“Özbəklər Rusiya üçün baş bəlası olacaq. Ruslar 1940-cı illərə qədər basmaçıları yığışdıra bilmirdilər. Sovet hakimiyyəti qurulandan 20 il basmaçılarla döyüşmüşdülər. İndi zaman nə o zamandır, nə də Özbəkistan o Özbəkistandır. Əgər Qazaxıstanda kosmopolitizm yayılmışdısa, Özbəkistanda millətçilik ruhu çox yüksəkdir. Buna görə də Rusiyanın Özbəkistana girmə ehtimalı mümkünsüzdür. Buna görə də, Özbəkistanı qarışdırmaq bir az çətin olacaq. Amma apardıqları təbliğatdan görünən budur ki, onların gündəliyində Özbəkistan var. Qırğızıstan və Türkmənistan onları bir elə maraqlandırmır”.
Politoloq Cümşüd Nuriyevin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- KTMT sülhməramlıları Qazaxıstandan çıxmaq üçün yır-yığış etməyə başlayıb. Maraqlıdır ki, KTMT və ya Rusiya niyə belə sürətlə Qazaxıstandan çıxır, yaxud niyə gəlmişdilər, niyə gedirlər?
- Bunun bir neçə səbəbi var. Birincisi, Rusiya ABŞ və NATO ilə razılığa gələ bilmədi. ATƏT-lə də razılığa gəlmək imkanı yoxdur. Çünki Rusiyanın tələbi onlar üçün qəbuledilməzdir. Təsəvvür edin, onlar dünyadan arayış tələb edirlər ki, Rusiyaya yazılı zəmanət verin ki, Gürcüstan və Ukrayna NATO-ya üzv olmayacaq. Bu, “siyasi dəlilik”dir, başqa ad tapa bilmirəm. İkincisi, Rusiya artıq beynəlxalq təzyiqlərə dözə bilmir. İqtisadi sanksiyalar Rusiyaya baha başa gələ bilər. Rusiya məcburdur ki, addımlarına müəyyən düzəlişlər etsin. Buna məcburdur. Üçüncüsü, türk dünyasından Rusiyaya çox ciddi mesajlar var. Rusiyanın “KTMT-nin sülhməramlı missiyası” adı altında Qazaxıstanda işğala cəhd etməsi ağlasığımazdır. Ola bilsin ki, bu barədə o ölkənin prezidenti müraciət edib, bütün hallarda qəbuledilməz addımdır. İndi isə Qazaxıstandan videolar yayılır ki, KTMT və Rusiyaya müraciət edən Tokayev yox, onu əvəzləyən adamdır. Bu önəmli bir məsələ deyil.
Görünən budur ki, Rusiya öz səhvini anlamağa başlayıb. Çünki Rusiya eyni anda həm Çin, həm də Qərblə qarşıdurmaya gedə bilməyəcək. Digər yandan, başda Türkiyə olmaqla, digər türk dövlətləri də yaranmış vəziyyətdən narazı idilər. Türk Dövlətləri Təşkilatının yanvarın 11-də keçirilən toplantısında bu dövlətlərin xarici işlər nazirləri diplomatik mesaj verərək, Qazaxıstanın yanında olduqlarını bildirdilər. Bir sözlə, Rusiya beynəlxalq səviyyədə artan təzyiqlər qarşısında geri çəkilməyə məcburdur, başqa yolu yoxdur.
- Qazaxıstandan sonra Özbəkistanın hədəfdə olduğu deyilirdi. Bəs Qazaxıstandan çıxmaq bu kimi hədəfləri olan Rusiyanın imicinə hansı təsiri göstərəcək? Yəni Rusiya bu hədəflərindən geri çəkilirmi?
- Əslində, bu, Rusiyanın aqressiv siyasəti nəticəsində yaranmış problem idi. Amma buna “geri çəkilmək” deməzdim, Rusiya elə bir dövlətdir ki, onun hansı addım atacağını proqnozlaşdırmaq mümkünsüzdür. Rusiyanın son 300 ildə yürütdüyü işğalçılıq siyasətindən görünən budur ki, o, toyuq gələn yerdən qaz əsirgəmir. Ola bilsin ki, digər maraqları naminə buradan çəkilir. Eyni zamanda, Rusiyanın öz daxilində də vəziyyət yaxşı deyil. Yəni Rusiya həm də daxildəki bu durumdan diqqəti yayındırmaq üçün Qazaxıstana girdi. Amma bu bumeranq effekti verdi. Qazaxıstanda yaşayan ruslar da qazaxları dəstəklədilər. Eyni zamanda, Rusiyanın Qazaxıstana ordu yeritməsi onun ən böyük tərəfdaşı Çini də narazı saldı. Rusiya Çinin “Bir Yol Bir Kəmər” layihəsinə qarşı olduğu üçün Pekin də ona qarşı getməyə başladı. Buna görə də, Rusiya geri çəkilməyə məcbur idi.
Özbəkistana gəldikdə, Özbəkistan Qazaxıstan deyil. Baxmayaraq ki, Qazaxıstanda adambaşına düşən gəlir 10-12 min dollardır, mimimum əmək haqqı digərləri ilə müqayisədə daha yüksəkdir, amma buna baxmayaraq, Rusiyanın Qazaxıstanla müqayisədə Özbəkistana girməsi mümkünsüz sayılır. Artıq Şavkat Mirziyoyev Özbəkistanı hədəf göstərən Lukaşenkoya cavab verib. Üstəgəl, Qazaxıstanın 18 milyon, Özbəkistanın isə 35 milyon əhalisi var. Qazaxıstanda milli kimlik rəngarəng olsa da, Özbəkistanda belə deyil. Qazaxıstanda rus dilinin rəsmi statusu olsa da, Özbəkistanda isə rus dili cəmi 10-15 faiz tərəfindən qəbul olunur.
Özbəklər Rusiya üçün baş bəlası olacaq. Ruslar 1940-cı illərə qədər basmaçıları yığışdıra bilmirdilər. Sovet hakimiyyəti qurulandan 20 il basmaçılarla döyüşmüşdülər. İndi zaman nə o zamandır, nə də Özbəkistan o Özbəkistandır. Əgər Qazaxıstanda kosmopolitizm yayılmışdısa, Özbəkistanda millətçilik ruhu çox yüksəkdir. Buna görə də Rusiyanın Özbəkistana girmə ehtimalı mümkünsüzdür. Buna görə də, Özbəkistanı qarışdırmaq bir az çətin olacaq. Amma apardıqları təbliğatdan görünən budur ki, onların gündəliyində Özbəkistan var. Qırğızıstan və Türkmənistan onları bir elə maraqlandırmır.
- ABŞ Konqresi Rusiya Prezidenti Vladimir Putin, müdafiə naziri Sergey Şoyqu, baş qərargah rəisi Valeri Gerasimov və xarici işlər naziri Sergey Lavrova sanksiya məsələsini gündəmə gətirib. Görünən budur ki, Rusiyaya təzyiqlər artır. Bu təzyiqlər nə ilə nəticələnəcək?
- Avropa Birliyi artıq Rusiyanın aqressiv siyasətini qəbul etmək istəmir. ABŞ isə ümumiyyətlə, bunun tam əleyhinədir. Ruslar Qərbin üstünə getdilər, amma buna baxmayaraq, ABŞ İsveç və Finlandiyanı NATO üzvlüyünə hazırlayır. Gürcüstan və Ukrayna kənarda qalacaq. Amma Finlandiyanın alyansa üzv olması o deməkdir ki, NATO qüvvələri Sankt-Peterburqun başı üzərində dayanacaq. Putin də bunu anladı.
Hesab edirəm ki, onlara qarşı nəzərdə tutulmuş sanksiyaları həyata keçirəcəklər. İstər Bayden, istərsə də Blinken Rusiyanın həyasızlığını qəbul etmək istəmir.
- Türkiyə-Ermənistan münasibətlərində də maraqlı gəlişmələr var. Fevraldan iki ölkə arasında təyyarə reysləri bərpa olunacaq. Sizcə, bu gəlişmələr sərhədlərin açılmasındək irəliləyə biləcəkmi?
- Məncə, irəliləyə biləcək. Çünki Paşinyan Qarabağa iddiadan əl çəkib, Ermənistanı bir dövlət kimi qurtarmaq istəyir. Ermənistan müharibədən iqtisadi, siyasi, ideoloji, hərbi və mənəvi cəhətdən iflasa uğrayır. Bizim yaxın qonşularımız və Fransa kimi dövlətlər Ermənistanı nə qədər qızışdırsalar da, onlar erməniləri istədikləri üçün yox, Cənubi Qafqazdakı maraqlarını təmin etmək üçün bu addımları atırlar. Paşinyan və onun müəllimləri bunu yaxşı bilirlər. Paşinyan dünyada yeganə dövlət başçısıdır ki, müharibədə məğlub olmasına baxmayaraq, yenidən seçilib. Bu siyasi nonsensdir. Əgər o, bunu etdisə, demək ki, uzağa hesablanmış maraqları var. Buna görə də, Türkiyə ilə sərhədlər açılacaq, Zəngəzur dəhlizinin açılacağına da inanıram.
Ola bilsin ki, bu il Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması baş tutmasın, amma amma mayda sərhədlərin delimitasiyasının həyata keçiriləcəyini düşünürəm. Çünki bunun arxasında həm də Ermənistanın maraqları durur və durmalıdır. Əks təqdirdə, Ermənistan dövlət kimi yer üzündən silinə bilər. Paşinyan da bunu başa düşür ki, onların yeganə xilası Türkiyə və Azərbaycanla əlaqələri bərpa etməkdir. Bu iki ölkə Ermənistanı dövlət kimi saxlaya bilər, qalanları – nə İran, nə Rusiya, nə Fransa, nə ABŞ, nə də digərləri bunu bacara bilməyəcək.
- Amma Ermənistan yenə də sərhəddə vəziyyəti gərginləşdirməyə çalışır. Bəs düşmənin bu təxribatlarının arxasında hansı məqamlar var və bizi irəlidə nə gözləyir? Azərbaycan Prezidenti İlham Əliyevin təxribatçılara xəbərdarlığı da kifayət qədər sərt oldu.
- Bu təxribatların arxasında Ermənistanın öz maraqları durmur. Burada söhbət ondan gedir ki, Ermənistan ordusunda Rusiyanın kifayət qədər adamı var. Həmin “5-ci kolon” müharibədən sonra beş, ya altıncı dəfədir, sərhəddə vəziyyəti gərginləşdirir. Onların məqsədi Azərbaycanı müharibəyə çəkməklə sərhədi keçməyə təhrik etmək və bununla KTMT-ni prosesə cəlb etməkdir. Rusiya və onun Ermənistandakı agenturası bunu həyata keçirmək istəyir.
Belə təxribatların davam edəcəyini düşünürəm. Cənab Prezident də yerli telekanallara müsahibəsində bu məsələyə diqqət çəkdi. Hesab edirəm ki, Ermənistan-Azərbaycan sərhədləri dəqiqləşənədək belə təxribatlarla üzləşəcəyik. Amma hər təxribatı Ermənistana baha başa gəlir. Düzdür, biz də şəhid veririk, amma qisasımız daha böyük olur. Bir itkimizin əvəzini 4-5 qat ödəyirlər. Belə təxribatlardan biri Ermənistan üçün daha pis nəticələrə gətirib çıxara bilər.
Cənab Prezidentin müsahibəsində verdiyi ən önəmli mesajlardan biri Laçın dəhlizi ilə bağlı məlumatları dəqiq bilməsi idi. Bizdə bununla bağlı narahatlıq vardı. Bu həm Ermənistana, həm də Rusiya rəhbərliyi və onun sülhməramlılarına bir mesaj idi ki, biz hər şeyi dəqiq bilirik. Bir az inanıram ki, bundan sonra azca ağıllansınlar.