5 Noyabr 2021 13:50
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilib. Pandemiyadan əvvəl ölkəmizdə hər il bir neçə mötəbər beynəlxalq siyasi, iqtisadi, yaxud mədəni-humanitar tədbirlər keçirilib. Hazırda Bakıda VIII Bakı Qlobal Forumu keçirilir. Bakı Qlobal Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan ənənəvi platformadır. İndiyədək 7 Forum gerçəkləşib və həmin forumlarda yüzlərlə nüfuzlu xarici qonaqlar təmsil olunub. Forumlarda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, dünyanın bir sıra tanınmış ictimai-siyasi xadimləri və dövlət rəsmiləri iştirak edir.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Forumlarda dünyanı narahat edən aktual problemlər ətrafında geniş müzakirələr aparılır, problemlərdən çıxış yolları üçün müxtəlif fikir və təkliflər səsləndirlir: “VIII Qlobal Bakı Forumunun isə 2020-ci ildə keçirilməsi nəzərdə tutulsa da, mövcud vəziyyətlə əlaqədar bu baş tutmayıb. “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən VIII Qlobal Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edir. Mövzunun aktuallığı ilə yanaşı, builki Forumun ən mühüm özəlliyi məhz Zəfər Günü bayramı öncəsi keçirilməsidir. Yeri gəlmişkən, Forum çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvlərinin və digər iştirakçıların Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfəri də planlaşdırılıb. Bu da çox təqdirəlayiq haldır”.

Millət vəkilinin sözlərinə görə, Forumun mövzusunun COVİD-19 pandemiyasına həsr olunması təsadüfi deyil: “Artıq iki ildir ki, bütün bəşəriyyət bu bəla ilə üzləşib və pandemiya ilə mübarizəyə həsr olunub. Hər bir ölkə və xalq normal həyat tərzinə qayıtmaq istəyir. Bu baxımdan, Forumda pandemiyadan sonrakı həyatla bağlı düşüncələrin, səslənməsi, müzakirələrin aparılması olduqca aktualdır. Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə dünyanın ən öndəgedən ölkələri sırasındadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz öz vətəndaşlarının sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirir. Pandemiyanın başladığı vaxtdan etibarən sistemli, qabaqlayıcı tədbirlər görülüb, əhalinin sağlamlığının qorunması ilə yanaşı sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də mühüm proqram və layihələr gerçəkləşdirib. Həmçinin ölkəmiz pandemiya ilə qlobal mübarizədə bir sıra təşəbbüslərlə çıxış edib. Azərbaycanın pandemiya dövründə də ümumbəşəri dəyərlərə sadiq qalan və humanitar təşəbbüslərlə çıxış edən ölkə kimi özünü təsdiq edib. Pandemiyaya qalib gəlmək üçün qlobal həmrəylik strateji əhəmiyyət kəsb edir. Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ etməklə yanaşı, Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış edib. Bu sırada Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısı və 2020-ci ilin dekabr ayında 150-dən çox dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası ölkəmizin beynəlxalq təşəbbüslərinin önəmini göstərir”.

Sevinc Fətəliyeva Prezident İlham Əliyevin Forumda dərin məzmunlu çıxışının mühüm əhəmiyyətindən bəhs edib: “Dövlətimizin başçısı çıxışında pandemiya ilə mübarizə tədbirləri haqqında fikirlərini bildirməklə yanaşı İkinci Qarabağ müharibəsi haqqında da məlumat verdi. Birinci Forumdan başlayaraq bütün forumlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında geniş danışılırdı. Artıq münaqişə başa çatıb. Dövlət başçısı qarşıda dayan hədəflər barədə və regionun gələcək inkişaf perspektivləri haqqında fikirlərini ifadə etdi. Bu səbəbdən də Azərbaycanın perspektiv inkişafı və dünyada artan nüfuzu haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından Qlobal Bakı Forumu mühüm platforma olaraq qalacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər