19 Fevral 2022 20:47
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Razi bəy, Avropa Parlamenti dünənki hesabatında yenidən Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsində ATƏT-in Minsk qrupuna istinad edib. Sizcə, Minsk qrupunu yenidən prosesə qatmaqda düşüncəsində məqsəd nədir?

- Avropa Parlamentinin dünənki hesabatında yenidən ATƏT-in Minsk qrupu, “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeganə vasitə” kimi göstərilir. Görünür onlar hələ də “Dağlıq Qarabağ” münaqişəsi adından istifadə edirlər. Bu da təbii ki, Ermənistana müəyyən stimul, motivasiya verir. Onlar üçün sanki bir ümid yaradır. Ona görə də yalnız bu məsələdə Azərbaycanın Ermənistanla sülh məsələsinə deyil, həm də beynəlxalq aləmin ölkəmizin yanında olmasına nail olmaq lazımdır. Əgər onlar doğurdan da Ermənistanın ağzına sümük atmasalar, dəstək durub bu kimi hesabatlar, bəyanatlar verməsələr Ermənistan daha tez sülh yoluna gələr.

- Ermənistanın gözləntisi nədən ibarətdir?

- İndiki halda Ermənistan hələ də ümidini üzmür. Düşünürlər ki, erməni lobbisi və digər ölkələr onlara kömək edəcək ki, “Dağlıq Qarabağ” münaqişəsi məsələsi olsun. Azərbaycan da məhz bu məsələni müzakirə etməyə razılaşsın. Təbii Azərbaycan Prezidenti bununla bağlı konkret mövqe bildirib. Xalqımızın da mövqeyi odur ki, onlara heç bir status verilə bilməz. Azərbaycan əgər onlara status versə idi, 30 il gözləməz, 3 min şəhid verməzdi. 10 milyonluq Azərbaycan xalqı, 50-dən yuxarı siyasi partiya, jurnalistlər, diasporumıu, bizim yanımızda olan dostlar durmadan hər gün bu məsələdən danışmalıyıq. Artıq problemi müharibə ilə həll etmişik. Bundan sonar heç bir statusdan söhbət gedə bilməz. Bimənalı mövqe məhz bundan ibarətdir. Bunu bəlkə də, hər gün müxtəlif dillərdə təkrarlamalıyıq ki, onların da beyinlərinə həkk olsun.

- Sülh prosesi nə vaxta qədər uzana bilər?

- Ermənistan indiki halda çalışır ki, prosesləri mümkün qədər uzatsın. Onlar Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. İqtisadi məsələlər üzərindən müəyyən proseslərin həllinə çalışırlar. Düşünürlər ki, kommunikasiyalar açılacaq və bir çox prosesləri irəli aparmaq olacaq. Ona görə də prosesin bir qədər uzanması mümkündür.

- Hansı təsirli addımlar atılmalıdır?

- Azərbaycan tərəfi Qabağda hələ də qalmaqda olan separatçılara təzyiqini daha da gücləndirməlidir. Eyni zamanda rus sülhməramlılarının oradakı gücü maksimum dərəcədə azaldılmalıdır. 5 ildən sonra isə heç bir güzəşt söhbəti olmamalıdır. Bununla istədiyimiz nəticələrin təmin olunmasına nail ola bilərik.

- Ermənistan parlamenti fevralın 23-də Şuşa Bəyannaməsini müzakirəyə çıxaracaq. Bu məsələdə onların narahatlığı nə ilə bağlıdır?

- Ermənilər yaxşı bilir ki, Rusiya nə zamansa onların arxasından çəkilməli olacaq. Çünki Rusiyanın başı öz problemlərinə qarışıb. Düşünürlər ki, yola gəlməsələr Azərbaycan silah gücü ilə onları yola gətirəcək. Ona görə də müxtəlif yerlərdə, platformalarda özlərinə güc axtarırlar. Bunun da bir səbəbi onların yenidən silahlanmağa çalışmaları, hələ də ərazi iddiaları ilə yaşamalarıdır. Azərbaycan isə təklif edir ki, sərhədlər müəyyənləşsin, ərazi bütövlüyü məsələsi qarşılıqlı şəkildə həll olunsun. Hətta Azərbaycan sərhədlərlə bağlı Ermənistana beynəlxalq qarantiya verir. Amma Ermənistan tərəfi bunu da istəmir. Bunun əksinə yenidən müharibə ritorikasına əl atmaq haqqında düşünürlər. Bu da qarşı tərəfin qeyri-səmimi olduğunu, öz çirkin iddialarında əl çəkmədiklərinin göstəricisidir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər