10 Dekabr 2021 17:03
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “demokratiya sammiti” adı altında dünyada yeni bölücülük planları ciddi reaksiyalara səbəb olub. Çünki qloballaşan dünyada həlli vacib olan məsələlər olduqca böyükdür. Hazırda dünya ictimaiyyəti qlobal pandemiyanın yaratdığı çətinliklərlə üz-üzədir. Arzulanan o idi ki, ABŞ və digər maraqlı dairələr qlobal problemə qarşı səyləri birləşdirmək üçün təşəbbüslərlə çıxış etsin.

Bunu Teleqraf.com-a Milli məclisin deputatı Cavid Osmanov deyib.

Millət vəkilinə görə, müasir çağırışlar və internet imkanlarının bu qədər geniş olduğu bir dövrdə ölkələri “demokratiya çətiri” altında qütblərə bölmək arzuolunmaz yanaşmadır: “Bu gün ABŞ başda olmaqla özlərini qlobal müstəvidə aparıcı “güc” hesab edənlər məhz “demokratiya” adı altında manipulyasiya ilə məşğuldurlar. Çünki Amerika zəifləməkdə olan mövqeyini məhz yeni oyunlar və hədəfi məlum olmayan istiqamətlərlə bərpa etməyə çağırır”.

Deputatın fikrincə, ABŞ prezidenti Co Baydenin “demokratiya sammitinə” dəvət etdiyi ölkələrin siyahısına nəzər salmaqla bu platformanın mahiyyətini anlamaq olur: “İraqın, Ermənistanın nə qədər demokratiya dəyərlərinə sadiq olduğunu artıq dünya ictimaiyyəti yaxşı bilir. 30 ilə yaxın Azərbaycan ərazilərinin 20 faizini işğalda saxlayan, bir milyon azərbaycanlını fundamental hüquqlarından məhrum edən bir ölkəni “demokratiya məclisinə” dəvət etmək absurd məsələdir. Eyni zamanda İraqla bağlı olan mənzərə də hər kəsin gözü önündədir”.

Cavid Osmanov hesab edir ki, bu ABŞ-ın yeni bir hədəfidir: “Çünki artıq Amerika özü üçün bəlli “rəqiblər” müəyyənləşdirib. Bu məqsədlə də öz maraqlarını ifadə edən dövlətləri “masasında” görmək istəyir. Mahiyyətdə isə bu “sammit”də demokratiya adına heç bir gözlənti ola bilməz”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər