29 Dekabr 2021 09:14
1 879
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Araik Arutyunyan təkcə Nikol Paşinyanın barmaq işarəsi ilə oturub-durmur. Təbii ki, o, idarəolunan şəxsdir. Onu idarə edən əsas mərkəz Moskvadır. Bir sözlə, Paşinyanın Qarabağı özündən itələməsi Rusiyanın üzərinə müəyyən məsuliyyət qoyur. Bu məsuliyyətdən boyun qaçıraraq Ermənistanın daxili problemlərini çözməyə çalışan Paşinyan üstəlik Qarabağ problemini çiynində daşımaq istəmir. Buna görə də, Qarabağ yükünü Rusiyanın çiyninə qoymaq istəyir. Bu da Rusiyanın bölgə ilə bağlı geosiyasi maraqlarına uyğun gəlir”.

Politoloq Natiq Mirinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu etiraf etməsi bir neçə gündür müzakirə olunur. Sizin bu haqda fikriniz nədir: Paşinyanın bu açıqlaması nəyə hesablanıb?

- Bu mesajın mahiyyətinə varmaq üçün bunun hansı hadisədən sonra verilmə məcburiyyətinə baxmaq lazımdır. Bu açıqlama Brüsseldə Prezident İlham Əliyevlə beş saatlıq təkbətək, eyni zamanda Avropa Birliyi Şurasının rəhbərbi Şarl Mişelin iştirakı ilə keçirilmiş üçtərəfli görüşlərdən sonra verildi.

Anlaşılan budur ki, bu, ikitərəfli görüşdə bir sıra məqamlara aydınlıq gətirilməsindən sonra ortaya çıxan məcburiyyətdir. Təbii ki, biz prinsipial olaraq orada hansı məsələlərin müzakirə edildiyini deyə bilərik, amma konkret hansı qaranlıq məqamlara aydınlıq gətirildiyini və Nikol Paşinyana hansı məsləhətlərin verildiyini bilmirik. Bütün bunlara rəğmən, prosesdə irəliləmək üçün şifahi qaydada da olsa, iki dövlətin rəhbəri arasında konkret yol xəritəsinin cızıldığını düşünürəm.

Hesab edirəm ki, Paşinyanın açıqlamasını bu kontekstdə dəyərləndirmək lazımdır. Çünki istər yazılı, istərsə də şifahi anlaşmadan sonra ictimai rəyin formalaşdırılmasına ehtiyac var. Bu baxımdan, ictimai rəyin yoxlanılması üçün bu cür açıqlamaların verilməliydi ki, Paşinyanın mesajının da bu məqsədə xidmət etdiyini düşünürəm.

- Paşinyanın açıqlamasından sonra Ermənistanın Qarabağa olan qondarma iddiasından və oradakı separatçı rejimə verdiyi dəstəkdən əl çəkəcəyi kimi ehtimallar irəli sürülür. Hətta bundan sonra separatçılarla İrəvan arasındakı münasibətlərin gərginləşməsi də diqqətdən yayınmır.

- Açığı, “Separatçıların başçısı Araik Arutyunyan Nikol Paşinyana qarşı çıxdı” kimi başlıqlar həqiqəti əks etdirmir. Çünki Brüsseldən qayıdan Nikol Paşinyanın ilk görüşü Araik Arutyunyanla oldu. Hətta Arutyunyanın Ermənistanın paytaxtında Paşinyanı gözlədiyini də iddia etmək olar. Hesab edirəm ki, Araiklə Paşinyan arasındakı görüşdə Brüsseldəki danışıqların və orada əldə edilmiş konkret razılaşmalar və bu kontekstdə olan yol xəritəsinin mahiyyəti müzakirə edilib. Görünür, bu prosesi irəli aparmaqla bağlı Arutyunyanla Paşinyan arasında müəyyən bir “yol xəritəsi” razılaşdırılıb.

“Arutyunyan niyə Paşinyana qarşı çıxdı” sualının cavabı da bundadır ki, əslində separatçıların başçısı Ermənistan baş nazirinin dediklərini açıq şəkildə təsdiq etmiş olsaydı, bu proses çoxdan bitmiş hesab olunardı. Yəni əgər Araik açıq şəkildə Paşinyanın dediklərini təsdiqləsəydi, bu, Qarabağda yaşayan ermənilərin tezliklə bu əraziləri boşaltmalarına rəvac verəcəkdi.

Bu gün boğazdan yuxarı verilmiş bütün açıqlamalar ermənilərin Qarabağda saxlanılmasına hesablanıb. Çünki iqtisadi-ticari nöqteyi-nəzərindən heç bir ciddi bir fəaliyyət olmayan, iş yerlərinin məhdud olduğu və lazımi infrastrukturların olmadığı bir şəraitdə yaşayan erməniləri bu gün Qarabağda saxlamaq mümkünsüzdür. Orada dolanışıq yoxdur, hava soyuyur, istilik sistemləri isə işləmir. Belə olan halda, gələcək üçün heç bir perspektiv görməyən ermənini Qarabağda saxlamaq mümkün deyil.

Bu, həmin etnosun xislətindən gələn xüsusiyyətdir. Onlar üçün “vətən” rifah harada yaxşıdırsa, oradır. Buna görə də erməniləri oradan saxlamaq üçün həm Rusiya, həm də separatçı rejim əlindən gələni edir. Bütün bunlara baxmayaraq, yenə də Qarabağ boşalmağa davam edir.

Araik Arutyunyanın açıqlaması da ona hesablanıb ki, Qarabağdakı ermənilərin qaçışı intensivləşməsin.

- Bəs Rusiyanın buna münasibəti necə ola bilər?

- Ayrıca, Araik Arutyunyan təkcə Nikol Paşinyanın barmaq işarəsi ilə oturub-durmur. Təbii ki, o, idarəolunan şəxsdir. Onu idarə edən əsas mərkəz Moskvadır. Bir sözlə, Paşinyanın Qarabağı özündən itələməsi Rusiyanın üzərinə müəyyən məsuliyyət qoyur. Bu məsuliyyətdən boyun qaçıraraq Ermənistanın daxili problemlərini çözməyə çalışan Paşinyan üstəlik Qarabağ problemini çiynində daşımaq istəmir. Buna görə də, Qarabağ yükünü Rusiyanın üstünə atmaq istəyir. Bu da Rusiyanın bölgə ilə bağlı geosiyasi maraqlarına uyğun gəlir. Baxmayaraq ki, bu, Rusiyaya heç nə vermir, amma Rusiya belə bir dövlətdir. Rusiya özünün süni şəkildə yaratdığı bütün münaqişələrə təsir imkanlarını saxlamaq istəyir.

Nəzərə alsaq ki, rus qoşunları Qarabağda yerləşdirilib, bu o deməkdir ki, Rusiya maraqlarına uyğun gəlməyən gəlişmələr yaşandıqda bu yaranı yenidən qanada bilər. Əslində, rus qoşunlarının və on minlərlə erməni qanunsuz silahlı birləşmələrinin oradakı mövcudluğu bu məqsədlərə xidmət edir. Yəni rus qoşunlarının oradakı varlığı məsələlərin həlli üçün vasitə deyil, əksinə, Azərbaycan və bütün region üçün risklər yaradır.

- Ermənistan-Türkiyə münasibətlərinin normallaşması yönündə yeni gəlişmə var. Artıq tərəflər bununla bağlı Moskvada görüşməyə razılıq verib. Bəs bu proses necə nəticələnə bilər?

- Paşinyanın təkcə Türkiyə ilə yox, Azərbaycanla da münasibətlərin normallaşdırmaq istəyini dilə gətirməsi müsbət haldır. Bu məsələlər Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətləri kontekstində həll edilməlidir. Üçüncü və ya dördüncü tərəflərin bu prosesdə iştirakı yanlışdır. Çünki bu halda tərəflərin maraqlarını uzlaşdırmaq çətinləşir. Biz bunu bu və digər regionlarda yaranmış dramatik durumlarda görürük. Buna görə də, Ermənistan, Türkiyə və Azərbaycan kənar iştirakçılar olmadan öz aralarında daha asan dil tapa bilərlər.

Ayrıca, bu gün Azərbaycan və Türkiyənin Ermənistana müsbət mənada vəd edə biləcəyi çox şey var. Düşünürəm ki, bunlar Brüsseldə görüşən iki dövlət başçısı arasında da ciddi müzakirə predmeti olub. Nikol Paşinyanın açıqlaması bu görüşdən doğan nəticələrdir. Bu baxımdan, bu görüşə də müsbət yanaşıram. Amma Ermənistanın bu görüşün Moskvada keçirilməsi təklifinə müsbət baxmıram. Yəni prosesi tədricən Rusiyanın moderatorluğundan aralamağa ehtiyac var.

Çünki Rusiya Ermənistanın öz orbitindən çıxmasına razı deyil və buna imkan verməyəcək. Əgər Ermənistan hakimiyyəti müstəqil siyasət yürütmək istəyirsə, onda daha çox ikitərəfli görüşlərə yer vermək lazımdır.

Hər halda ilk görüş olduğu üçün bunun Moskvada keçirilməsinə böyük problem kimi baxmaq da lazım deyil. Amma növbəti görüşlərin Ankara, Bakı və İrəvanda keçirilməsinin tərəfdarıyam. Yəni bu prosesi ikitərəfli formata döndərməyin faydaları daha çox ola bilər. Bu, həm tərəfləri müstəqilləşdirər, həm də prosesi kənar oyunçuların geosiyasi maraqlarına uyğunlaşdırmaq zərurəti yaratmaz.

Əgər həqiqətən problemlərin həlli istənilirsə, onda prosesi ikitərəfli formata döndərmək lazımdır. Belə olan halda Rusiyaya ehtiyac qalmayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər