17 Noyabr 2021 09:05
1 672
12 Punto 14 Punto 16 Punto 18 Punto

"10 noyabr üçtərəfli bəyanatın imzalanmasından bir il ötür. Amma bu bir il asan keçmədi, buna baxmayaraq, Azərbaycan bir çox nailiyyətlər əldə etdi. Azad edilmiş ərazilərdə aparılan quruculuq işləri bunu göstərir".

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Onun sözlərinə görə, Azərbaycan haqlı savaşında qalib gəldi, tarixi torpaqlarını işğaldan azad etdi:

"Ermənistan məğlubiyyətlə razılaşdıqda, Azərbaycan savaşı dayandırdı. Bununla bütün dünyaya sübut etdi ki, bizim məqsədimiz insan öldürmək deyil. Ermənistanın və ermənilərin elədiyi bütün tərbiyəsizliyə, vandallığa baxmayaraq, öz barış əlini uzatdı. Amma bu gün görünən budur ki, bu həyasız millət bunu anlamır və anlamaq istəmir. Bir ildir Qarabağın dağlıq hissəsində özünə yer edən rus əsgərləri də dəstək verməklə erməniləri daha da azğınlaşdırırlar. Rus sülhməramlıları öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirmək əvəzinə, özlərini "bölgənin ağası" kimi aparmağa çalışırlar, separatçılara hər cür dəstəyi verirlər.

Sülhməramlılar bölgədəki gələcək fəaliyyətlərini sual altında qoyublar. Orada gah kilsə tikirlər, gah Rusiyanın tarixi şəxsiyyətlərinə abidə ucaldırlar, nə bilim, kimlərəsə medal verirlər. Görünən budur ki, sülhməramlıları bölgədə vəziyyət yox, tamam başqa şeylər maraqlandırır. Azərbaycanın bəyanatlarını "görməzdən" gələn Rusiya və onun sözçüləri bu vəziyyətin sülhə xidmət etmədiyini hesablamaqda çətinlik çəkirlər, yoxsa, özlərini "buraların ağası" sayırlar? Məncə, separatçıların sülhməramlıların gözlərinin qarşısında silahlandırılması hər şeyi bəlli edir".

Ramiyə Məmmədova hesab edir ki, Rusiya və Ermənistanın bölgədəki pozucu fəaliyyətləri onlara yaxşı heç nə vəd etmir:

"Qarabağda baş verən son silsilə hadisələr artıq Rusiyanın "sülhməramlı missiyası"nı kölgə altına salır. Bütün bunlar illər öncə Qarabağda münaqişə yaradan Moskvanı, Rusiyanın Xocalıda soyqırım törədən 366-cı motoatıcı alayını gözümüzdə canlanır. Yəni Rusiya həmişə olduğu kimi, indi də Ermənistana himayədarlıq edir.

Rusiya öz keçmişində olduğu kimi, yenə də əsl niyyətini büruzə verir. Moskva bəlkə də unudur, amma o Cənubi Qafqazda tək deyil – Türkiyə də buradadır. O həmin Türkiyədir ki, Rusiya hər addımda onu "dost", "tərəfdaş" adlandırır, əslində isə özünə ən ciddi rəqib hesab edir. Şübhəsiz ki, Rusiya Türkiyənin bölgədə özünə yer etməsini həzm edə bilmir. Üstəgəl, Türk Şurasının İstanbulda keçirilən son zirvəsi və burada verilən qərarları Rusiyanı ciddi şəkildə əndişələndirir.

Bir sözlə, Ermənistan nə qədər ki, sülh müqaviləsinin imzalanmasını geciktirəcək, o qədər də türk yumruğunu başında hiss edəcək".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər