MDB-nın Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasda Prezident İlham Əliyevin çıxışı böyük maraqla qarşılanıb. Dövlət başçısı qalib ölkənin rəhbəri kimi qətiyyətli, məntiqli, hədəflərə hesablanan çıxışı mühüm məsələləri əhatə edirdi. Prezident post-müharibə dövründə regionun yeni geosiyasi vəziyyəti haqqında prioritetləri açıqladı. Bu da Azərbaycanın bölgədə sülhə, əməkdaşlığa təhlükəsizliyə olan münasibətini ortaya qoymuş olur.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində BMT-nin qətnamələrini icra edib: “Beynəlxalq hüququn norma və prinsiplərini ölkəmiz təkbaşına təmin etdi. Azərbaycan Silahlı Qüvvələri bölgədə sülhə və sabitliyiə başlıca təhlükə olan münaqişəyə son qoyub. Eyni zamanda regionda təhlükəli tendensiya olan separatizmə zərbə vurulub. Bu da müasir dövrdə dövlətlərin və beynəlxalq birliyin çağırış tə tövsiyələrinin başlıca prinsipi kimi qəbul oluna bilər”.
Millət vəkili hesab edir ki, Azərbaycan bölgədə sülhün və təhlükəsizliyin qarantıdır: “Söszüz ki, toplantıda Prezident İlham Əliyevin qalib ölkənin Ali Baş Komandanı kimi çıxışı, məsələlərə əhatəli yanaşması fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın əzik, psixoloji durumu da diqqət çəkdi. Bu isə yeni bir reallıqdır. Çünki qalib Azərbaycan bu gün diktə edən tərəfdir. 30 ilə yaxın hüquqları pozulan, ərazisi işğalda qalan bir dövlət indi özünün bütün fundamental prinsiplərini təmin edib. Məhz bu illər ərzində də Azərbaycanın çağırışı o idi ki, bölgədə real təhlükə olan Ermənistanın qəsbkarlıq siyasətinə son qoyulmalıdır. Amma nə bu proseslə birbaşa məşğul olan təşkilatlar, nə də beynəlxalq birlik konkret addım atmadı”.
Vüqar İskəndərov bildirib ki, Azərbaycan Ermənistanın ərazi iddialarına son qoyması, sərhədlərin delimitasiya və demarkasiyası əsasında sülh danışıqlarına hazır olduğu bəyan edildi: “Bu dövlətimizin bölgənin gələcəyi ilə bağlı olan niyyətini, xalqların qarşılıqlı təmaslarını, dövlətlərin inkişafını özündə ehtiva edən yanaşmasıdır”.