Ölkə başçısı tərəfindən 2022-nin Şuşa ili kimi elan edilməsi tarixi, siyasi, mənəvi əhəmiyyət kəsb edir. Tək bu il deyil, bundan sonra da Şuşa, Qarabağ, Zəngəzur ili kimi tariximizdə, həyatımızda mühüm rol oynayacaq illər olacaq. Çünki Şuşa tək mədəniyyət mərkəzi deyil. Bu şəhər Azərbaycanı dünyanın diqqətində daim ucada saxlayan bir dəyərdir.
Bunu Teleqraf.com-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.
O qeyd edib ki, Şuşa azərbaycançılığın, bütövlüyümüzün, tarixi ərazilərimizin gözəlliyinin bir simvoludur:
“Bu şəhər dövlətçilik atributları ilə bir səviyyədə olan xalqımızın tarixi, mənəvi yaddaşında daim uca olan məfhumdur. Hər kəs Şuşanı dünyada tanıtmaq üçün əlindən gələni etməlidir. Elm adamları, tarixçilər Şuşadan bəhs etməli, onun tarixi haqqında yazmalı, mədəniyyət nümayəndələri mahnılar, musiqilər, şeirlər əsərlər həsr etməlidir. Dünyanın başqa-başqa yerlərində Şuşa ilə bağlı ədəbi-bədii tədbirlər keçirilməlidir. Bu şəhəri dünyanın maraq obyektinə çevirmək üçün müxtəlif festivvalların keçirilməsi təmin olunmalıdır”.
Millət vəkili hesab edir ki, Şuşa həmçinin Azərbaycan xalqının birlik, həmrəylik paytaxtı kimi təbliği üçün də işlər görülməlidir:
“Ötən ilin yayında Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Şuşada təşkil edilən Xarıbülbül festivalında Azərbaycanda yaşayan bütün xalqların təmsilçiləri öz mədəniyyət nümunələri ilə çıxış etdi. Eləcə də dünya xalqlarını nümayəndlərinin iştirakı ilə Şuşada belə tədbirlər təşkil olunmalıdır”.
Musa Quliyevə görə, Şuşa Qarabağın azadlığının ən ucada dayanan bir simvoludur:
“Bununla bağlı bizim hər birimiz təbliğatla məşğul olmalı, gənc nəslə, uşaqlara bu tarixi şəhər haqqında ətraflı informasiyalar verməliyik. Artıq Şuşaya turlar başlayıb. Məktəblilərin Şuşaya gedişi təşkil olunmalı, hətta şagirdlərin bir gecə Şuşada qalması, bir dərs gününü orada keçirməsi olduqca təsirli ola bilər. Hətta orada Şuşa ilə bağlı məktəblilərin yaradıcılıq sərgilərinin təşkili də diqqət çəkən olar. Çünki Şuşa bir şəhərdən çox, bir dövlətin, millətin ruhunu daşıyan müqəddəs bir məkandır”.