Azərbaycanın dilbər guşələrindən biri olan Laçın rayonu 28 ildən sonra öz azadlığına qovuşdu. Ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşən Laçın rayonu füsunkar təbiətə malikdir. Laçın faydalı qazıntılarla, o cümlədən 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları ilə zəngindir. Rayonda həmçinin civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə münbitdir. Burada sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları daha böyük ehtiyatlara malikdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını yaradır ki, bu çay da Araz çayına qovuşur.
Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
Professor qeyd edib ki, Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub:
“Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub və bu rayon Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla “Dağlıq Qarabağ” arasında coğrafi bağlantı yaradıb. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı yalnız Azərbaycan iqtisadiyyatına deyil, mədəniyyətimizə, tarixi-mədəni irsimizə də ciddi ziyan vurdu. Erməni işğalı nəticəsində 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. VI-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Həmçinin Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib”.
Millət vəkili hesab edir ki, Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirib, təbii resursları talan edərək qazanc mənbəyinə çevirib: “Qeyri-qanuni olaraq Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini aparılıb. Bununla da işğalçı tərəf demoqrafik tərkibin dəyişdirilməsinə çalışıb. Bütün bunlar isə beynəlxalq təşkilatların gözü qarşısında baş verib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində əldə etdiyi qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi”.
Hicran Hüseynova söyləyib ki, artıq Laçın azaddır və burada tikinti- quruculuq işləri aparılır: “Bu ilin fevral və avqust aylarında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Laçın rayonunda səfərdə olub. Ali Baş komandandan tərəfindən Güləbird kəndində Azərbaycan bayrağı qaldırlıb. Hazırda Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir. Eyni zamanda, Laçın rayonunda fərqli təyinatlı yol, enerji infrastruktur layihələri reallaşdırılır. Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq. Artıq burada beynəlxalq hava limanının tikintisinə start verilib. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi də asanlaşdıracaq. Bütün bunlar isə keçmiş məcburi köçkünlərimiz öz doğma ata-baba yurdlarına qayıtmasını Qarabağda, Şərqi Zəngəzurda həyat yenidən canlanmasını göstəricisidir”.