-ın Ermənistan-Azərbaycan gərginliyi ilə bağlı fəallığı nəyə hesablanıb? Son bir həftədə ABŞ-dan rəsmi qaydada bir neçə açıqlama verilib, üstəgəl, Amerikanın İrəvandakı səfirinin fəallığı da diqqətdən yayınmır.
- Bu, bizim yeni bir şey deyil. Rusiya və Fransa ilə yanaşı, ABŞ da Minsk qrupunun həmsədridir. Həmsədrlər 30 il ərzində oyunbazlıqla məşğul idilər, biz bunu görürdük. Məhz həmsədrlərin fəaliyyətsizliyinin nəticəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrini beynəlxalq hüquq normalarına uyğun olaraq, özümüz yerinə yetirdik. İndi biz bunu etdikdən sonra müxtəlif bəyanatlar səsləndirirlər, gurultulu açıqlamalar verirlər. Əgər onlar bu regionda təhlükəsizliyin bərpasında maraqlıdırlarsa, gərək nə status haqda danışsınlar, nə də Azərbaycanı Ermənistanla bərabərləşdirsinlər. Bunu istəyirlərsə, diplomatik müstəvidə konkret addımlar atmalıdırlar, Ermənistana təzyiq etməlidirlər.
Sülh və sabitlik istəyirlərsə, Ermənistanın başını sığallamamalıdırlar. Çünki nə status var, nə də onların burada hərbi əsirləri var. Azərbaycanda saxlanılanlar hərbi əsir yox, terrorçudurlar. Çünki üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan sərhədində təxribata əl atıblar.
Əsas məsələlərdən biri də budur ki, sərhədlərin demarkasiyası baş versin, dəhliz açılsın və sülh sazişi imzalansın. Böyük dövlətlər bu yöndə konkret addımlar atmalıdır. Məsələlər gurultulu bəyanatlarla həll olunmur.
- Rusiya və Türkiyə prezidentlərinin görüşündən gözləntiniz nədir: Qarabağla bağlı hansı məsələlər razılaşdırıla bilər?
- Türkiyə-Rusiya münasibətləri normal səviyyədədir. Bunu hər iki tərəf təsdiq və etiraf edir. Amma onların arasında ziddiyyətli məqamlar da var. Məsələn, anlaşmaya baxmayaraq, Rusiya qırıcıları İdlibi bombalayır. Prezident Ərdoğan isə BMT-nin tribunasından elan edir ki, Türkiyə Krımda keçirilmiş seçkiləri tanımır, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Bunlar təsadüfən baş vermir. Düşünürəm ki, onların arasındakı əsas ziddiyyətli məqamlar Yaxın Şərq və Suriya ilə bağlıdır.
İndi Türkiyəni narahat edən əsas məsələ Suriya vətəndaşlarının öz sərhədlərinə axınıdır. Növbəti böyük bir qaçqın dalğası Türkiyəni qane edə bilməz. Digər tərəfdən, görürük ki, Bəşər Əsəd Moskvaya gedir, Putinin qarşısında Türkiyə ilə bağlı müəyyən məsələləri qaldırır və sair. Buna görə düşünürəm ki, bu görüşdə əsas müzakirə mövzusu Suriya olacaq. Digər yandan, Rusiyadan “S-400” sistemlərinin alınması müzakirə ediləcək.
Şübhə etmirəm ki, Cənubi Qafqazla bağlı məsələlər, eləcə də Türkiyə-Ermənistan münasibətləri və Rusiyanın bölgədəki proseslərdə rolu ciddi şəkildə müzakirə olunacaq. Ona da şübhə etmirəm ki, Türkiyənin lideri bizim müttəfiqimiz kimi bu görüşdə bizi dəstəkləyəcək, yanımızda olacaq və mövqeyimizi açıq şəkildə Putinə çatdıracaq.