19 Oktyabr 2021 21:13
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sovet İttifaqının dağılmasının çox ciddi obyektiv və subyektiv səbəbləri mövcuddur. Nüfuzlu dünya ekspertlərinin gəldiyi nəticəyə görə, sovet ittifaqının dağılması həm də labüd proses olub. Eyni məntiqlə də sovet ittifaqının tərkibinə daxil olan 15 respublikanın müstəqillik əldə etməsi də başqa bir labüd proses idi. İttifaqının tərkibinə daxil olan respublikaların hər biri öz müstəqilliyini elan etdi. Bu baxımdan da Azərbaycan xalq hərəkatının”qəhrəmanlarının” müstəqilliyin əldə edilməsində “fədakarlıq” göstərmələrini gözə soxmalarının heç bir əsası yoxdur.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputatın fikrincə, belə iddiada olanlar nümunə üçün bir respublika göstərsinlər ki, orada xalq hərakatı müstəqillik əldə etməyib: “Hətta xalq hərakatının olmadığı respublikalar da müstəqillik əldə edib. Ancaq təəssüf hissi ilə qeyd edirik ki, Azərbaycanda xalq hərakatının “qəhrəmanları” baş verən prosesləri sovet ittifaqı kimi nəhəng bir imperiyanın dağılması ilə bağlı prosesləri düzgün qiymətləndirə bilmədilər. Nəticədə, məhz onların “fəaliyyəti” Azərbaycanın müstəqilliyini qan bahasına, ərazi itgiləri ilə yekunlaşmasını şərtləndirdi”.

Millət vəkilinə görə, ölkə Prezidenti oktyabrın 17-də Füzulidə səfərdə olarkəndə bu məsələyə toxunaraq vuğulayıb ki, keçmiş SSRİ-i respublikalarının müstəqillik əldə etməsi tarixinə nəzər yetirilməlidir: “Azərbaycanda müstəqilliyinin bərpa edilməsi tarixi 18 oktyabrda qeyd edilir. Amma buna qədər sovet ittifaqının əksər respublikaları öz müstəqilliyini elan etmişdi. İlk növbədə Litva, Gürcüstan, Ukrayna, Mərkəzi Asiya ölkələri öz müstəqilliklərini elan etmişdilər. Hətta işğalçı Ermənistan sentyabrın 21-də müstəqillyini elan etmişdi. Amma Azərbaycanda o zamankı hakimiyyət bu məsələni yubatmaqla gözləmə mövqeyini tuturdu. Ona görə də, Azərbaycan ən gec yəni, 18 oktyabrda müstəqilliyini elan edən edib. Amma bu gün bəzilərinin əllərini sinəsinə döyüb müstəqilliyin əldə edilməsindəki “qəhrəmanlığını” qabartması heç yerinə düşmür”.

Elman Nəsirov hesab edir ki, həmin dövrdə olan xalq hərakatının üzvləri çox böyük məsuliyyət daşıyırlar: “Bu müstəqilliyin qan bahasına başa gəlməsi, ərazi itgiləri ilə yekunlaşmasının çox böyük məsuliyyəti məhz onların üzərində düşür”.


Müəllif: Tapdıq Qurbanlı