Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, regionda güc mərkəzinə çevrilir. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradıb. Bu amil Azərbaycanın beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir. Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli dövrünü yaşayır. Məhz 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Liderliyinin təntənəsi hesab olunur.
Bu fikirləri Teleqraf.com Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, bu möhtəşəm Zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə son qoyuldu:
“Azərbaycan uzun illər bu münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün səylər göstərsə də, Ermənistan ötən müddət ərzində işğalçılıq siyasətindən əl çəkmədi. 2019-cu ildə baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi kimi təxribat xarakterli bəyanatları və addımları danışıqlar prosesinə ciddi zərbə vurdu. Nəticə isə göz qabağındadır. Ermənistanın qeyri-konstruktiv, təxribatçı mövqeyi onun kapitulyasiyası ilə nəticələndi”.
Millət vəkilinin sözlərinə görə, Vətən müharibəsində dövlətimizin şanlı Qələbəsini şərtləndirən bir sıra mühüm amillər var: “Son 18 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Qarabağ münaqişəsinin ədalətli həlli üçün əlverişli hüquqi baza formalaşdı. Eyni zamanda vacib beynəlxalq sənədlər qəbul olundu. Dövlət başçısının beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətinin ifşası, Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyinin dünya ictimaiyyətinin diqqətinə çatdırması mühüm rol oynayıb. Eyni zamanda, 44 günlük müharibə günlərində dünyanın nüfuzlu KİV-lərinə müsahibələr verən Prezident İlham Əliyev həm işğalçı Ermənistanın, həm də bu ölkənin xarici havadarlarının əməllərini bütün dünyaya bir daha çatdırdı. Digər vacib bir məqam isə ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurlar hesabına Silahlı Qüvvələrimizin hərbi qüdrətinin artırılması üçün ötən 18 ildə atılan davamlı addımlarla bağlıdır. Yəni, 18 il ərzində Azərbaycan münaqişənin həlli istiqamətində siyasi müstəvidə fəallıq göstərməklə yanaşı, həm də ölkəmizin iqtisadi, hərbi gücünün artırılması istiqamətində məqsədyönlü iş aparıb. Həyata keçirilən islahatlar respublikamızı güclü iqtisadi dayaqlara malik ölkəyə çevirib”.
Sevinc Fətəliyeva söyləyib ki, Vətən müharibəsində əldə olunan tarixi Zəfərin əsas qəhrəmanı Prezident İlham Əliyevdir:
“Dövlətimizin başçısı Vətən müharibəsi dövründə bütün təzyiqlərə mətanətlə sinə gərərək Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə etdi. Bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr iddia edirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Lakin Prezident İlham Əliyev “Dəmir yumruq” əməliyyatı ilə sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsini özü icra etdi. Prezident İlham Əliyevin liderliyi ilə ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan bütün sahələrdə uğurla addımlayır. Ölkəmiz regionda yeni reallıqlar yaradıb. Praktiki mərhələdə olan bu reallıqlarda diktə edən tərəf güclü Azərbaycandır. Yeni reallıqlar isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha böyük, möhtəşəm nailiyyətlər əldə etməsinə hədəflənib”.