18 Fevral 2022 16:19
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fazil bəy, son vaxtlar bölgədə separatçıların aktivləşmək istəmələri müşahidə olunur. Bu nədən qaynaqlanır?

- Bu amillər hələ də Qarabağda olan separatçıların rus sülhməramlılarına arxalanaraq sanki proseslərin hara getdiyini görməzdən gəlməsindən qaynaqlanır. Sanki onlar yenidən hansısa bir dövlət yaratmaq istəyirlər. Azərbaycan tərəfi də prosesləri diqqətlə izləyir. Biz gözləyirik ki, orada hansısa bir real addımlar atılmağa başlanılsın. Azərbaycan bu halların cavabını kifayət qədər ciddi bir şəkildə verəcək. Ona görə də hər hansı bir şəkildə "fəallıq” və bu istiqamətdə düşünülən addımlar qarşılıqsız qalmayacaq. Separatçılığın, terrorçuluğun inkişafına xidmət edəcək addımlar müşahidə ediləcəksə, Azərbaycan tərəfindən bu məsələyə çox sərt reaksiya veriləcək.

- Son dönəmlər onların bu şəkildə gündəmə gəlməsində xarici qüvvələrin rolu nə dərəcədədir?

- Azərbaycanın proseslərin və məsələlərin həlli ilə bağlı qarşı tərəfə vedrmiş olduğu şansı bunlar özləri üçün cəsarət hesab ediblər. Onlar elə bilir biz imkan vermişik ki, istədiklərini etsinlər. 44 günlük müharibə göstərdi ki, bizim qəfil həmlələrimiz olur. Sadəcə olaraq biz bu məsələlərin rus sülhməramlıları ilə həllinə üstünlük vermişik. Görünür Rusiyanın bu məsələdə mövqeyində müəyyən qədər yumşaqlıq hiss edilir. Ona görə də Ermənistan tərəfindən sülh istiqamətində konkret addımların atılmadığını görürük. Belə olan halda Azərbaycan özü bu addımları atacaq. Bu da Ermənistan üçün baha başa gələcək.

- Gedişata uyğun olaraq artıq Qərb reallığı daha düzgün formada analiz etməyə başlayıb. Son günlər NATO baş katibi və ATƏT sədrinin Prezident İlham Əliyevlə telefon danışığı aparması da bunun əyani sübutudur. Sizcə proseslər necə analiz olunmalıdır?

- Ötən gün ABŞ səfiri də qeyd edib ki, rus sülhməramlılarının burada qalma müddəti hamı üçün maraqlıdır. Qərb təşkilatları üçün də bölgənin gələcəyi bağlı düşündürücü məqamlar var. Ona görə də Azərbaycanın bu məsələlərdə önəmini artıq anlamağa başlayıblar. Çünki bilirlər ki, bölgədə əsas söz sahibi olan dövlət Azərbaycandır. Bu da ölkəmizin əhəmiyyəti ilə bağlı olan bir məsələdir. Bütün bunların nəticəsidir ki, məsləhətləşmələr Azərbaycan üzərindən aparılır. Bu da ölkə Prezidentinin nüfuzu ilə yanaşı dövlətimizin beynəlxalq arenada artan mövqeyi ilə bağlıdır. Azərbaycan hazırda beynəlxalq arenada Ukrayna və başqalarının nümunəsində öz problemini həll edən tək dövlət kimi gündəmdədir. Ona görə də Azərbaycana olan münasibət çox fəqlidir.


Müəllif: Tapdıq Qurbanlı