Bu gün dünyada özünü "hegemon" və demokratiyanın “beşiyi” kimi tanıtmaq istəyində olan mərkəzlər əslində reallıqdan tamam uzaqdır. Çünki demokratiya və azadlıqlar sadəcə olaraq bir çox dairə və mərkəzlər üçün vasitə kimi qəbul edilir. Bir çoxları məhz bu vasitələrlə öz mraqlarını təmin etmək, ölkələri nəzarətdə saxlamaq və siyasi maraqlarını irəli sürmək üçün istifadə edir. Çox təəssüf ki, qlobal dünyada bu cür yanaşmalar hələ də mövcuddur.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.
O qeyd edib ki, dünyada demokratik dəyərlər məhz demokratiyanın “beşiyi” sayılan ölkələrdə böhran keçirir:
“Bunun fonunda isə Azərbaycanda multikulturalizmin ənənəvi dövlət siyasəti olması nümunəsi mövcuddur. İndiki reallıqda Bakı Şərqlə Qərb arasında mühüm bir körpu missiyasını icra edir. Azərbaycan dövləti Qoşulmama Hərəkatı ölkələri üçün əlverişli fikir mübadiləsi platformasının formalaşamasında mühüm təsəbbüslərlə çıxış edib”.
Millət vəkilinə görə, “demokratiya” sammitinə ABŞ-a rəqib olan qlobal və regional güc mərkəzlərinin dəvət olunmaması Birləşmiş Ştatların bu faktordan öz siyasi məqsədləri üçün istifadə faktını ortaya qoyur: “Bu əslində ABŞ-ın öz “hegemonluğunu” təmin etməsi üçün irəli sürülmüş “strategiyanın” tərkib hissəsidir”.
Azər Badamov hesab edir ki, demokratiyanın zorakı yolla ixracı siyasəti Əfqanıstanda, İraqda, Suriyada, “ərəb baharı”nı yaşamış ölkələrin acınacaqlı taleyində iflasa uğrayıb.