Bu gün Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan Respublikası regionun lideri kimi dünya səviyyəsində aktiv fəaliyyət göstərmək imkanına sahib olan qalib dövlətdir. Bu çoxcəhətli fəaliyyət böyük iqtisadi inkişafı, milli mədəniyyəti, multikulturalizmi, enerji layihələrini, sivilizasiyalar, mədəniyyətlər və dinlərarası münasibətlərin təşkilini, regionda balansı saxlaya biləcək hərbi qüdrəti təmin etmək məsələlərini əhatə edir. Azərbaycanın regionda, ümumiyyətlə, dünyada söz sahibi olması, mövqeyinin qəbul edilməsi, zərgər dəqiqiliyi ilə hesablanmış balanslı siyasi kursun və diplomatiyanın ölkəmizə böyük siyasi dividentlər qazandırmasından qaynaqlanır. Son nəticədə isə bütün bunların hər biri Azərbaycan insanının rifahına xidmət edir. Həyat şərtləri, standartları, yaşayış normaları getdikcə daha da yüksəlir. İnsanların tələbatları, həyat tərzi yaxşı mənada dəyişir. Bu şəraitdə Azərbaycanın hüquq sisteminin müasirləşdirilməsi, vətəndaşların mənafeyinə cavab verən çoxsaylı qanun və qərarların qəbulu qanunvericilik təşəbbüsləri ilə sıx şəkildə bağlıdır. Aparılan böyük quruculuq işlərinin təkmil hüquqi bazasının yaradılmasına Azərbaycan parlamenti də mühüm töhfə verib.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, parlamentin qanunvericilik fəaliyyətinin mühüm bir istiqaməti cəmiyyət və dövlət həyatının bütün sahələrində ardıcıl surətdə və qətiyyətlə aparılan əsaslı islahatların hüquqi mexanizmini qurmağa yönəlib: “Ötən illər ərzində Azərbaycanın Milli Məclisi məhsuldar işləyib. Çox böyük əhəmiyyətə malik olan və mürəkkəb xarakter daşıyan qanunlar qəbul edib. Bu qanunlar Azərbaycanda müstəqil dövlətin inkişafı, iqtisadi islahatların aparılması, qanunun aliliyini təmin etmək, hüquqi dövlət yaratmaq üçün çox əhəmiyyətli olub. Milli Məclis əhalinin sosial müdafiəsi, mədəniyyət, elm və təhsilin inkişaf etdirilməsi, insan və vətəndaş hüquqlarının, azadlıqlarının qorunması məsələlərini daim diqqət mərkəzində saxlayıb. Eyni zamanda Azərbaycan dövlətinin xarici siyasətinin həyata keçirilməsində parlamentarilər beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin təbliği istiqamətində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Bir sıra ölkələrin parlamentləri ilə sıx əlaqələr qurulub ki, bu, dövlətlərarası münasibətlərdə əhəmiyyətli rol oynayır. Buraya qanunvericilik sahəsində əməkdaşlığı, təcrübə mübadilələrini də əlavə etsək, onda Azərbaycan parlamentinin, ümumilikdə, ölkəmizin beynəlxalq fəaliyyətində nə qədər vacib rol oynadığını görə bilərik”.
Millət vəkili bildirib ki, Milli Məclisinin beynəlxalq əlaqələrinin inkişafı baxımından da əhəmiyyəti böyükdür:
“Çox təəssüflər olsun ki, bu gün parlamentə qarşı əsassız çıxışlar səslənir və bu münasibət heç də xoş niyyətdən irəli gəlmir. Ölkədə həmrəyliyin və birliyin vüsət aldığı bir zamanda, qeyri-ciddi fikirlərin irəli sürülməsi parlamentin fəaliyyətinə kölgə salmağa cəhddən başqa bir şey deyil. Bütün bunlara baxmayaraq Milli Məclisi bundan sonra da üzərinə düşən məsuliyyətli missiyanı uğurla yerinə yetirməyə, dövlətin və xalqın maraqlarının keşiyində layiqincə dayanmağa çalışacaq. Parlament İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən mütərəqqi siyasi, iqtisadi və hüquqi islahatlara töhfə verənlərin öncüllərindən olacaq”.