15 Noyabr 2021 20:25
22 859
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənilər son günlərdə bir çox təkliflər veriblər. Gah Türkiyə ilə münasibətlərin normallaşmasından danışırlar, gah Naxçıvanla Azərbaycan arasında avtomobil və dəmir yollarının açılacağını bildirlər, gah da Zəngəzur dəhlizinə alternativ irəli sürürlər və s. Bunlarla yanaşı, öz çirkin əməllərindən əl çəkmirlər. Əllərində də heç nə yoxdur. Guya nəyə nail olacaqlar? Atəş açmaqla Laçını, Kəlbəcəri yenidən işğal edəsi deyillər. Azərbaycanın orada kifayət qədər gücü və imkanları var. Sadəcə belə addımlar atmaqla ürək bulandırmağa, bizim üçün xoşagəlməz ovqat yaratmağa çalışırlar”.

Azərbaycan ordusunun ehtiyatda olan polkovniki, hərbi ekspert Üzeyir Cəfərovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Ermənilər Qarabağda təxribatlarını davam etdirirlər. Ötən günlərdə terrorçu Norayr Mirzoyan Azərbaycan postuna əl qumbarası atdı. Bu olay və separatçıların son günlərdəki fəallığı nə ilə bağlıdır?

- Bunun çox sadə cavabı var, Ermənistan ona verilən tapşırığı yerinə yetirir. Çünki Ermənistan o gücdə deyil ki, Azərbaycana müqavimət göstərə bilsin. Ermənistana ayaqda qalması üçün xeyli hərbi və iqtisadi güc lazımdır. Buna görə də, Ermənistan ona verilən tapşırığı icra edir, bu tapşırıq ATƏT-in Minsk qrupunun həmsdərlərindən gəlir. İlk növbədə tapşırıq Rusiyadan, sonra Fransa və ABŞ-dan verilib ki, vəziyyət gərginləşsin, qan tökülsün və bunun nəticəsində həmsdərlər dövriyyəyə girsinlər, yenə də mənasız danışıqlar başlasın, delimitasiya və demarkasiya məsələləri arxa plana keçsin. Yəni bunların hamısı oyundur.

Mirzoyan olayı da göstərir ki, bunun arxasında türk dünyasının güclənməsini Moskvanın həzm edə bilməməsi durur. Moskva Türk Şurasının İstanbulda keçirilən son toplantısını heç cür həzm edə bilmir. Yeni bir gücün, region və dünyada söz sahibi ola biləcək yeni bir gücün formalaşmasından çox böyük əndişə keçirirlər. Buna başqa cür yanaşa bilmirəm.

Çünki Azərbaycan Baş Prokurorluğu 4 maddə ilə cinayət işi açmasından sonra sülhməramlıların borcu idi ki, onu Azərbaycan tərəfinə təhvil versin. Bu hadisə Azərbaycan ərazisində baş verib və bu adam müharibədə qeyri-qanuni yolla əldə etdiyi silahla azərbaycanlılara qarşı cinayətlər törədib. Son cinayətdən sonra isə Rusiya terrorçunu Ermənistana qaytardı.

- Bəs niyə belə etdilər?

- Aydındır ki, bu, bir növ Azərbaycana acıq vermək və onun əsəbləri ilə oynamaqdır. Mənim da təklifim budur ki, biz də bundan sonra Azərbaycan olaraq Rusiyanın İnterpolla axtarışa verdiyi şəxsləri Moskvaya qaytarmayaq. Onda Rusiya başa düşəcək ki, Azərbaycanın qanunlarına hörmətlə yanaşmaq lazımdır.

Məsələnin digər – mətbuata açıqlanmayan və dilə gətirilməyən tərəfləri də var. Açığı, mən çox narahatam ki, biz bəzi məsələlərdə bir qədər yumşaqlıq nümayiş etdiririk. Belə yumşaqlıq olmamalıdır. Belə yanaşma bizə sonralar böyük problemlər yarada bilər. Gəlib Azərbaycan ərazilərində kilsə tikirlər, tarixi şəxsiyyətlərinə abidlər qoyurlar və buna heç bir açıqlama vermirlər. Bu nə deməkdir?! Üstəlik, Ermənistanı da şirnikləndirirlər. Baxın, son günlər hansı biabırçılıqlar baş verir. Laçın, Kəlbəcər istiqamətində təxribatlara əl atırlar. Bunlar da o oyunların davamıdır. Belə olmamalıdır.

Ermənistan müdafiə naziri Arşak Karapetyan Rusiya sülhməramlılarının xeyir-duası ilə Azərbaycan ərazilərinə gəldi. Rusiya bunun qarşısını almalı idi. Amma biz görürük ki, Rusiya çox rahat şəkildə ona da, Serj Sərkisyana da, Robert Köçəryana da Xankəndinə gəlməyə imkan yaradır. Bu olayların kulminasiya nöqtəsi Araik Arutyunyanın “yerli əhalisinin silahlandırılması” ilə bağlı verdiyi bəyanat oldu. O, açıq şəkildə dedi ki, “Rusiya bizə hərbi-siyasi dəstək verir və verəcək”.

Arutyunyanın bu bir cümləsi hər şeyi ortaya qoyur. Azərbaycanın beynəlxalq axtarışa verdiyi Araik Arutyunyan indiyədək Rusiya tərəfindən həbs olunmur. Niyə onu Azərbaycana təhvil vermirlər? Baş verənlər tapşırıq əsasında cərəyan edir, buna görə də Azərbaycan son dərəcə diqqətli və ehtiyatlı olmalıdır. Biz ürəyimizin yumşaqlığına görə başqa cür düşünürük, amma gördüyümüz mənzərələr biz son dərəcə pis təsir edir.

Son hadisə Azərbaycan cəmiyyətində dərin hiddət və nifrət yaradıb. Bundan istifadə edərək həm cəmiyyəti hökumətlə üz-üzə qoymaq istəyirlər, həm də digər fitnə-fəsadlarını həyata keçirməyə çalışırlar.

- Söhbət nədən gedir?

- Azərbaycan və Türkiyənin yaxınlaşmasından narahat olanlar var. Türkiyə və Azərbaycan qardaş dövlətlərdir. Azərbaycanla Türkiyənin yaxınlaşması, eyni mövqedən çıxış etməsi bəzilərinə çox pis təsir edir. Açıq büruzə vermirlər, amma bunu “ilanı Seyid Əhmədin əli ilə tutmaq” kimi davranışlara yol verirlər. Bunun da qarşısı alınmalıdır. Onlar belə yanaşmalarla heç nə qazanmayacaqlar, əksinə, itirəcəklər.

Ermənilər son günlərdə bir çox təkliflər veriblər. Gah Türkiyə ilə münasibətlərin normallaşmasından danışırlar, gah Naxçıvanla Azərbaycan arasında avtomobil və dəmir yollarının açılacağını bildirlər, gah da Zəngəzur dəhlizinə alternativ irəli sürürlər və s. Bunlarla yanaşı, öz çirkin əməllərindən əl çəkmirlər. Əllərində də heç nə yoxdur. Guya nəyə nail olacaqlar? Atəş açmaqla Laçını, Kəlbəcəri yenidən işğal edəsi deyillər. Azərbaycanın orada kifayət qədər gücü və imkanları var. Sadəcə belə addımlar atmaqla ürək bulandırmağa, bizim üçün xoşagəlməz ovqat yaratmağa çalışırlar.

- Olay baş verərkən hərbçilərimiz terrorçunu hadisə yerində zərərsizləşdirməli idilərmi?

- Artıq hadisə baş verib. Amma hesab edirəm ki, dərhal silah işlədilməliydi və onu cəhənnəmə vasil etmək lazım idi. Çünki o, ən azı bizim hərbi qulluqçularımız üçün həyati təhlükə yaratmışdı. Ona xəbərdarlıq atəşi açılmamalıydı, zərərsizləşdirilməli idi. Bir nəfər hərbçimiz yararlanıb, iki hərbi qulluqçumuz da yüngül dərəcəli xəsarətlər alıblar. Buna görə də, mütləq silah işlədilməli idi və kimsə onlara “gözün üstündə qaşın var” deyə bilməzdi. Yenə də deyirəm, bu ssenari Rusiya tərəfindən düşünülmüşdü: “Biz səni saxlayacağıq, yenə də geri qaytaracağıq”.

Göründüyü kimi də oldu. Bu şəraiti ona yaratdılar, vicdansız Mirzoyan öz çirkin əməlini həyata keçirdi və getdi. Azərbaycan Rusiyanın qanunlarına sayğı nümayiş etdirir. Amma dünyanın gözü qarşısında terror aktı törədən şəxsi cəzalandırılması üçün Azərbaycana təhvil vermək istəmir. Bu yolverilməzdir. Bunun qarşısı alınmalıdır. Bu məsələnin üstündən keçmək lazım deyil.

Hadisədən üç gün ötüb, amma Rusiya sülhməramlıları bu haqda bir kəlimə də danışmır. Niyə? Çünki məsələ aydındır.

- Rus ekspertlər hesab edirlər ki, bu təzyiqlər sülhməramlılara Bakı tərəfindən mandatın verilməməsi ilə əlaqədardır. Sizcə, onlara mandat verilməlidirmi?

- Başa düşmürəm, onlara niyə mandat verilməlidir? Onlara hansı mandatı verməliyik? Azərbaycan qanunları, hərbi doktrina və milli təhlükəsizlik haqda konsepsiyası onlara mandat verilməsinə icazə vermir. Biz məsələnin dərinliyinə getsək, Rusiya sülhməramlıları əşyalarını yığıb geri qayıtmalı olacaqlar. Əgər Azərbaycan 10 noyabr bəyanatını imzalayıbsa, onlar bu sənədlə üzərinə düşən öhdəlikləri yerinə yetirməyə borcludurlar. Amma biz bu gün tamam başqa mənzərənin şahidi oluruq.

Onlara sadəcə bölgəyə soxulmaq və dürtülmək lazım idi. Dürtüldülər və bundan sonra dördüncü və doqquzuncu bəndləri yerinə yetirmirlər. İndi deyirlər ki, bu anlaşmaya uyğun olaraq Laçın, Ağdam və Kəlbəcərdən erməni qüvvələri çıxarıldı. Guya Azərbaycan ordusu qarşsısında nə edəcəkdilər? Azərbaycan ordusu Xankəndinə çatmışdı.

Yəni boşaltmayıb, hansı qələti edəcəkdilər? Ya mühasirədə qalacaqdılar, ya da “Dəmir yumruq”la başlarını əzəcəkdik. İndi bizə nə minnət qoyurlar ki, biz o müddəaları yerinə yetirmişik. Bu müddəaları biz yerinə yetirmişik. Onlara ora daxil olanda mirzoyanları, arutyunyanları və digər şərəfsizləri, yaraqlıları bölgədən çıxarmağa borclu idilər. İndiyədək bir silahlıya toxunmayıblar. Deməli, onların əsl məramı aydındır, onlara deyilib ki, “narahat olmayın, biz sizi silahlandıracağıq”.

Biz niyə sülhməramlılara mandat verməliyik? Bəlkə biz özümüz çadırda yaşayaq, evimizi də onlara verək? Sənə şərait yaradıblar, gəlmisən, indi də vəzifə borcunu yerinə yetir. Bunu edə bilmirsənsə, xoş getdin, Azərbaycan özü hər şeyi həll edəcək. Biz çalışırıq ki, xətirlərinə dəyməyək, arada soyuqluq olmasın.

Amma hələ də özlərini SSRİ-nin varisləri hesab edirlər. Onlar Azərbaycana heç bir problem yarada bilməzlər. Çünki Azərbaycan əvvəlki Azərbaycan deyil. İndi Azərbaycan tək deyil. Azərbaycanın Türkiyə və Pakistan kimi dövlətlərlə müttəfiqdir. Onlarla və digər bir sıra dövlətlərlə ikitərəfli və çoxtərəfli müqavilələri var. Narahat olmağa dəyməz.

- Sərhəd istiqamətdə də gərginlik var. Erməni hərbi qüvvələrinin Azərbaycana məxsus strateji yüksəklikləri ələ keçirmək cəhdlərindən bəhs olunur. Hər iki istiqamətdə artan gərginlik açıq qarşıdurmaya yol aça bilərmi?

- Atəş açacaqlar, cavablarını alacaqlar. Mənim nə sərhəd, nə də digər məsələlərlə bağlı narahatlığım yoxdur. Çünki biz öz ərazimizdəyik. Onlar 44 günlük müharibədə də çalışırdılar ki, biz ora atəş açaq, KTMT proseslərə müdaxilə etsin. Döymə mənin taxta qapımı, döyməyim sənin dəmir qapını. Yəni münaqişə yaradacaqlarsa, cavabını alacaqlar. Onlar atacaqlarsa, biz də susmayacağıq. Elə şey yoxdur.

Kadr yayıblar ki, Azərbaycan əsgərləri onları çıxarırlar. O ərazilər bizimdir. Uzun illər o yerlər nəzarətimizdə olmayıb deyə, sürüşə-sürüşə gəlib bizim ərazilərimizə çatıblar. Bu gün də onları qanuni ərazilərimizdən uzaqlaşdırırıq. Bunu başqa cür qəbul edənlər var. Biz Ermənistan ərazisinə girməmişik, ora Azərbaycan torpağıdır.

Rusiya Baş Qərargahında da, Azərbaycan Müdafiə Nazirliyində də xəritələr var. Putin “Valday” klubundakı çıxışında da bu xəritədən danışdı. Buna görə də hansısa bir narahatlıq yoxdur. Münaqişə yaradılacaqsa, Azərbaycan buna qarşı öz addımını atacaq, buna kimsənin şübhəsi olmasın.

İndi çalışmalıyıq ki, silahlılar qalan ərazilərdən də uzaqlaşdırılsın. Çünki Zəngəzur dəhlizi açılmalıdır, burada Azərbaycanla yanaşı, Türkiyə, Rusiya və digər dövlətlərin də maraqları var. Bunu etməyəcəklərsə, başqa rıçaqlar işə salınacaq. Bu da nə Ermənistan, nə də Rusiya üçün xoşagələn olacaq. Çünki bu sənədin altında Rusiyanın da imzası var və buna hörmət etməlidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər