14 Oktyabr 2021 15:56
2 415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gündən sonra müstəqilliyimizin bərpa edilməsinin 30 ili tamam olacaq. Bu günün qeyd olunmasının xüsusi əhəmiyyəti var. Bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan bu müstəqilliyi mübarizə aparmaqla, şəhid verməklə bərpa edib. Bu il xalqımız ilk dəfə bu bayramı öz ərazi bütövlüyünü bərpa etmiş, qalib xalq kimi qeyd edəcək. Dövlətçilik tariximizdə xüsusi əhəmiyyət kəsb edən günlərin mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması məsələsi də zərurətdir.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor qeyd edib ki, 103 il bundan əvvəl elan olunan İstiqlal Bəyannaməsi ilə qadınlarımız seçmək və seçilmək hüququ qazanıb: “Bu, müsəlman və Türk dünyasında ilk hadisə idi. Eləcə də biz bir sıra qabaqcıl Avropa ölkələri ilə eyni sırada dayanırdıq. Həmin dövrdə Azərbaycan bir çox region ölkələrindən fərqli olaraq, ərazi iddiası sürmür və digər siyasi maraqların ardınca getmirdi. Müstəqil dövlət qurmaq, onun rəsmən tanınması, müdafiəsi və insan hüquqlarının təsbit edilməsi üçün gərgin mübarizə aparırdıq. Ümumiyyətlə, insan hüquq və azadlıqlarının bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması təmin edilib. AXC parlamenti tərəfindən qadın və uşaqlarla bağlı, xüsusilə də 16 yaşadək uşaqların işləməsinin qadağan olunması, qadınların səhhətinə və fiziki imkanlarına uyğun olmayan işlərə qəbul edilməməsi məsələlərə dair qərarlar qəbul edilib. Həmçinin hamilə qadınlara güzəştlər edilməsi, müəssisələrdə işləyən qadınların südəmər uşaqları üçün xüsusi yerlərin ayrılması, uşaq bağçalarının açılması, məktəblərin sayının artırılması və digər məsələlərlə bağlı aparılan müzakirələr və qəbul olunan qanunlar həmin dövrdə qadınlar üçün yaradılan imkanların parlaq nümunəsi sayılır. Həmin dövrdə də qadınların əmək hüquqları müdafiə olunurdu. Azərbaycanın bütün müəssisələrində müxtəlif millətlərdən olan qadınlar eyni şərtlərlə çalışırdılar. Bütün bu faktlar demokratik, insan hüquq və azadlıqlarını yüksək səviyyədə təmin etməyə çalışan bir dövlətin varisi olduğumuzu əsaslandırır”.

Millət vəkili xatırladıb ki, SSRİ-nin süqutundan cəmi 3 gün sonra, yəni 1991-ci ilin dekabrın 29-da Azərbaycanda müstəqillik haqqında referendum keçirilib: “Xalqın böyük əksəriyyəti, Referendumun lehinə səs verib. 30 il bundan əvvəl isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı ilə dövlət müstəqilliyimiz bərpa edilib. Bu sənəd 1918-ci il mayın 28-də qəbul olunmuş İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq, "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutur. Azərbaycan Respublikası 1918-ci ilin 28 mayında qurulan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi, hüquqi varisidir. Bu bizim qanunvericiliyimizdə də təsbit edilib”.

Komitə sədri hesab edir ki, bütün bu tarixi xronologiyanı nəzərə alaraq “28 may- Müstəqillik günü”, “18 oktyabr isə Müstəqilliyin bərpa edilməsi günü” kimi qeyd edilməsi məntiqlidir.


Müəllif: Tapdıq Qurbanlı