Bu gün Türkiyə ilə can Azərbaycan arasında diplomatik əlaqələrin yenidən qurulmasının 30-cu ilidir. Ona görə də bu günü böyük bir qürurla qeyd edirik. Türkiyə-Azərbaycan əlaqələri xüsusi bir önəmə malikdir. Bu əlaqələr 1915-ci ildən başlayıb, bu günə qədər davam edir. 1991-ci ildə Azərbaycanımız yenidən öz müstəqilliyini bərpa etdikdən sonra onu ilk tanıyan ölkə Türkiyə olub.
Bunu Teleqraf.com-a Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.
O qeyd edib ki, can Azərbaycanımızın həm BMT-də, həm dünyada tanınması üçün Türkiyə dövləti öz üzərinə düşən bütün vəzifələri böyük sevgi ilə icra edib:
“Türkiyə 1993-cü ildə Ermənistanın Azərbaycan torpaqlarının işğal faktına görə, bu ölkə ilə bütün sərhədlərini bağlayıb. Dünyada elə bir ölkə mövcud deyil ki, başqa dövlətə görə öz sərhədlərini bağlasın. Bu bizim qardaşlığımızın səviyyəsini və harada olduğunu açıq göstərir. Çünki o sərhəd Azərbaycanın razılığı olarsa, açıla bilər. Bunu da hər kəs belə bilməlidir. II Qarabağ müharibəsi dövründə Türkiyənin Azərbaycana vermiş olduğu siyasi, diplomatik və informasiya dəstəyi dünya üçün bir nümunədir”.
Diplomat bildirib ki, 14 il səfir olaraq Türkiyə-Azərbaycan əlaqələrinin daha da inkişafı üçün əlindən gələni etməyə çalışıb:
“Bu vəzifəyə bir millətin səfiri olaraq başlamışdım. Hələ də o vəzifəni böyük sevgi ilə davam etdirirəm. Biz bir millət, iki dövlətik. Amma lazım olanda bir millət, bir dövlət ola bilirik. Məhz bu gün də əlaqələrimizin 30-cu ilinə gəlib çatmışıq. Ötən ilin 15 iyununda Şuşada imzalanan tarixi Bəyannamə bizim diplomatik, siyasi, iqtisadi, mədəni əlaqələrimizin göstəricisidir. Şuşa Bəyannaməsi bizim üçün bir yol xəritəsidir. Hər iki dövlət başçısı, Prezident Rəcəb Tayyib Ərdoğan və cənab Prezident İlham Əliyev qardaş ölkələrin daha da inkişafı üçün əllərindən gələni edir. Ötən il Türkiyə və Azərbaycan vətandaşlarının qarşılıqlı olaraq tək şəxsiyyət vəsiqələri ilə səfərlərinə dair qərar verilib. Bununla da türk dövlətləri arasında sadəcə Azərbaycan və Türkiyə vətəndaşları arasında asan bir imkan yaradılıb”.
Hulusi Kılıc hesab edir ki, insanlıq, dünya durduqca üç rəngli bayraqla, ay ulduzlu bayraq göylərdə qardaş ölkə bayraqları kimi yan-yana dalğalanacaq:
“Bundan sonra da Türkiyə Azərbaycan qardaşlığı yaşayacaq, möhkəmlənəcək, Mustafa Kamal Atatürkün dediyi kimi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Ümummilli lider Heydər Əliyevin kəlamı ilə desək “Biz bir millət, iki dövlətik”. Prezident İlham Əliyevin “Bir millətin iki diasporu ola bilməz”, Prezident Rəcəb Tayyib Ərdoğanın “Türkiyə Azərbaycan bir ürəkdir” kəlamları bu gün bizə yol göstərir. Bizim qardaşlığmız nümunədir. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daim yaşayacaq. Bizim birliyimiz gücümüzdə, gücümüz birliyimizdədir”.