26 Noyabr 2021 16:41
1 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Razi bəy, Soçi görüşündən mümkün gözləntiləri necə şərh etmək olar?

- Soçi görüşünün baş tutması sadə məsələ deyil. 10 aydan sonra Azərbaycan, Rusiya Prezidentləri və erməni baş nazir yenidən bir araya gəlir. Bu görüşdə kommunikasiyaların açılması, müqavilələrin imzalanması kimi müəyyən bir razılığın əldə olunacağı ilə bağlı ehtimallar azdır. Çünki Paşinyan hələ də Zəngəzur dəhlizində, koridor sözünün olmamasını bəhanə edir. O qeyd edir ki, Zəngəzur koridoru ifadəsi 10 noyabr razılaşmasında yoxdur. Onun iddiasına görə, Ermənistanın suveren ərazisindən koridor açıla bilməz. Amma sual yaranır ki, Zəngəzur koridoru açıla bilməzsə, Laçın koridoru məsələsi necə fəaliyyət göstərəcək? Bu olmayacaqsa, o zaman da Azərbaycan konkret addım ataraq və Laçın koridorunu bağlayacaq. Ermənistana Azərbaycanın suveren ərazisinə yol verilirsə, bunun da mütləq qarşılığı olmalıdır. Bu da Naxçıvana gedəcək yolla bağlıdır. Həmçinin bu məsələlərdə erməni baş nazirin məntiqi yoxdur. Azərbaycan Prezidentinin məntiqi, güclü diplomatik qabiliyyəti Rusiya prezidentinin yanında Paşinyanın bütün mənalarda haqsız olduğunu isbatlayacaq. Gözlənilən məqamlardan biri də odur ki, Paşinyan bu görüşdə pis vəziyyətə düşəcək. Sözsüz ki, bu görüşdə kommunikasiyaların açılması məsələsi konkret olaraq qoyulacaq. Növbəti dəfə isə sülh müqaviləsi ilə bağlı hazırlıq ola bilər. Eyni zamanda görüşlərin davam etdirilməsi ilə bağlı da qərar verilə bilər. Çünki belə görüşlər arada yaranmış buzları əridə bilər. Ola bilsin ki, narahatlıq yaradan məsələlərin müzakirəsi ilə bağlı bəlli bir vaxt təyin edilsin ki, bundan sonra da müəyyən söhbətlər aparılsın.

- Mümkün razılaşmanın olacağına inanmaq nə dərəcədə realdır?

- Azərbaycan tərəfindən məsələ ilə bağlı qarşı tərəfə ediləcək heç bir güzəşt qalmayıb. Eyni zamanda konpromist və bir çox məsələlərdə də yumşalma yoxdur. Çünki Azərbaycan Ermənistana qarşı heç bir iddia irəli sürmür. Ölkəmiz Ermənistanla sərhədlərinin müəyyənləşməsini istəyir. Paralel olaraq 10 noyabr razılaşmasında nəzərdə tutulmuş müddəaların icrası tələb edilir.

- Ermənistanın mövqeyi nə dərəcədə önəmlidir?

- Qarşı tərəf Azərbaycanın ərazi bütövlüyünü tanımaq cəsarəti göstərməlidir. Bununla bağlı Paşinyan bir müddət öncə açıqlama verib ki, MDB-yə daxil olarkən Ermənistan Azərbaycanın ərazi bütövlüyün tanıyıb. Yəni, Azərbaycan Qarabağ da onun ərazisinə daxil olmaqla MDB-yə üzv olub. Amma sonradan Paşinyan bu fikirlərindən imtina etdi. Əgər Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı razılığa gəlsə, bir çox məsələlərin də həlli asanlaşar.

- Qarşı tərəfin iddiaları nə ilə bağlıdır?

- Ermənistan indiki halda iddia edir ki, Azərbaycan Kəlbəcər və Laçın istiqamətində guya onun ərazisinə daxil olub. Ona görə də erməni tərəfi az qala bütün dünyaya bununla bağlı yalan məlumatlar verir. Amma Azərbaycanın 30 ilə yaxın əraziləri Ermənistan tərəfindən işğalda qaldığı dövrdə dünya birliyi bu məsələyə adekvat reaksiya verməmişdi. Bu gün də Naxçıvanın Kərki və Qazağın 7 kəndi Ermənistanın işğalı altındadır. Belə olan halda erməni tərəfi heç bir əsas gətirmədən Azərbaycanı onun ərazisinə daxil olmaqla bağlı uydurma məsələlərdə günahlandırır.

- Bugünkü görüşdə delimitasiya və demarkasiya məsələləri ilə bağlı razılığın əldə olunacağını proqnozlaşdırmaq mümkündürmü?

- Bugünkü görüşdə delimitasiya və demarkasiya barədə razılıq olmadan digər məsələlərin həlli mümkün deyil. Görüşdə daha çox gündəmdə məhz bu məsələnin müzakirə olunacağı gözlənilir. Eyni zamanda erməni tərəfi “hərbi əsir” hesab etdiyi terrorçuların geri qaytarılması ilə bağlı məsələləri müzakirəyə çıxara bilər. Ola bilsin ki, bunu qarşı tərəf şərt kimi irəli sürsün ki, bundan sonra sərhədlərin delimitasiyasına razılaşsın. Eyni zamanda kommunikasiyaların və dəhlizin açılması də məhz bu məsələlərdən asılı olaraq həll edilə bilər.

- Brussel görüşü Soçidə əldə olunması ehtimal edilən məsələlərin davamının müzakirə edilməsi məntiqi nə dərəcədə güclüdür?

- Əslində Azərbaycan Moskvada, Soçidə özünü daha rahat hiss edir. Amma Paşinyan Moskvada və Soçidə çox narahat olur. Ümumiyyətlə Paşinyan Vladimir Putinin hüzurunda özünün itirir. Ona görə də erməni baş nazir üçün Rusiyada danışıqlar aparmağın psixoloji bir təsiri də var. Ola bilsin Paşinyanın içində Rusiyaya qarşı o qədər də yaxşı hislər yoxdur. Çünki o hakimiyyətdə olduğu müddətdə də Rusiyaya qarşı əks addımlar atıb. O daha çox də Qərbə yaxınlaşmağa çalışır. Bu baxımdan da Paşinyan Rusiyada özünü rahat hiss edə bilmir. Amma Azərbaycan üçün Moskva da, Brussel də rahatdır. Görünən odur ki, erməni baş nazir Brusseldə özünün daha rahat hiss edəcək. Çünki Qərb ənənəvi olaraq Ermənistanın yanında dayanmağa daha çox üstünlük verir. Bu səbəbdən də Paşinyan üçün ora daha konfortlu görünür. Eyni zamanda N.Paşinyanın arzusu odur ki, əgər Azərbaycanla bir nəticə əldə oluncaqsa, bu Brusseldə olsun. O bunu həm də Rusiyaya qarşı bir mesaj kimi də göstərməyə çalışır. Həmçinin gözlənilən odur ki, Brusseldə ciddi nəticələr olmasa da müəyyən bəyanatlar səslənsin. Ola bilsin ki, Paşinyan Soçidə deyil, Brusseldə razılığa gəlsin. Təbii olaraq Azərbaycan bundan imtina edə bilməz. Əgər Brusseldə nəticə əldə olunacaqsa, demək ki, bu Paşinyanın əvvəlcədən Rusiyaya qarşı planlaşdırılmış addımıdır.


Müəllif: Tapdıq Qurbanlı