Türkiyənin 11-ci prezidenti Abdullah Gül bu gün Beynəlxalq Türk Akademiyasını ziyarət edib.
Teleqraf.com xəbər verir ki, A.Gülü akademiya prezidenti Darxan Kıdırəli qarşılayıb.
Qazaxıstanda işgüzar səfərdə olan Abdullah Gül təşkilatın yeni binasında yerləşən Türk Muzeyinə baş çəkib, akademiyanın nəşr etdirdiyi əsərlərlə tanış olub.
A.Gül 2010-cu il mayın 25-də Prezident Nursultan Nazarbayevlə birlikdə Astanadakı Sülh və Barışıq Sarayında Türk Akademiyasının açılış mərasimində iştirakını məmnunluqla xatırladığını, yeni binanı ziyarət istəyinin də burdan qaynaqlandığını ifadə edib.
Türkiyənin sabiq prezidenti akademiyanın qardaş ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsində aktiv fəaliyyətini yüksək qiymətləndirib, təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qonağa qurumun türk dünyasında təhsil və elm sahəsində əməkdaşlıq istiqamətində fəaliyyəti barədə məlumat verilib, akademiya tərəfindən hazırlanmış dəyərli nəşrlər təqdim edilib.