Xalqımız böyük qürur və sevinc hissi ilə Şanlı Qələbəmizin ildönümünü qeyd etməyə hazırlaşır. Ötən ilin 27 sentyabrında başlayan və 10 noyabrda düşmənin danışıqsız təslim olması ilə bitən Zəfər müharibəsini çox haqlı olaraq Vətən müharibəsi adlandırırıq. Bu mühüm tarixi əlamətdar dönəmə Şanlı Vətən Müharibəsi desək daha doğru olar. Ümumiyyətlə, qəhrəman hərbçilərimizin 44 günlük yürüşünü bütün gözəl epitetlərlə bəzəsək, yenə də o fədakarlığın tam mənzərəsini ifadə edə bilməyəcəyik. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında yenilməz Azərbaycan Ordusu təkcə tarix yazmadı, həm də yeni coğrafiya yaratdı! Haqqın təntənəsi, ədalətin zəfəri olan bu döyüşlər cəmi 44 gün davam etsə də, əslində çoxdan, ötən əsrdən başlamışdı.
Bunu Teleqraf.com-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.
O qeyd edib ki, 1993-cü ilə qədər xalqın arzusu və istəyi ilə Ümummilli lider Heydər Əliyev respublikamızın rəhbərliyinə gələnə qədər çox məhrumiyyətlər yaşadıq, çox acılar çəkdik, xalqımız da, torpağımız da bölündü, parçalandı, milli varlığımız qəsb olunmaq təhlükəsi ilə üz-üzə qaldı: “Xilaskar 15 iyunda gəldi. Məhz Zəfər günümüzün başlanğıc tarixi həm də Qurtuluş günümüzdür! Məhz Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyası nəticəsində dövlətçiliyimiz bərqərar oldu, qorunub saxlandı, daxili xəyanətlər dəf edildi, xarici təhdidlər aradan qaldırıldı, müasir qüdrətli Azərbaycan dövlətinin təməl daşları möhkəm özüllər üzərində qoyuldu”.
Komitə sədri bildirib ki, Prezident xalqını təkcə həsrətində olduğu torpaqlara deyil, həm də şərəfli, qürurlu sabahlara çatdırdı:
"Cənab İlham Əliyev öz xalqının əsil Lideri kimi, təmkinli, məqsədyönlü, ardıcıl və cəsarətli, sərrast siyasi addımlarla 17 il ərzində tarixi qələbəmizi günbəgün yaxınlaşdırdı. Dövlət başçısının çoxşaxəli siyasi fəaliyyəti sayəsində beynəlxalq aləmdə nüfuzumuz yüksəldi, haqq sözümüz haqq işimizə çevrildi, dostlarımız çoxaldı, düşmən qüvvələr neytrallaşdırıldı. XXI əsrin döyüş qabliyyətli Ordusunu yaratdıq, hərbi sənaye kompleksimizi qurduq, öz silahlarımızı istehsal etdik. Ən əsası, cənab İlham Əliyevin rəhbərliyi dövründə milli ruhda böyümüş və vətənpərvərlik tərbiyəsi almış cəsarətli və nikbin gənc nəsil yetişdi. Qələbəni təmin edən faktorların içərisində ən birincisi isə, heç şübhəsiz ki, öz xalqına güvənən və xalqın böyük etimadına sahib olan xarizmatik liderin-Ali Baş Komandan İlham Əliyevin varlığı idi. Məhz cənab İlham Əliyevin dəmir yumruğunun gücü ilə Milli Ordumuz düşmənin başını əzdi, onu rəzil günə saldı, qorxaqlar və fərarilər yığınına çevirdi”.
Musa Quliyev söyləyib ki, bu şərəfli günləri bizə yaşatdıqlarına görə, qürur və and yerimiz olan şəhidlərimizə, qəhrəman qazilərimizə borcluyuq: “Biz bəlkə indi də qələbənin eyforiyasını yaşayırıq və çoxumuz hələ də, bu qələbənin dünyanın tək hərb və siyasət deyil, həm də tarix və coğrafiya dərsliklərinin yeni səhifələri olduğunun fərqində deyilik! Bu qələbənin əsil qiymətini tarix verəcək. Zaman isə dayanmır. Bir il bir andaca keçib getdi. Bu bir il təkcə leksikonumuza gör nə qədər yeni sözlər gətirdi: "Hərbi qənimətlər parkı", "Zəfər paradı", "Yaşat Fondu", "Minatəmizləmə Agentliyi", "Suqovuşan", "Şuşa- Azərbaycanın mədəniyyət paytaxtı", "Zəngəzur dəhlizi", "Xarı bülbül festivalı", "Vaqif Poeziya günləri", " ağıllı kəndlər, ağıllı şəhərlər", " Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları", "Füzuli aeroportu", "Dost aqropark", "Murovdağ tuneli" və s. Bu terminlərin arxasında və önündə gör nə qədər yeni ideyalar, əmək, fəaliyyət dayanır”.
Millət vəkili xatırladıb ki, gələn il işğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işlərinin aparılması üçün büdcədən 2.2 milyard manat vəsait ayrılması nəzərdə tutulur: “Yəqin ki, digər mənbələr də tapılacaq və daha böyük investisiyalar yatırılması imkanları olacaq, minlərlə iş yerləri yaranacaq. Gələn ildən başlayaraq keçmiş məcburi köçkünlər yavaş-yavaş öz yurdlarına dönəcəklər”.
Deputatın fikrincə, Prezident İlham Əliyev tarixi qələbə əldə etməklə həm də regionun reallığını və taleyini dəyişdi, yeni çağırışlara imza atdı: “Bu çağırış işıqlı sabahların, tərəqqinin, rifahın təntənəsi, güdrətli dövləti olan xoşbəxt və qürurlu xalqın səsidir”.