Azərbaycanın 44 günlük Vətən müharibəsində yaratdığı yeni reallıq regionda təhlükəsizliyin təmin olunmasına və əməkdaşlıq mühitinin formalaşmasına imkan yaradıb. Bu yeni reallığa uyğun olaraq region ölkələrinin yeni formatı formalaşır. Eyni zamanda bu formatdan kənar da qonşu ölkələr yeni reallığa uyğun əməkdaşlığı genişləndirir. İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin rəhbərliyi altında nümayəndə heyətinin Füzuli Beynəlxalq Hava limanına eniş etməsi və Zəngilana səfər etməsi, o cümlədən dövlət sərhəddimizdə yerləşən Astaraçayı üzərində yeni avtomobil körpüsünün təməlinin qoyulması bu baxımdan mühüm önəmə malik idi.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun fikrincə, bu cür addımlar Cənub-Şimal nəqliyyat dəhlizinin əhəmiyyətini artırmaqla yanaşı və iqtisadi gəlir gətirən yeni layihədə əməkdaşlığın genişlənməsinə xidmət edir: "Ötən ilin noyabrında Azərbaycan və İran prezidentlərinin görüşündə bir çox məsələlərə aydınlıq gətirilib. Məhz bundan sonra Azərbaycan-İran münasibətlərdə yeni səhifə açılıb. İran şirkətlərinin işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında və bərpasında iştirak etmək istəyi münasibətlərin inkişafında yeni perspektivlər açacaq".
Millət vəkilinə görə, Türkiyə-Ermənistan əlaqələrinin bərpası da bölgədə canlanmaya, əlaqələrin inkişafına səbəb olacaq: "Türkiyə və Ermənistan əlaqələrinin kəsilməsinə səbəb olan işğal faktı bitib. Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə, ərazi bütövlüyünü təmin edib. Sözsüz ki, Ermənistanın qonşularına qarşı ərazi iddialarından imtinası və bu istiqamətdə ciddi addımlar atması yeni bir mərhələnin başlanğıcı ola bilər. Regionda yaranmış yeni reallıq əməkdaşlıq imkanlarını genişləndirir və uzunmüddətli sülhün gəlişinə xidmət edəcək".